Kartofu xatırladan yerarmudu

Kartofu xatırladan yerarmudu
23:37 10 Aprel 2017
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yerarmudu çox güclü kök sistemi torpağın dərin qatlarında yerləşən çoxillik bitkidir, yeraltı zoğlarında ağ, sarı, bənövşəyi və qırmızı rəngli yeməli kökyumruları əmələ gəlir və torpağın altında qışlayır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Braziliyada yaşayan hindu qəbiləsi tupinambusun şərəfinə ona topinambur adı verilib və XVII əsrdə Fransaya gətirilib. Şimali Amerikada yabanı halda yetişən bitkinin Qüds ənginarı, bulba və barabolya adı ilə də tanıyırlar.

Avropalılar onu kəşf etməzdən əvvəl hindular onu mədəni formada yetişdirirdi və Avropaya gətiriləndən 20 il sonra İngiltərə bazarlarında satışa çıxarılıb. Hollandiyada isə onu yer ənginarı adlandırır və XVIII əsrdə kartofla səhv salırdılar.

Yerarmudu XIX əsrin ikinci yarısından etibarən Avropaya o qədər geniş yayıldı ki, bir çox ölkələr onu nəzarət siyahısına daxil edib. Əsasən münbit və günəş işığı bol olan torpaqlarda bitir, lakin şoran və zəif gün işığı düşən ərazilərdə da asanlıqla yetişir. Heyvanlar, o cümlədən dovşan, maral, qaban və sığın üçün qiymətli yem hesab edilir. İnəklər onunla qidalananda südün ifrazı və yağlılığı artır, toyuqlara verıləndə isə yumurtaqoyma tezləşir və çoxalır. Ona görə də gövdə və yarpaqlarından heyvanların qidalanması üçün silos hazırlanır.

Yerarmudu kimyəvi tərkibinə görə kartofa bənzəyir. Onun qida dəyəri tərəvəzlərdən üstündür, hətta yem çuğundurunda olduğundan iki dəfə artıqdır. Tərkibindəki inulin sayəsində bir çox toksiki maddələr orqanizmdən xaric olunur, həzm prosesi aktivləşir, ödün qovulması stimullaşır. Uzun müddət yerarmudundan istifadə edilməsi orqanizmin immun müqavimətini artırır, bağırsaq mikroflorasına müsbət təsir göstərir. Yerarmudu ürəkbulanmanı azaldır, qusmanı dayandırır, mədədə qıcqırmanın qarşısını alır, ağızda acılığı götürür, ağır metal duzları orqanizmdən xaric edir.

Bitkinin kökyumruları çiy şəkildə, qaynadılmış və qızardılmış halda yeyilir, ondan kompot, çay, salat və çipsilər hazırlanır. Kartofdan fərqli olaraq torpaqdan çıxarılmış kök yumrularını uzun müddət saxlamaq olmur və bunu yalnız soyuducuya qoymaqla etmək mümkündür. Yerarmudu öz dadını payızdan yazın əvvəllərinə qədər saxlayır. Bitkinin yumruları dondurulanda tərkibində olan inulin fruktozaya parçalanır və dadı şirinləşir.

İspaniya mətbəxində yerarmudundan hazırlanan xüsusi yemək var, Rusiyada isə digər tərəvəzlərlə bişirilən yerarmudu şorbası yeyilir, onu portağal sousu və dəniz məhsulları ilə birlikdə də hazırlayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR