Daşkəsəndə maskalı şəxslər yaşlı qadının yaşadığı
mənzilə basqın edib.
Publika.az xəbər verir ki, qadının əl qolunu
bağlayanlar onun qızıl üzüyü və nəğd pulu ilə kifayətlənməyib,
ağzındakı qızıl dişlərinə də göz dikiblər. Polis tərəfindən
saxlanılan quldurlar əvvəllər də dəfələrlə məhkumluq həyatı
yaşayıb.
Bu ilin fevral ayının 14-ü səhər saat 11-12 radələrində Daşkəsən
sakini Tamella Rzayevanın mənzilində quldurluq hadisəsi baş verib.
İki nəfər maskalı şəxs ev sahibinin əl-qolunu yapışqanlı lentlə
bağlayıb. Daha sonra evdə axtarış aparsalar da istədiklərini tapa
bilməyiblər. Gözləri Tamella Rzayevanın barmağındakı qızıl üzüyə
sataşan quldurlar qadının cibindəki 53 manatla kifayətlənməyib.
Tamella Rzayeva - zərərçəkən: "İstədim qapıdan
çıxım. Qapını açmaq istəyəndə bir nəfər bərk tutdu, bir nəfər isə
əl ayağımı bağladı. Hara tulladılar bilmədim. Barmağımdan kalso
üzüyü, cibimdən pulu, ağzımdan bu dişləri çıxratdılar.
Hadisə yerinə baxış keçirən Daşkəsən polisi çox keçməyib ki,
hadisəni törədənlərin izinə düşüb. Şübhəli şəxs olaraq rayon sakini
və Gəncə sakini saxlanılıb.
Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrilə 4 dəfə məhkumluq
həyatı yaşayan Rahib Əsədov etiraf etdiyi cinayətə özünə məxsus don
geyindirib. Tamella Rzayevadan bir neçə ay öncə sələmə pul
götürərək onun müqabilində qızıl üzük verən Rahib Əsədov üzüyü ala
bilmədiyindən evə basqın etdiyini iddia edir.
Rahib Əsədov - Saxlanılan şəxs: "Mən iki aylıq
ondan 270 manat alıb sələmə bir üzük vermişdim. O pulu dediyim
vaxtda verə bilmədim. 4 ay sonra gəldim üzüyü istədim vermədi. Buda
mənim pisimə gəldi. Bir gündə allah şeytana nəhlət eləsin getdim bu
cinayəti törədib barmağındakı qızılı götürdüm.
Rahibin cinayət ortağı Arzu İslamzadə də həbsxana həyatı yaşayıb.
Ayağından əlilliyi olan Arzu əldə etdiyi pulu müalicəsinə sərf
etməyi düşünürmüş.
Arzu İslamzadə - Saxlanılan şəxs: "Rahib təklif
etdi ki, belə bir iş var. Orada 70 min pul var, götürüb ayağını
müalicə edib həyatını dyişərsən. O da belə oldu".
Yaşlı qadının pulu ilə həyatlarını dəyişmək istəyənlərin indi
həyatı yenidən dəmir barmaqlıqlar arxasında davam edəcək. Polis
onların ətraf və şəhər rayonlarda oxşar əməllərini araşdırır. (ARB
Kəpəz)