Kinənin kəşfi

Kinənin kəşfi
08:47 11 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəşəriyyət əsrlər boyu taun, cüzam, vərəm və yatalaq kimi xəstəliklər qarşısında aciz qalıb və həmin xəstəliklər kütləvi tələfata səbəb olub. Lakin zaman-zaman aparılan axtarışlar, hansısa hadisə və ya təsadüflər nəticəsində bu və ya digər xəstəliyin çarəsi tapılaraq minləri, milyonları ölümün pəncəsindən xilas edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qızdırma uzun müddət "ölüm xəstəlikləri" siyahısında olub. Onun şəfasının tapılması isə qəribə bir təsadüflə bağlıdır.

... Perunun vitse-kralı qraf Sinxonun arvadı Fransiska ölüm yatağına düşmüşdü. İspaniya gözəlinin canını sarmış xəstəlik öz işini görürdü. Gənc qadının üzü titrətmə nəticəsində gah alışıb-yanır, gah da rəngi qaçır, solğunlaşırdı. Qadın gözləri ilə yalvarır, imdad diləyirdi. Artıq saray həkimi de Veqanın dərmanları da ona kömək etmirdi. Həkim başa düşürdü ki, dərmanlar qrafinyanın əzablarını ancaq yüngülləşdirə bilər, onu xilas etmək imkan xaricindədir. O vaxtlar Perunun paytaxtı Lima şəhərində xəstəliyə yoluxub dünyasını dəyişənlərin sayı minlərlə idi. Qurbanların sayı getdikcə artırdı. Qrafinyanı xilas etmək isə sıravi əsgər don Xuana nəsib olur.

Məsələ burasındadır ki, hadisədən iki il əvvəl yürüşlərin birində don Xuan titrətmə xəstəliyinə tutulur. Dəstə yoluna davam edir, Xuan isə kənddə qalıb ölüm saatını gözləyir. Bir kəndli qadın əsgəri ağır vəziyyətdə görüb yazığı gəlir, onu evinə aparır. Kinə ağacının qabığından cövhər hazırlayaraq Xuana içirir. Acı cövhərin təsiri nəticəsində əsgər tezliklə sağalıb həyata qayıdır.

Qrafinyanın xəstələnməsi xəbərini eşidəndə Xuan iki il əvvəl başına gələn hadisəni xatırlayır. Dərhal onu müalicə edən hindli qadının yanına yola düşür.

Don Xuan bir neçə gün sonra kinə qabığı ilə dolu kisəni çiyninə alıb saraya gəlir. Heç kəs onun qrafinyanı sağaldacağına inanmır, ona görə də ağac qabığının müalicə gücünü sınamaq qərarına gəlirlər. Əvvəlcə dərmanı qrafinyanın deyil, hospitallardakı əsgərlərin üzərində sınayırlar. Dərman inanılmaz təsir göstərir. Nəhayət, dərmanı qrafinya üçün də gətirirlər. Saray həkimləri yenə də onu bədgümanlıqla qarşılayırlar. Qrafinya içərisində acı şirə olan qədəhi dodaqlarına yaxınlaşdırır və möcüzə baş verir! Xəstəlik sürətlə geri çəkilir. Bir müddət keçir və qrafinya sağalır.

Bu hadisədən sonra möcüzəli ağacın qabığı qızıldan baha qiymətləndirilir, onun toxumlarını, hətta budaqlarını ölkədən kənara aparmaq ölümlə cəzalandırılır...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR