Çempionatını keçirmədiyimiz idman növündə milli komandamız varmış - İLGİNC DETALLAR

Çempionatını keçirmədiyimiz idman növündə milli komandamız varmış -   İLGİNC DETALLAR
12:27 11 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Çimərlik mövsümünə az qalır. Ancaq mövzumuz çimərliyin özü yox, çimərlik futbolu haqdadır. Bir qədər də konkretləşdirsək, Azərbaycanda olmayan bir şey-çimərlik futbolu haqda yazmağa çalışacağıq. 


Məlumat üçün qeyd edim ki, bu idman növü ölkəmizə 2008-ci ildən ayaq basmış sayılır. Elə həmin dönəmdə çimərlik futbolu geniş yayılmağa başladı, çempionatlar, turnirlər keçirildi. Qısası, hər şey qaydasında gedirdi. Hətta Bakıda Avropa kuboku kimi nüfuzlu yarış təşkil edildi və burada milli komandamız ilk beynəlxalq təcrübəsini qazanmış oldu. 


Milli komandamıza isə braziliyalı məşhur mütəxəssis Gugo Zlokkovik rəhbərlik edirdi. 


Bütün bunları xatırlatmaqda məqsəd var. Yəni sözügedən idman növü ölkəmizdə nə vaxtsa olub. Daha doğrusu, 2012-ci ilə qədər var kimi saymaq olardı. Elə AFFA-da Çimərlik Futbolu Federasiyasına yaxşı maliyyə ayırırdı. Ancaq bütün bunlar 2012-ci ilə qədər idi. 


Bundan sonra federasiya rəhbərliyi, daha dəqiq desək, Fərid Novruzi və Fərid Axundov qurumun işlərini biznes kimi idarə etməyə başladılar, işin mahiyyəti unuduldu və artıq dörd ildir ki, heç bir çempionat keçirilmir.


Bir zamanlar federasiyaya maliyyə ayıran, az-çox diqqət göstərən AFFA da sanki əlini çəkmiş kimi görünür. Yəni, büdcədən müəyyən vəsait ayrılır, ancaq həmin pulların aqibətiylə maraqlanan olmur. 


Bütün bunlara baxmayaraq, federasiya mövcudluğunu sürdürür. Bəs bu pullar hara və kimə xərclənir? Çempionatı keçirilməyən idman növünün federasiyasına ayrılan pulların necə deyərlər, arxasına kimlər keçir?


Rəsmi şəkildə bu suallara heç bir cavab verilməsə də, azacıq təhlil edəndə cavablar aydın olur. Məsələn, dörd ildir AFFA quruma vəsait ayırırsa və federasiya heç bir çempionat keçirmirsə, həmin pulların ayrılma və xərcləmə səbəbləri məlumdur. 


Siz anormallığın dərəcəsinə baxın ki, Azərbaycanda çimərlik futbolu çempionatı yoxdur, amma bu idman növündə milli komandamız var. Və ora ya futzal klublarından, ya da birinci dəstə təmsilçilərindən futbolçu cəlb edilir. O birinci dəstədən olan, oyunçular aya 200-300 manata oynayırlar.


Axı niyə? Səbəb? Müqayisə üçün qeyd edək ki, kasıb saydığımız Gürcüstanda 3 liqada çimərlik futbol çempionatı keçirilir - böyüklər, qızlar və yeniyetmələr arasında. Hətta "Dinamo Batumi" komandası üç il ard-arda çimərlik futbolu üzrə Çempionlar Liqasında iştirak edir. 


Türkiyədə isə çimərlik futbolunun 21 etapı keçirilir və bu etaplarda 300-dən artıq komanda iştirak edir.


Rusiyada 3 peşəkar liqa fəaliyyət göstərir və dəhşətli soyuqlara rəğmən, qışda da futbol oynanılır. Qazaxıstanda da 4 etapdan ibarət çempionat mövcuddur.


Baxıb utanmalı faktlardır, deyilmi? Oxucuları nəzərdə tutmuram. Fəridlər cütlüyünün idarə etdiyi federasiyanın rəhbərliyinə aiddir. 


Yeri gəlmişkən, bu yaxınlarda Gənclər və İdman Nazirliyinin keçirdiyi monitorinqin nəticələrinə görə, Çimərlik Futbol Federasiyası ən qeyri-işlək federasiyalardan biri seçildi. Bu, sadəcə biabırçılıqdır, insanların haqqına girməkdir.


Deyilənlərə inansaq, bu federasiyanın rəhbərliyində dindar şəxslər təmsil edilirlər. Ancaq əldə etdiyimiz məlumatlar göstərir ki, əslində, "dindarlar"ın məşğuliyyəti tamamilə başqa sahəymiş. Etik olmadığı üçün açıqlamağı lazım bilmirik. 


Belə məqamda AFFA-nın baş katibi Elxan Məmmədovun məsələyə müdaxilə etməməsi də maraq doğurur. Çimərlik futbol hakimləri beynəlxalq oyunlara təyinat alırlar. Amma necə gedib orada idarəçilik edirlər, o ayrı mövzudur. Çünki təcrübə yox, çempionat keçirilmir və sair. 


Doğrudan da bu federasiyanın fəaliyyəti heç kimə lazım deyilsə, ləğv edilməsi daha məqsədə müvafiqdir. Oraya ayrılan məbləği isə AFFA daha əhəmiyyətli layihələrə xərcləyə bilər. Şübhəsiz ki, indiki halda bütün bunların məsuliyyəti Çimərlik Futbolu Federasiyasıyla yanaşı, AFFA-nın da üzərinə düşür. Ən azı ona görə ki çempionat keçirməyən quruma illik vəsait ayırır.


Mənbə: ölkə.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionatn-kecirmdiyimiz-idman-novund-milli-komandamz-varm-t57504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR