Dostların ölüm-qalım mübarizəsi və başlarına gələn MACƏRALAR – FOTO/VİDEO

Dostların ölüm-qalım mübarizəsi və başlarına gələn MACƏRALAR – FOTO/VİDEO
13:33 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Gənc Qaskonlu Dartanyan və onun macəraları haqqında yəqin ki, çox eşitmisiniz, oxumusunuz. Bu, Aleksandr Dümanın çox məşhur əsəridir və dəfələrlə ekranlaşdırılıb. Yenidən Birinci kanal bu mövzuya müraciət etdi, 3 muşketyorun əhvalatı yenidən ekrana gəldi. Bu, bir məhəbbət, eyni zamanda 13-cü Lüdovik sarayının intriqalarının filmi idi. Biz burada muşketyorların rəhbəri Detervilini, ona sadiq dostlar Atos, Partos, Aramis və sonradan onlara qoşulan qasqonlu Dartanyanı, onun sevgilisi Konstansiya Bonasiyeni və nəhayət, kraliçanı görürük. Burada çox uzaqgörən kardinal Rişelye, onun əlaltısı Raşfor, Miledi və təbii ki, onların düşməninə çevrilmiş gənc çılğın Dartanyan yenidən öz macəraları ilə bizi sevindirir. Çox fərqli bir film alınıb, indiyə qədər çəkilən filmlərdən çox seçilir. Burada çalışılıb ki, klassika olduğu kimi saxlanılsın. Əgər birinci məşhur “3 muşketyor və Dartanyan” filmi müzikl idisə yenisi müzikldən uzaq, daha çox döyüş filmini xatırladır və reallığa daha yaxın çəkilib. Hesab edirik ki, bu yeni ekran əsərinin baxılmağa haqqı var.

Bir balaca serial haqqında sizə məlumat verək. Aktyor ifaları ümumiyyətlə çox uğurlu alınıb. Jıqınov çox yaxşı Dartanyan tapıb, Aramis çox maraqlı alınıb, Atos kədərlidir, Partos isə həyat eşqi ilə parlayan sadəlövhdür. Hadisələr Çexiyada, daha doğrusu, Fransanın həmin dövr mənzərəsini Çexiyada çəkiblər. Çox gözəl anturaj və çox gözəl mənzərə yaradılıb. Dartanyanı Rinal Muxametov oynayır. Çox enerjili, çılğın görünür. Doğrudur, ustalığı bəzi yerlərdə hələ hiss olunmur, lakin hesab edirik ki, yaşına görə çox uğurlu ifa göstərdi. Onun təbəssümü xüsusilə maraqlı görünür, əslində əsl Dartanyan bax belə çılğın təbəssümlü, gülərüz olmalıdır. Atos personaj kimi özünü cəlb edəndir. Yuri Çursin bu rolu çox uğurla oynayır və onun ifası yerində alınıb. Həm teatrda, həm də kinoda uğur qazanan aktyor burada da Atosu maraqlı çatdıra bilir. Aramisi Pavel Barşak təqdim edir. Çox dəqiq ifadır. Burada Fomenkov məktəbinin izlərini görürük, hər şey ölçülü-biçili təqdim olunur. Aktyor öz rolunun ifasından məharətlə gəlir və maraqlı alınır. Partos isə Aleksey Makarovdur. O da çox yaxşı oynayır. Jıqınov onda xüsusi bir həyat eşqi açıb. Çox gülməli komedik məqamlar qatıb və bu, ona yaraşır. Həm onun fiziki imkanları, həm də səmimi qəlbi Makarov tərəfindən məharətlə çatdırılır. Kardinal Rişelyeni Vasili Lanovoy oynayır.

Burada başqa nəsə deməyə ehtiyac yoxdur, çünki o, öz rolunun öhdəsindən çox ustalıqla gəlir. Jıqınov istəyirdi ki, Rişelyenin əvvəlki quruluşunda bir balaca dəyişiklik etsin. Məncə, o, buna nail oldu. Biz fərqli Rişelyeni görə bilirik və Lanovoy bu məsələdə işin öhdəsindən gəlir. XIII Lüdoviki isə Filip Yankovski oynayır. Onun aristokratik görünüşü filmə çox böyük müsbət enerji gətirir, amma filmdə bu aktyorla bağlı nəsə çatışmırdı. Çatışmayan cəhət isə ondan ibarət idi ki, aktyor ətrafdakılarla ünsiyyətə girə bilmirdi. Bu, onun gənc olması ilə bağlıdır. Ancaq görünüşcə XIII Lüdovik üçün çox uğurlu bir tapıntı idi. Anna Fstriskayanı isə Mariya Miranova oynayır. Onda kraliçaya yaraşmayan bir görkəm var. Qeyd edək ki, o hətta məhəbbət səhnələrini belə uğrusuzluqla ifa edir. Bekingemi oynayan Konstantin Lavronenka filmdə çox kiçik epizodlarda görünsə də bu epizodlarda yaddaqalan ifası ilə seçilir. Yanız sonda aktyor kimi öz ustalığını göstərə bilir. Miledi (Yekaterina Vilkova) çox fərqli, qarışıq hissləri olan qadındır. O, gah xüsusi hikkəsi olan, gah da çox yumşaq, yazıq bir qadındır. Eyni zamanda o qəddardır, amansızdır, isterikdir və kişilərə qarşı xüsusi bir nifrəti var. Çox ziddiyyətli bir obrazdır. Qeyd edək ki, Yekaterina Vilkova bu obrazı olduğu kimi çatdıra bilib və onun ifası uğurlu alınıb. Konstantsiye. Olduqca gözəl Anna Starşenbaum çox maraqlı ifası ilə bu rolu yaradıb. Demək lazımdır ki, ümumiyyətlə, aktyor ifaları çox yerindədir.

Həmçinin filmdə dialoqlar maraqlı alınıb. Doğrudur, vulqarizmə xeyli yer verilir, amma bu film indiki tamaşaçı üçün nəzərdə tutulubsa, bunu haradasa başa düşmək olar. İndiki tamaşaçının dili ilə danışaraq klassikanı təqdim etmək bu mənada çox maraqlıdır.

Habelə filmdə klip-montaj estetikasından istifadə olunub ki, bu da çox maraq doğurur. Kadrlar 10-15 saniyə davam edir. Aktyorlar bəzən həmin saniyələr ərzində kadrlarda qalırlar və yaradıcı heyət klip estetikası gətirməklə əslində filmə dinamika vermək istəyirlər. Bu isə yenilikdir, seriala da bu yeniliyin gətirilməsi olduqca uğurludur. Musiqi tərtibatı Aleksey Şiligin tərəfindən həyata keçirilir. O, müasir aranjimandan istifadə edərək dövrün mühitini yarada bilib. Natura - orta əsrlər qalaları, meşələr, görüntülər çox uğurlu seçilib. Bu mənada rejissor üçün də Çexiya uğurlu məkandır. Film özü-özlüyündə çox maraqlı alınıb. Məzmun haqqında danışmaq istəmirəm, çünki məzmun artıq sizə aydındır. Məzmunda elə ciddi dəyişiklik yoxdur. Əsas məsələ ondan ibarətdir ki, “3 muşketyor” əsəri bədii əsərdir və burada xüsusi qəhrəmanlıq yoxdur, xüsusi bir fövqəladə üsyan da yoxdur. Dəfələrlə ekranlaşdırılır və bir növ qəhrəmanlığa çağırış var. Azərbaycan ədəbiyyatında da elə əsərlə var ki, belə əsərlər məhz bu tipdə kult filmlərə çevrilə bilər. Sırf yeniyetmələr üçün nəzərdə tutulan seriallar kimi çəkilə bilər. Çünki Azərbaycanda bu gün yeniyetmələrin baxa biləcəyi, onları qəhrəmanlığa cəlb edən, onları döyüşə, məhəbbət uğurunda mübarizəyə sövq edəcək filmlərə ehtiyac var. Məsələn, filmdə Dartanyan öz sevgisi uğurunda mübarizə aparır. Nəzərə alsaq ki, yeniyetmələr öz sevgisi uğurunda mübarizə aparmaq, qəhrəmanlıq göstərmək istəyirlər, bu, onlar üçün maraqlı bir mövzu ola bilər və bu mövzunun fonunda bir tarixi təqdim etmiş olarıq.

Nəyə görə Azərbaycanın xalq dastanlarından biri bu şəkildə ekranlaşdırılmasın, serial şəklində təqdim olunmasın? Orada biz tarixi göstərə bilərik, həmin dövrün tarixi, habelə saray hadisələrini nümayiş etdirə bilərik. Eyni zamanda qeyd etdiyimiz kimi qəhrəmanlıq, məhəbbət macəralarını, insan münasibətlərini, dostluq, sədaqət, döyüş səhnələrini əks etdirə bilərik. Bütün bunların sintezi olanda təbii ki, serialın tamaşaçıya sosial mesajı da ötürülmüş olur. Azərbaycanda son illər çəkilən serialların sosial mesajları yoxdur. Mövzu əslində Fransız mövzusudur, hadisələr gerçəkdə Fransada baş verir, lakin rus kinematoqrafçıları bu filmdə həmin hadisələri o qədər ruslaşdırıblar ki, tamaşaçının heç ağlına da gəlmir ki, qəhrəmanlar fransızdırlar, hər şey Fransada baş verir. Bu, sanki bir rus əhvalatına çevrilir. Qısası məşhur bir əsərinin ekranlaşdırılmasını həyata keçirərkən onun sosial mesajının olmasını əsas götürmək lazımdır. Televiziyanın manipulyativ gücü çoxdur televiziya seriallarında identifikasiya prosesləri baş verir, tamaşaçı öz qəhrəmanına oxşamaq istəyir. Bu prosesdə biz o tamaşaçıya hansı qəhrəmanı və ya hansı serialı təqdim edirik. Bax, bu, çox böyük və eyni zamanda Azərbaycan televiziya tənqidçiləri qarşısında duran, həmçinin televiziyada çalışan yaradıcı heyətə ünvanlanmalı bir sualdır. “Dartanyan və 3 muşketyor” mövzusu 79-cu ildə çəkilib. Üstündən 35 il keçməmiş yenidən bu mövzuya qayıtmaq və bunu böyük bir büdcə ilə çəkməkdə təbii ki, bir məqsəd var. Məqsəd qeyd etdiyimiz kimi həmin sosial mesajdır və bu sosial mesaj – qəhrəmanlıq, sevgi, macəra, tarix, dövr, qəribə əhvalın yaranması – bütün bunlar Azərbaycan teleməkanı üçün də çox faydalı olardı.

Cəmiyyətin, iqtisadi çətinliklərin, sosial problemlərin təzyiqi ilə əyilən, özünü gücsüz hiss edən seyrçi üçün döyüşkən, haqq uğrunda savaşan, haqq-hesab çürüdən obrazı seyr etmək yaşantısı xüsusi həzz verir, onun gərginliyini boşaldır. Ekzotik görünüş, sevgi, romantika və tükürpədici döyüş boz gerçəklikdən insanı uzaqlaşdırmaqla sosialı fəallığı da azaldır. Yeni mənəvi dəyərlər sistemi yaradır və seyrçini bu sistemə tabe etdirir. Detektiv janrı daha çox dopinq, qavramanı stimullaşdıran qəhrəman kimi çıxış edir. Onun nəql fəndləri, süjet və personajları sevdirir. Standart araşdırma istintaq formaları yorucu olmur, əksinə psixoloji təsiri daha da gücləndirir.

Televiziyanın müəyyən qəhrəmanları tanıdıb və bir müddət onların davranışını, həyat tərzini, başlarına gələn müxtəlif hadisələri də özündə birləşdirən bütöv fabulaya malik olmayan, mozaik dramaturji model üzərində qurulmuş seriallar da televiziya məkanında özünə yer ala bilib. Eyni bir qəhrəmanların hər dəfə müxtəlif hadisələrlə üzləşərək ondan çıxış yollarını axtarmaları konkret seriya daxilində hadisə qurulması və onların ədəbi materialında müxtəlif janrlardan istifadə imkanlarını üzə çıxarmış olur. Melodrama, komediya və ailə dramı eyni bir vaxtda bir filmdə özünə yer ala bilir ki, bu da mürəkkəb dramaturji material kimi tamaşaçının marağını cəlb edir. Belə seriallar bir növ tamaşaçını hadisə əsirinə çevriməyərək ona ekran “azadlığı” verir və yalnız qəhrəmanların taleyini izləməyə həvəsləndirir. Belə tip teleseriallar daha çox gənclər, yeniyetmələr üçün nəzərdə tutulan ekran işlərində, həmçinin fantastik, detektiv janrlarda özünü göstərmiş olur. Teleserial dramaturgiyasının ideya yükünün ictimai əhəmiyyət daşımaması ilə insanları müəyyən illüziya aləminə daxil etməsi, real həyat problemindən uzaqlaşdırması, “xoşbəxt son” xəyalının təbliği və daha çox populyarlıq qazanması tamaşaçının sosial passivliyinə səbəb olmaqla ictimai şüura təsir etmiş olur. Serial qəhrəmanına ailə üzvü kimi yanaşan tamaşaçı onun taleyi ilə hər gün maraqlandığından, ixtiyarsız bunun iştirakçısına çevrildiyindən tamlıqla onun təsirinə düşür, bütün günü bu barədə düşünür.

Oyun marağı burada da tamaşaçını həyacanlandırır və o, müəyyən qəhrəmanın düşdüyü ekstremal vəziyyətlərdən, münaqişələrdən, ziddiyyətlərdən çıxış yolunu tapmasını izləyir.

Televiziyası üzərinə düşən ictimai vəzifələrlə yanaşı, statusundan irəli gələrək daşıdığı mənəvi tərbiyələndirmə, estetik zövq işində əlahiddə məsuliyyətini düzgün qiymətləndirərək primitiv işlərin ekrana çıxmasına imkan verməyərək, yaradıcı axtarışları stimullaşdırmaqla özünün keyfiyyətli audiovizual işləri ilə seçilməlidir. Rekreativ iş və onun parlaq nümunəsi olan serialın televiziya tamaşaçısını yeni qüvvə ilə silahlandırması, onun mənəvi cəhətdən zənginləşdirilməsi ilə bilavasitə məşğul olan sahə kimi ciddi icra olunmalıdır və hər bir primitiv ekran nümunəsinin yayımı ilə başa çatdığını güman etmək qeyri-peşəkar münasibət kimi aradan qaldırılmalıdır.

Arzu edərdim ki, bu tip seriallar bizdə də olsun. Sizi “Dartanyan və 3 muşketyor” serialına baxmağa dəvət edirəm. Bilirəm ki, izləyərkən çox fərqli hisslər yaşayacaqsınız. Birinci məşhur “Dartanyan və 3 muşketyor” serialından fərqli olaraq bu serial tamam başqa ab-havadadır, başqa ruhdadır. Bu ruhu hiss edəcəksiniz və uğurlu bir baxış olacaq. Hesab edirəm ki, serialdan qəribə bir təəssürat da alacaqsınız. Uğurlu baxışlar. “3 muşketyor” sizi gözləyir

Elçin Əlibəyli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/194613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR