Bakıda 600-700 manata satılan oyuncaqları kimlər alır? - ARAŞDIRMA - FOTO

Bakıda 600-700 manata satılan oyuncaqları kimlər alır? - ARAŞDIRMA - FOTO
14:22 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bir zamanlar Hindistanda, Misirdə dini inanc məqsədilə hazırlanan fiqurlara uşaqların marağının artması dünyaya oyuncaq sənayesini bəxs etdi. Düzdür, Azərbaycan nə eramızdan əvvəl, nə də eramızda bu prosesdən yararlana bilmədi. Belə ki, gəlirli sahə olmasına, tələbatın ildən-ilə artmasına baxmayaraq, sahibkarlarımız oyuncaq istehsalına maraq göstərmirlər. Nəticədə bazar bu gün xarici şirkətlərin, xüsusilə Çinin əlindədir. 

Dünya oyuncaq biznesi 

Beynəlxalq oyuncaq sənayesinin dövriyyəsi milyard dollarla ölçülür. 2013-cü ildə dünya üzrə oyuncaq bazarının gəliri 84,1 milyard dollar təşkil edib. 2011-ci ildə bu rəqəm 83,3 milyard dollar olub. Nəzərə alsaq ki, dünyada oyuncaq industriyasına hökmranlığı Çin edir, yəni isteshalın 80 faizi bu ölkənin payına düşür 4 oyuncaqdan 3-nün etiketinə "Made in China" yazılmasına təəccüblənməyə dəyməz. 

Ümumiyyətlə isə bazarın beş böyük istehsalçının - Mattel, Namco Bandai, Lego, Hasbro və Jakks Pacific şirkətlərinin sərəncamındadır. Onlar həm də əsas oyunçular hesab edilirlər. Konkret olaraq "Mattel"in 2015-ci ildə gəliri 5,2 milyard dollar təşkil edib. O ki qaldı satışların hansı ölkədə yüksək olmasına, araşdırmalar göstərir ki, övladına ən çox oyuncaq alanlar böyük britaniyalılardır. Bu ölkədə orta statistik vətəndaş hər il oyuncağa 508 avro xərcləyir. Rusiyada bu rəqəm 300, Amerikada 371, Fransada 358, Almaniyada 336, İtaliyada 187 dollardır. Maraqlıdır, Azərbaycanda orta statistik vətəndaş ildə oyuncağa nə qədər vəsait xərcləyir? Rəqəmi tapmağa çalışdıq.  

Oyuncaq  satışının pərakəndə ticarətdəki payı artıb 

İlk əvvəl rəsmi statistikaya müraciət etdik. Məlum oldu ki, belə bir hesablama yoxdu. Amma oyuncaq satışının pərakəndə ticarət dövriyyəsindəki həcmi yüksəlib. 2015-ci ildə oyun və oyuncaqların pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi  0,40 faiz, 2014-cü ildə 0,31, 2013-cü ildə 0,27 faiz olub. Bu, mineral suların pərakəndə ticarət dövriyyəsindəki payından cəmi 0,17 faiz aşağı rəqəmdir. Deməli, heç də kiçik dövriyyə deyil. Onu da qeyd edək ki, Azərbaycanda uşaqların sayı (0-18 yaşa qədər) 2 milyon 800 min nəfərdən artıqdır. Məsələyə bu tərəfdən yanaşdıqda da bazarın nə qədər rentabelli olduğu üzə çıxır. Sadəcə, məsələ odur ki, oyuncaq satışında xeyiri öz ölkəmizə deyil, xarici istehsalçılara veririk. Çünki bazar idxal hesabına formalaşıb. Bu barədə bir qədər sonra...

Sahibkarlar oyuncaq istehsalında maraqlı deyillər 

Azərbaycanda oyuncaq istehsalı ilə məşğul olan sənaye müəssisəsi yoxdur. Ümumiyyətlə, bu günə qədər bazarda yerli istehsala bir dəfə rast gəlinib. O da SSSR dövründə 1956-cı ildən Bakıda kukla fabrikində istehsal edilən bərk  plastik kütlədən olan kuklalar idi. Onların da ya saçları seyrək, ya da ayaqları əyri olurdu. Nəticədə valideyn pulunu göyə sovurmamaq üçün digər sovet ölkələrinin istehsal məhsullarını alırdılar. Müsətqillikdən sonra kukla istehsalı dayandı. Yeni yaranmış özəl sektor bu sahəyə maraq göstərmədi. Araşdırmalarımız göstərir ki, bu günə qədər oyuncaq istehsalı müəssisəsinin yaradılması ilə bağlı bir iqtisadi subyekt müvafiq orqanlara  müraciət etməyib. 

O səbəbdən də uşaqlarımız niyə xarici cizgi filmlərinin qərəmanlarını, keyfiyyətsiz Çin oyuncaqlarını sevərək böyüyürlər deyib, qınaq açmağımız yersizdir. Yerli sahibkarlarımız bu işə sərmayə yatırıb, daxili istehsalla məşğul olmaq istəmirlərsə, günah nə Çində, nə də idxalçılardadır. 

Milyardlar qazanmaq olar

İş adamlarının bu sahədən qaçma səbəbləri bəlli deyil. Çünki Azərbaycanda oyuncaq istehsalı üçün kifayət qədər potensial var. Xammal rolunu oynayan rezin, metal, ağac, lifli materiallar, plastik kütlə bunların  əksəriyyətinin istehsalı ilə məşğul olan zavodlar mövcuddur. Sektorun rentabelliyinə gəlincə, məşhur iş adamı Tay Uorner 2,4 milyard dollar sərvəti məhz oyuncaq ayı istehsalından qazanıb. Sıfırdan yaratdığı şirkətin ("Ty İnc"in) dəyəri 6 milyard dollardır. 

Yerli bazar və qiymətlər 

Yerli istehsalın yoxluğu oyuncaqların baha olmasına gətirib çıxarıb. Araşdırmalarımız göstərir ki, oyuncaqların dəyəri 5 manatdan başlayaraq 300, hətta bəzən daha yüksək məbləğə qədər gedib çıxır. Hazırda şəhərin ən bahalı oyuncaq dükanları "HUGS", "Gallery4kids", "Mothercare" hesab edilir. Məsələn, "Gallery4kids"  "My little horse" oyuncağının dəyəri  52, "Garanimals" oyuncağı 42, "Fisher Price" brendinə məxsus kiçik zebra atının dəyəri 311,80 manatdır. "Hot Wheels" şirkətinə məxsus oyuncaq maşın 191 manat təşkil edir. Qiymət cədvəlini uzatmaq da olar. "Gallery4kids"dən öyrəndik ki, 1000 manat dəyərində oyuncaqlar var. Bu dükanla müqayisədə "Mothercare" və "HUGS"də qiymətlər nisbətən ucuzdur və 15 manatdan başlayır. Diqqəti çəkən isə hər üç mağazada oyuncaqların əksəriyyətinin Çin istehsalı olmasıdır. Bahalı oyuncaq brendlərinin belə istehsal yeri Çindir. 

Adi mağazalarda da qiymətləri ucuz hesab etmək olmaz. Xüsusilə yumşaq oyuncaqlar, kuklalar bahadır. 40 sm uzunluğunda kuklanın dəyəri 18 manat təşkil edir. Təbii ki, burada keyfiyyətdən söz ola bilməz.   

Bütün bunlardan çıxış edib belə söyləmək olar ki, azərbaycanlı valideynlər də böyük britaniyalılardan geridə qalmırlar. Azı italyanlar qədər oyuncağa pul xərcləyirlər. 

Milli kuklalarımız xına məclislərinə gedir 

Uşaq oyuncaqları uşağın zehni, estetik, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə də kömək edir. Bu gün uşaqlarımız "Barbi"ni," Pitaçok"u, "Vinni-Puxu","Şreki" daha yaxşı tanıyırlar nəinki, "Cırtdan"ı, "Göyçək Fatma"nı, "Tıq-tıq xanımı". Sonuncular hazırda böyüklərin marağındadır. Belə ki, emalatxanalarda, evlərdə sifarişlə hazırlanan milli geyimdə kuklalardan daha çox xına mərasimlərində istifadə edilir. Həmin kuklaların dəyəri isə 20 manatdan başlayaraq 100 manata qədər yüksəlir. Bəzən kuklanın uzunluğundan asılı olaraq 600-700 manat da təşkil edir. 

Kimdən nə qədər oyuncaq almışıq? 

Gömrük Komitəsinin statistikasında oyuncaq idxalı bir neçə bölmədə təsnifləşdirilib. Məsələn, 2017-ci ilin yanvar ayında ölkəyə 996.40 min dollar dəyərində oyuncaqlar, oyunlar və idman inventarı, onların hissələrı, ləvazimatları idxal edilib. 2016-ci ilin analoji dövründə bu rəqəm  430.67 min dollar təşkil edib. 2015-ci ildə 7 618.17 min dollar dəyərində, 2016-ci ildə  19 725.87 dəyərində idxal reallaşdırılıb. Artım 258.93 faiz təşkil edib. Gömrük Komitəsində daha bir statistika mal qrupları üzrədir. 2016-ci ildə 972,3 ton yəni 2860,27 min dollar dəyərində üçtəkərli velosipedlər, samokatlar, pedallı avtomobillər və təkərli oyuncaqlar, kuklalar, uşaq arabaları, digər oyuncaqlar, 10225.71 min ədəd heyvanları və ya digər canlıları (insandan başqa) təsvir edən oyuncaqların idxalı reallaşdırılıb. 2014-cü ildə ölkəyə  80,9 ton oyuncaqlar, oyunlar, 1324,6 min ədəd  heyvanları və digər canlıları (insandan başqa) təsvir edən oyuncaqlar gətirilmişdi. Maraqlıdır ki, ixarc da reallaşdırmışıq. 2016-ci ildə xarici ölkələrə (Özbəkistan, Moldava, Belarusiya, ABŞ)  5.11 min ədəd (13.73 min dollar dəyərində) heyvanları və digər canlıları təsvir edən oyuncaq ixrac edilib. Bu da tranzit məqsədli olub.  

O ki qaldı hansı ölkədən nə qədər oyuncaq idxal etməyimizə, ötən il  Belarusiyadan 3.52 min ədəd (15,48 min dollar), Rusiyada 86,28 min ədəd (52,97 min dollar), Ukraynadan 23.24 min ədəd (45 min dollar ), Almaniyadan 2,87 min ədəd (27 min dollar) ABŞ-dan 31, 83 min ədəd (26 min dollar) heyvanları və ya digər canlıları (insandan başqa) təsvir edən oyuncaq almışıq. Əsas idxal bazarımız isə Çin olub. Çindən 8752.43 min ədəd yəni 5085.45 min dollar dəyərində oyuncaq almışıq.  
Yeri gəlmişkən, onu da bildirək ki, ən bahalı oyuncaq ticarətini Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı ilə aparmışıq. 1,2 min ədəd oyuncağın idxal dəyəri 23,5 min dollar olub. 

Leyla Əliyeva
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR