Ermənilərdən film çəkən türk rejissoru-Türkiyədə qadağan olunan filmdə siyasi atmacalar!

Ermənilərdən film çəkən türk rejissoru-Türkiyədə qadağan olunan filmdə siyasi atmacalar!
14:53 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Kinoşünas Könül Əlibəyli: "Erməni soyqırımı” ilə bağlı bir filmi təhlil etmək azərbaycanlı üçün çox çətindir, amma kinoşünas bunu bacarmalıdır!

Kinoşünas andı

Kino siyasət deyil, incəsənətdir. Amma təsssüf ki, bu gün kinoda siyasi atmacalara tez-tez rast gəlinir. Ən xırda festivallardan tutmuş, Amerika Kino Akademiyasının Oskar mükafatlandırma mərasiminə qədər hər yerdə bu izlərə rast gəlinir. Türkiyəli alman kinorejissoru Fatih Akının "Çapıq” filmi bu mənada müəmmalarla dolu olsa da, bu resenziyanı filmə siyasətdən uzaq bir kinoşünas gözü ilə baxdıqdan sonra yazmışam. Ermənilərə yazığı gələn azərbaycanlılardan olmasam da, bu filmdəki ermənilərə sadəcə kino personajı kimi baxmağa çalışmışam.Vətənpərvərlikdən doğan deyil, ürəkdən gələn real kəlmələrdən istifadə edəcəyimə söz verirəm.

Biblioqrafik təsvir

Tarixi dram janrında, erməni aktyorların oyunu ilə 2014-cü ildə rejissor, ssenarist, prodüser Fatih Akın tərəfindən çəkilən "Çapıq” filminin qısa məzmunu belədir. 1915-ci illərin Türkiyəsi, yəni Birinci Dünya Müharibəsi ərəfəsi təsvir olunur. O vaxtkı türk hakimiyyəti təhlükəsizlik naminə öz ölkəsində etnik təmizləmə aparmağa başlayır. Öldürülən minlərlə erməni arasından xilas olanlardan birinin- Nəzarət Manukyanın (fransız aktyoru Tahar Rahim) ölümlə apardığı mübarizə filmdə öz əksini tapır. Lakin bütün ailəsini itirən və aldığı "Kəsik” (filmin türkcə adı) yarasından sonra ömürlük danışmaq vərdişini itirən baş qəhrəman illər sonra öyrənir ki, sən demə, onun əkiz qızları da vaxtilə canlarını ölümdən qurtara biliblər və dünyanın hansısa nöqtəsində sağ-salamat yaşayırlar. Lakin harda?...necə?...kimlə?... Film boyu Manukyan da elə bu suallara cavab tapmağa çalışır və axtarışlar zamanı başına gələnlər filmin süjet xəttinə çevrilir.

Bu filmdə gördüklərimizdir. Bəs reallıqda? Həqiqətən də türklər erməni soyqırımını törədiblərmi? Yoxsa, bu da növbəti erməni uydurmasıdır? Əgər tarixi faktlara nəzər salsaq, görərik ki, bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu məsələ hələ də müzakirə olunur. Deyilənlər nə tam təsdiq olunur, nə də tam inkar… "Alman dəqiqliyi” şüarının vətənində yaşayan bir rejissor dəqiq olmayan hadisələri kinoya necə gətirə bilər? Bilər! Çünki sənədli yox, bədii oyun filmi çəkir.

Türkiyə "erməni soyqırımı” kəlməsini qəbul etmir, amma minlərlə erməninin öldürüldüyünü də inkar etmir. Daim ermənilərin yanında olan Fransa belə bir zaman erməni soyqırımının inkarı ilə bağlı məsuliyyəti öhdəsinə götürən qanun qəbul edib. Lakin bir müddət sonra qanunu ləğv edib. Qısası, "erməni soyqırımı”nın olmasına az qala ermənilər özləri də şübhə ilə baxırlar.

Subyektiv fikir

Filmin ən zəif cəhəti budur: Müəmma. Film cavabı verilməyən sualla başlayır. Türk hakimiyyəti qəfildən niyə erməniləri yığıb "dənləsin” ki? Rejissor müsahibələrində özünə belə bəraət qazandırır: "Mən siyasi film çəkməmişəm ki, türklərin erməniləri kütləvi şəkildə öldürməsinin səbəbini açıqlayam. Məni maraqlandıran bircə şəxsdir: Kasıb və sadə vətəndaş- Manukyan!”

Ümumi analiz

Filmin adı "Çapıq”dır. Elə bir çapıq ki, baş qəhrəmanın həyatını alt-üst edir. Əsirlikdə olduğu vaxt türk xəncəri Manukyanın boğazının elə bir hissəsinə dəyir ki, bu kəsik onun "ömürlük çapığına” çevrilir və nəticədə o, bir də heç vaxt danışa bilmir. Bu detallar filmin adının nə qədər yerində seçildiyinə bəraət qazandırır. Filmdə erməni rolunu oynayan əksər aktyorların həyatda da məhz əsl ermənilərdən seçilməsi məsələsində rejissorun fikri təqdirəlayiqdir. Çünki həqiqətən də ermənilərin simasında elə bir nüans, bəlkə də elə bir qəribə eybəcərlik var ki, onu heç bir irqdən və milliyətdən olan insanın simasında tapmaq mümkün deyil. Baş rol ifaçısı da həyatda fransız yox, məhz erməni olsaydı, bəlkə də bu film bu qədər təsirli alınmazdı. Sadəcə kiçik bir yalnış uzun illər keçməsinə baxmayaraq, ilk kadrlardakı gənc Manukyanla, son kadrlardakı Manukyan arasında fiziki cəhətdən güclü fərqin olmamasıdır. Ötən illər bir yana, yaşadıqları, yəni başına gələn faciələr Manukyanı bir gecədə min gecə qocaltmalı idi..

Struktural təhlil

100 il əvvəl- I DM müharibəsi ərəfəsində baş verdiyi iddia olunan tarixi hadisələrin kadrarxası mətnlə səslənməsi ilə başlayan filmin ilk epizodunda qayçı düzəldən usta Nəzarət Manukyanın iş prosesinin göstərilməsi zamanı onun tələbəsinin "usta, tapşırdığınız kimi türklərin üz ifadələrinə fikir verdim. Çox qatıdılar! ” deməsi iki millətin düşüncə tərzinin qarşı-qarşıya qoyulması, paradoksal nüansın elanı deyildir də nədir? Bəs bu film siyasi atmacaların yer aldığı bir film deyildi axı?

Ustanın düzəltdiyi qayçını 10 qəpiyə alan zəngin türk müştəri getdikdən sonra köməkçisinin Manukyana qayçını həmişə 8 qəpiyə satdığını xatırlatması və indi nədən baha satdığını soruşması türklərin torpağında yaşasalar da, ermənilərin türklərə nifrət bəslədiklərini göstərir. Daha sonra Manukyanın iş yerindən çıxaraq, yeniyetmə bir gəncə, ardınca kilsənin qarşısında əyləşən bir dilənçiyə qəpik verərək, sanki az əvvəl qazandığı haram puldan canını qurtarması və kilsəyə girərək, zəngin insanlara qarşı acıqlı olduğunu və pis davrandığı üçün özünü günahkar hiss etdiyini vurğulaması isə obrazın daxili aləmini açaraq, tolerant və humanist yanaşmanı təmin edir. Məktəbdən çıxan əkiz qızları - Lusine (Dina Fakhoury) və Arsinenin (Zein Fakhoury) ardınca gələn Nəzarət Manukyanın ad və soyadı yazılmış yaylığı ona hədiyyə etmələri, inanclı formada qəbul olunan ayrılığa işarə edir. Manukyanın qəfildən dayanıb qızlarına göydə uçan ağ leylək quşunu göstərməsi və "leylək quşunu görəni uzun səyahət gözləyir” deməsi, Lusinenin isə ona "bəs səyahətə birgə çıxacağıq?” sualı ilə müraciəti semiotik formada hadisələrin gedişatına öncədən işarə verir və paralel olaraq, valideyn övlad münasibətinin kritik bağlılığını göstərməyə çalışır.

Sonrakı epizodda süfrə arxasında toplaşan bütün ailənin ingilislərə qarşı vuruşan türklərin müharibəyə bəzi erməni kişilərini də aparmasını müzakirə etmələri, həmçinin müharibəyə getməkdə könüllü olmadıqlarını hiss etdirmələri ölümdən qorxan ailənin dramını nəql etməyə başlayır.

Rakelin öz ərinə sanki laylay oxuyub onu yatırtmasından sonra gecə yarısı qəfildən türk jandarmalarının qapını döyəcləyərək evə daxil olmaları və evin kişilərini müharibəyə aparmağa gəldiklərini elan etmələri, Manukyanın öz əvəzinə təklif etdiyi zinyət əşyasını alıb qapıya yaxınlaşan polisin rüşvəti almasına baxmayaraq, "Gəl!” deyə əmr etməsi protestin nəticəsizliyini göstərir.

Tələsik öz bəzədikləri yaylığı atasına çatdıran qızlardan Manukyanı vəhşicəsinə ayırıb qapıya itələyən türk polislərinin rəftarı insan hisslərinə zidd gedən müharibənin əks olunduğu filmin realistik üslubuna keçid verir.

Səhərdən gecəyə kimi ac-susuz açıq havada yol çəkmək üçün işlədilən erməni əsirlərdən birinin yerə yıxılması, növbəti fraqmentdə torpağa basdırılması müharibə şəraitinin amansız formasını tam çılpaqlığı ilə nümayiş etdirir.

Osmanlı elçisinin gecə vaxtı düşərgədə yatan 15-20 nəfər erməniyə yaxınlaşaraq, əvvəlcə onlara yemək üçün qaysı atması, sonra isə yüksək səslə "Ermənilərin törətdikləri bütün cinayətlər bağışlanacaq! Lakin sizdən kim ki, öz dinindən dönüb islamı qəbul edər və kəlmeyi-şəhadəti səsləndirərsə, dərhal azadlığa buraxılacaq!” deyə qışqırması filmin süjet xəttini bir daha rejissorun siyasi müdaxiləsinə gətirib çıxarır. "Ermənilərin törətdikləri bütün cinayətlər bağışlanacaq!” dedikdə, görəsən, o, nəyi nəzərdə tuturdu? Cavabı verilməyən suallardan növbəti biri kimi bu sual da filmi zəif qiymətləndirməyə səbəb olur.

Bu naməlum elandan sonra bir addım önə çıxan 2-3 ermənini digər ermənilərin "xain” deyə günahlandırması müsəlman-xristian qarşıdurmasının dini motivini qabardır.

Ermənilərin əsir kimi əl-qolunun bağlanması və qayalıqlara yaxın əraziyə gətirilərək, diz üstdə oturdulub üzü divara döndərilməsinə görə, az sonra gülləniləcəyini anlayanların "Onlara güllə sərf etməyin!” əmrini eşitdikdən sonra daha ağır zülmlə öldürüləcəklərini dərk etmələri filmin dramaturji dəhşətinin kulminativ həddini açır.

Bütün əsirlərin sıra ilə başlarının kəsilməsi və ən sona baş qəhrəman Manukyanın qalması, onun boğazına bıçaq dayayan türkün-Mehmetin (Bartu Küçükçağlayan) onu öldürmək istəmədiyi üçün qışqıraraq ağlaması və sonra özünü toplayaraq, türk əsgərinin təkidi, həm də silah gücü ilə bıçağı Manukyanın boğazına salıb onu üzü üstə yerə itələməsi tamaşaçını aldadaraq, faciənin sona çatdığına nişan verir. Əslində isə hər şey bu "kəsik”dən sonra başlayır.

Qatil olduğunu düşündüyü üçün üzgün halda əyləşən Mehmetin qəfildən Manukyanın nəfəs aldığını və bu an meyidləri soyan insanlardan birinin ona yaxınlaşdığını görüb sağ olduğu bilinməsi deyə "onu mən öldürmüşəm, o, mənimdir!” deyə qışqırması və yalandan Manukyanın ciblərini axtarmaqla nəzərləri öz üzərindən çəkməsi, filmin düyününü bərkidərək, izləyicini kulminativ hadisələrə hazırlayır. Bu fraqment eyni zamanda humanizmin irqsizliyini sübut edir.

Gecə düşüncə Mehmetin yenidən meyidlərin yanına gələrək, aralarında uzanıb qalan əl-qolu bağlı Manukyanı azad edib ona su içirməsi, "mən qatil deyiləm, oğurluq etdiyimçün tutuldum, sizi öldürüm deyə azad olundum” deməsi və onunla getməyi təklif etməsi modernizm üslubunun elementini aşılayaraq, gələcək üçün ümid doğurur.

Səhər açılınca hələ də qaçmağa çalışan Mehmet və Manukyanın yol quldurlarıyla rastlaşması və onlardan birinin Manukyanın boğazındakı çapığa baxıb "sən bir də heç vaxt danışa bilməyəcəksən!” deməsi, Mehmetin isə onların dəstəsinə qoşulmaq xahişi yaşamaq üçün hər mühitə uyğunlaşmağa hazır olan 2 insanın həyat mücadiləsini göstərir.

Bir zaman hazırladığı qayçını qiymətindən baha satdığı adamın araba ilə gəldiyini görən Manukyanın yenicə qoşulduğu quldur dəstəsi ilə yolu kəsib arabanı soymağa başlamaları, həmin zəngin adamın ona "biz yerliyik, söylə dostlarına bizi buraxsınlar” deyə yalvarması, Manukyanın isə sanki yenə də acığını çıxarcasına buna səssiz qalması düşdüyü mühitlə içindəki insanlıq hisinin mübarizə apardığı qəhrəmanın daxili məğlubiyyətinə işarə edir.

Bununla da Manukyanın onlarla sağollaşıb öz ailəsini tapmaq naminə yola düşməsi eks dramatik sonla yeni dramatik başlanğıcın kəsişdiyi nöqtəni göstərir.

Günlərlə ac, susuz yol gedən Nəzarət Manukyanın birdən halsızlaşıb yerə yıxılması ilə onun arvadı Rakelin (Hindi Zahra) miraj kimi gözünə görünməsi və ona qalxıb yoluna davam etməsini söyləməsi filmin magik elementi olub müəllifin fərdi üslubunun nisbi uğursuzluğuna doğru aparır.

Yolüstü xırda və cırıq çadırlarda ac-susuz və çirk içində halsız vəziyyətdə uzanıb qalan yüzlərlə insanı görən Nəzarətin onların arasında tanış bir simaya - qaynanasına rast gəlməsi, ondan ailəsinin böyük hissəsinin öldüyünü xəbər alması və Allahın heç də ədalətli olmadığını söyləyən o qadının əzab içində qıvrılaraq, Manukyandan onu öldürməsini xahiş etməsi, Manukyanın çətinliklə razılaşıb qolları arasında onu boğması və sonra ayağa qalxıb göyə, yəni Allaha daş atmağa başlaması, balaca daş parçası ilə qolundakı xaç işarəsini pozmağa çalışması qəhrəmanın Allaha və onun dininə qarşı olan etiraz üsyanını ifadə edərək, filmin irqi, dini ayrı-seçkiliyə qarşı olan tolerant mövqeyini ortaya qoyur.

Təslim olmadan yoluna davam edən qəhrəmanın gizlincə bir qatarın yük hissəsinə minib yol getməsi, səhər açılınca qatardan tullanıb kolluqlardakı tumurcuqları yeməsi və bu zaman araba ilə irəliləyən bir xeyriyyəçi kişi ilə rastlaşması, köçkünlər üçün sığınacaq yaradan bu ərəbin Manukyanı öz arabasında gizlədərək, Aleppoya keçirtməsi tamaşaçını növbəti hadisələrin cərəyan edəcəyi məkana yönəldir.

Səhər açılınca küçədə yaranan toplumun ingilislərin müharibədə qalib gəldiyini, türklərin məğlub vəziyyətdə geri qayıtdığını və əsirlərin azadlığa qovuşacağını hayqırmaları, ermənilərin geri qayıdan türk əsgərləri daşlayıb onlara ölüm arzulamaları, Manukyanın isə türk uşağının daş dəydiyi üçün gözünün partlamasını görməsi və əl saxlaması milliyətçiliyə qarşı çıxan obrazın humanist mövqeyini növbəti dəfə qabartmış olur.

Sığınacaqda Nəzarətin 6 il sonra öz şagirdi Levonla rastlaşması, şagirdinin ona qızlarının yaşadığını xəbər verməsi süjetin növbəti düyününü vuraraq, hər epizodda dəyişən əhval-ruhiyyə şkalasında növbəti pozitiv məqama çatır.

Qızlarının axtarış xəbərini qəzetə verib ümidlə gözləyən Manukyanın sığınacağın yiyəsi Ömər Nəsrəddinlə halallaşıb Livana doğru hərəkət etməsi, orda bir-bir bədəvilər və köçkünlər üçün yaradılmış məktəbləri gəzib əkizlərini axtararkən divardan asılmış fotoda qızlarını görməsi növbəti ümid qığılcımını yaradır.

Ordan Kubaya, sonra, Minneapolisə, Cənubi Dakotaya, ordan da Rusoya keçib tam əlini üzmüş halda yol gedərkən bir axsayan qadını- yəni qızı Lusineni görməsi və onların qovuşması, Lusinenin atasını öz bacısı Arsinenin qəbri üzərinə aparması filmin finalı olub hadisələrin nöqtəsini qoyur.

Yekun

İrqindən, dinindən, dilindən və milliyətindən asılı olmayaraq, hər bir şəxsə ayrı bir fərd kimi və ən əsası humanistik çərçivədən yanaşmağın təbliği filmin əsas məzmununu təşkil edib təqdirəlayiq bir iş hesab oluna bilər. Film mükəmməl humanizmə çağırış loqosu sayıla bilər. Filmin mövzusu əsrlər, minillər boyu aktuallığını itirməyəcək dərəcədə vacibdir. 10 ballıq şkalaya əsasən film 6 balla qiymətləndirilə bilər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/194627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR