Dördüncünün dörd adaxlısı - "Neftçi" evdə qalır...

Dördüncünün dörd adaxlısı - "Neftçi" evdə qalır...
14:57 11 Aprel 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan futbolunda mövsümün sonuna Premyer Liqanın üç turu və kubokun finalı qalsa da, avrokuboklara 4 vəsiqədən üçü sahibini tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dördüncü vəsiqənin taleyinə məhz çempionatın oyunları aydınlıq gətirməlidi.

Finişə üç tur qalmış yeganə sahibsiz vəsiqənin 4 iddiaçısı var. "Qarabağ", "Qəbələ" və "İnter"ə qoşulmaq uğrunda "Zirə", "Sumqayıt", "Kəpəz", "Neftçi" mübarizə aparır.
 
Düzdü, qitə miqyaslı turnirlərdəki 3 təmsilçimizdən yalnız "İnter"in Avropa Liqasına üz tutacağı dəqiqdi. Digər iki komandadan biri bu yarışda, digəri isə Çempionlar Liqasında çıxış edəcək.
 
4-cü vəsiqənin sahibi də Avropa Liqasında qüvvəsini sınayacaq. Bu komanda Premyer Liqada 4-cü yeri tutacaq klub olacaq. Təbii ki, söhbət idman prinsiplərindən gedir və hər hansı klubun lisenziya alıb-almamağı hələ müzakirə mövzusu deyil. Hər şeyin qaydasında olacağı halda, iki Bakı klubu Gəncə və Sumqayıt təmsilçisi ilə mübarizəni sonadək davam etdirəcək.
 
Bu iddiaçıların qarşıdakı turlarda keçirəcəyi oyunların təqviminə nəzər salıb, "adaxlılar"ın şanslarını dəyərləndirmək mümkündü.
 
1. "Zirə" - 32 xal
Hazırda 4-cü pillədə qərarlaşan "Zirə" Avropaya ən yaxın olan komandadı. Qəsəbə təmsilçisi üç oyundan ikisini əsas rəqibləri "Sumqayıt" və "Neftçi" ilə keçirəcək. "Gənclik şəhəri"ndəki qarşılaşma daha önəmlidi. Səfər matçında ən yaxın izləyicisi üzərində qələbə Ayxan Abbasovun avrokuboklarda debütə yaxınlaşdıracaq. Son turda autsayder AZAL-la görüşəcəyindən zirəlilərə növbəti iki matçda mövqeyini qorumaq lazımdı.
 
15.04.2017. "Sumqayıt" (s)
23.04.2017. "Neftçi" (e)
29.04.2017. AZAL (s)
 
2. "Sumqayıt" - 31 xal
"Zirə" kimi "Sumqayıt"ın da taleyi öz əlindədi. Qarşıdakı üç matçdan ikisini evdə keçirəcək Samir Abasovun yetirmələri öncə əsas rəqibini sınağa çəkəcək. "Zirə" üzərində qələbə sumqayıtlıları Avropaya vəsiqə verən 4-cü sıraya daşıyacaq. Bundan sonrakı işi daha çətin olan "Gənclik şəhəri" təmsilçisi liderlərlə matçlarda mövqeyini qorumalıdı. Lakin artıq növbəti turda "Qarabağ"ın çempionluğu rəsmiləşdirməsi "Sumqayıt"ın işinə yaraya bilər. Əgər belə olsa, Abasovun yetirmələri son iki turda ciddi çətinlik çəkməyəcək. Çünki rəqib üçün görüş formal xarakter daşıyacaq.
 
15.04.2017. "Zirə" (e)
23.04.2017. "Qarabağ" (s)
29.04.2017. "Qəbələ" (e)
 
3. "Kəpəz" - 27 xal
Ardıcıl 2-ci dəfə qitə miqyaslı turnirlərdə iştirak xəyalı ilə yaşayan "Kəpəz"in şansları nəzəridi. Onlar "Zirə" və "Sumqayıt"ın hərəsinin ən azı 2 matçda xal itirməsini, bunların birində uduzmasını arzulamalıdı. Hətta bunun da yetərli olmaması mümkündü. Şahin Diniyevin yetirmələri isə öz növbəsində 3 qələbə qazanmalıdı. AZAL-la səfər oyununda real sayılan qələbənin ev oyunlarında qazanılması asan olmayacaq. Hər iki rəqib mükafatı təmin etsə də, "İnter"dən fərqli "Qəbələ" Gəncəyə çempionluq mübarizəsi bitməmiş yollanacaq.
 
16.04.2017. "Qəbələ" (e)
23.04.2017. AZAL (s)
29.04.2017. "İnter" (e)
 
4. "Neftçi" - 26 xal
Tarixinin ən uğursuz dövrlərindən birini yaşayan və 80 illik yubileyində fiaskoları sıralayan "Neftçi"nin evdə qalması artıq bu həftə, növbəti turda rəsmiləşə bilər. "Zirə"nin Sumqayıtda qələbə qazanmasından sonra "ağ-qaralar" "əlvida, Avropa" deməlidi. Çünki zirəlilər şəxsi oyunlarda üstün olduğundan Elxan Abdullayev avrokubok görməyəcək. Düzdü, "ağ-qaralar" üçün təqvim də münasib sayılır. Öncə autsayder AZAL-la, son turda böyük ehtimalla çempionluğu təmin edən "Qarabağ"la ev görüşlərində 6 xal qazanılması realdı. "Zirə" ilə şəxsi oyunda da qalib gəlmək mümkündü. Lakin 9 xal qazanılsa belə, "Neftçi"nin cari mövsüm üzləşdiyi uğursuzluqlar Avropa yoluna maneə çəkəcək. Nəzəri şansları gündən-günə azalan bakılılar istənilən turda bu xəyalla vidalaşmağa hazır olmalıdı.
 
15.04.2017. AZAL (e)
23.04.2017. "Zirə" (s)
29.04.2017. "Qarabağ" (e)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR