Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunu

Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunu
15:08 11 Aprel 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2018-ci ildə postundan gedəcək. Onun yerinə isə hazırkı müdafiə naziri Viqen Sarkisyan gələcək.

Publika.az
xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.

Qəzet mənbələrə istinadən qeyd edir ki, müdafiə naziri postunda Viqen Sarkisyanı Ermənistanın polis rəisi Vladimir Qasparyan əvəz edəcək.

Bu, təsdiqlənməmiş məlumatlar olsa da, Erməniastanda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən siyasi prosesər fonunda diqqət çəkir.

Viqen Sarkisyan Serj Sarkisyanın varisi hesab olunur. Təsadüfi deyil ki, parlament seçkilərində hakim Respublika partiyasının namizədlər siyahısına məhz o, rəhbərlik edirdi. Aprel döyüşlərində məğlubiyyətdən sonra Rusiyaya yaxın Seyran Ohanyanı istefaya göndərdi, əvəzində Viqen Sarkisyanı gətirdi. Lakin bu təyinat Rusiyanın adamı olan, “Qazprom”un əməkdaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsindən sonra həyata keçirilmişdi. Sarkisyan bununla Rusiyanın İrəvanda kadrlarını yerləşdirmək gedişinə qarşı əks-həmlə etdi.

Viqen Sarkisyanın xarici siyasətə təsiri ehtimalı ilk dəfə fevralın 20-də gündəmə gəldi. 21-22 fevral tarixində Moskvaya səfər edən xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də Müdafiə Nazirliyində ordu rəhbərliyi ilə görüşmüşdü. Bu, fevralın 25-də erməni hərbi birləşmələrinin cəbhədə təxribat hücumuna hazırlığı hesab olunurdu.

Qarabağ üzərində yeni oyun, yaxud erməni hücumunun gizli hədəfləri - TƏHLİL



Lakin həm də Sarkisyanın varisinin xarici siyasətə təsirinin ilk həmləsi idi.

Viqen Sarkisyanın xarici siyasət idarəsinə rəhbərlik edəcəyinə dair informasiyalar Ermənistanda parlament seçkiləri ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin məlumatı yada düşür.

“Moskva İrəvanda təsir dairəsini gücləndirmək üçün Sarkisyanın aparatında müxtəlif gücləri ələ alır. İnformasiyalar var ki, xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli görünmür. Çünki o, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür”, - deyə “Stratfor” yazırdı.

Hesab etmək olar ki: Sarkisyan Rusiya ilə qohumluq əlaqələrinə malik olan Edvard Nalbanydanı göndərir, yerinə isə “Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edən” Viqen Sarkisyanı gətirir; beləliklə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarının qarşısını almaq gedişi edir.

Bu, İrəvanda Qarabağ üçün rus planının tətbiq olunacağı qorxusunun qaldığını göstərir. Hansı ki, ruslar ilkin mərhələdə işğal altındakı 5 rayonun qaytarılmasını, ardınca qaçqınların qayıdışını, sonra iki rayonun qaytarılmasını nəzərdə tuturdular. Moskvanın əsas istəyi isə rus ordusunu sülhməramlı adı altında Qarabağa yeritməkdir. Ən son mərhələdə isə Qarabağın yekun statusu müzakirəyə çıxarılır.

Sülhməramlıların Qarabağa yerləşdirilməsi əlverişli olmasa da, Bakı münaqişənin “ölü nöqtə”dən tərpənməsi üçün bu planı müzakirə etməyə hazırdır. Lakin Sarkisyan hakimiyyəti üçün bircə rayonun belə qaytarılması siyasi iqtidarın əldən getməsi ilə nəticələnə bilər.

Burada daha bir ehtimal ön plana çıxır: Ermənistan seçkidən sonra de-yure olaraq, parlament üsul-idarəsinə keçdi, bu keçidin de-fakto reallaşması isə 2018-ci ildə, Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra olacaq. Rusiya 2018-ci ildə baş nazir Karen Karapetyanın timsalında İrəvanda hakimiyyəti tam olaraq ələ keçirəndən sonra Qarabağ planının həyata keçirilməsinə start verəcək. Sarkisyan da Viqeni xarici siyasət idarəsinin başına gətirməklə, rusların gələcək həmlələrinə qarşı “barrikada”lar qurur.

Asif Nərimanlı

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR