Deputatlarımızdan ermənilərə ÇAĞIRIŞ: “Sizi Sarkisyan əlindən xilas edəcəyik”

Deputatlarımızdan ermənilərə ÇAĞIRIŞ: “Sizi Sarkisyan əlindən xilas edəcəyik”
18:53 11 Aprel 2017
343 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.

Publika.az xəbər verir ki, ölkə ictimaiyyəti 2017-ci ilin birinci rübündə Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndiyini vurğulayır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin keçirdiyi müşavirənin nəticələri yüksək qiymətləndirilir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin keçirdiyi bu cür müşavirələr artıq ölkədə müsbət ənənənə halını alıb:

“Möhtərəm Prezidentimizin iştirakı ilə Nazirlər Kabinetinin üç, altı aylıq və bir illik hesabat müşavirələri keçirilir. Bu, görülən işlərin yekun təhlili və qarşıda duran məsələlərin müzakirəsidir. Eyni zamanda bu, dövlətimizin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə nəzarətdir”.

Deputat deyib ki, Prezidentin keçirdiyi müşavirələr ayrı-ayrı məmurların öz işinə daha məsuliyyətli yanaşmasını təmin edir:

“Hər birimiz şahid oluruq ki, cənab Prezident iclaslarda bütün məsələlərə toxunur, onunla maraqlanır. Ölkə başçısı üçün bütün sahələrdə görülən işlər prioritetdir. Müşavirələrdə təkcə əhalinin sosial-iqtisadi vəziyyəti deyil, eyni zamanda ictimai-siyasi durumu da müzakirə olunur. Ölkəmizin daxili və xarici siyasətində əldə olunan nailiyyətlərə və uğurlara nəzər salınır. Bunun ölkəmiz üçün olan nəticələri və faydaları müzakirə edilir. Cənab Prezidentin də söylədiyi kimi, bu ilin üç ayı ərzində 7 ölkənin dövlət başçısı Azərbaycana səfər edib. Eyni zamanda, Azərbaycanda keçirilən Qlobal Bakı Forumu çərçivəsində 40-a yaxın tanınmış dövlət adamları, indiki və keçmiş prezidentlər ölkəmizdə səfərdə olub”.

M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı səsləndirdiyi iradlar müvafiq qurumlara xəbərdarlıqdır:

“Azərbaycanın daxilində və xaricində təxribatçı qruplar mövcuddur. Həmin qruplar neftin qiymətinin aşağı düşməsi ilə Azərbaycanda qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Azərbaycan əhalisinin həssas təbəqəsi içində çaxnaşma yaratmaq istəyən qüvvələrə qarşı da cənab Prezident öz fikirlərini bəyan edib. Baxmayaraq ki, dünyada neftin qiyməti ucuzlaşıb. Ancaq Azərbaycanın həyata keçirmək istədiyi dövlət layihələrinin heç biri dayanmayıb. Bu layihələr plana uyğun olaraq zamanında təməli qoyulur və ya istifadəyə verilir”.

Milli Məclisin digər deputatı Elman Məmmədov isə bildirib ki, ölkə başçısı hər zaman olduğu kimi, son müşavirədə də Dağlıq Qarabağ məsələsinin həllinə xüsusi önəm verdiyini ortaya qoyub:

“Cənab Prezident hər zaman Qarabağ məsələsini Azərbaycanın bir nömrəli problemi kimi qaldırır. Ötən gün keçirilən müşavirədə də Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyi ortaya qoyulub. Bizim uğurlarımız artdıqca, Azərbaycan bütün sahələrdə gücləndikcə, düşmən ölkə daha da küncə sıxılır, danışıqlar masası arxasında oturmağa məcbur edilir, düşmənin beynəlxalq konvensiyalara zidd olan bütün qəbuledilməz hərəkətləri ifşa olunur. Buna misal olaraq, bu yaxınlarda Dağlıq Qarabağda təşkil edilən qondarma “referendumun” dünya ölkələri tərəfindən qəbul edilmədiyini göstərmək olar. Həmçinin, Ermənistanda bu yaxınlarda keçirilən parlament seçkiləri zamanı biabırçılıqlar, Avropa və Amerika qurumlarından buna verilən rəylər onu göstərir ki, bu ölkədə mövcud olan hərbi-siyasi rejim erməni xalqını da işğal və zəbt edib. Bütün bunlar cənab Prezidentin də çıxışlarında əksini tapıb”.

Deputat deyib ki, Azərbaycanın bu gün Cocuq Mərcanlı kəndində apardığı tikinti-quruculuq işləri həm işğalçı Ermənistana, həm də onun havadarlarına mesajdır:

“Bu mesajla cənab Prezident deyir ki, biz tezliklə bütün ərazilərimizi işğaldan azad edəcəyik, orada Cocuq Mərcanlıdan da yüksək işlər görüləcək, bütün infrastruktur bərpa olunacaq. Bu həm də Dağlıq Qarabağda yaşayan ermənilərə çağırışdır ki, gedib özünüzə gün ağlayın. Bir baxın görün, son 25-26 ildə həmin ermənilər nə günə düşüb, nə səviyyədə yaşayır? Həmin ermənilər Azərbaycanda gedən inkişaf və quruculuqla bərabər gedib öz yaşayış səviyyələrinə və dolanışıqlarına baxıb nəticə çıxartmalıdır. Azərbaycan erməni xalqına mesaj verir ki, ağıllı olsanız, biz sizi Serj Sarkisyan kimi cinayətkarların əlindən xilas edəcəyik və sizə də yaxşı şərait yaradacağıq”.

E.Məmmədov qeyd edib ki, Ermənistan nə qədər cığallıq edib özünü xristian dünyasının tərbiyəsiz və ərköyün üzvü kimi aparsa da, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edəcək:

“Bu zaman Ermənistanın havadarları da məcbur olub işğalçını bizimlə danışıqlar masası arxasında oturmağa və bizim şərtlərimizlə razılaşmağa məcbur edəcək. Bizim şərtlərimiz isə açıq və aydındır. İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır, ərazi bütövlüyümüz təmin olunmalıdır. Yalnız bundan sonra Azərbaycan Türkiyə, Gürcüstan, İran və Rusiya ilə olduğu kimi, Ermənistanla da mehriban qonşuluq münasibətləri yarada bilər. Onsuz da Ermənistanın yeganə çıxış yolu məhz budur. Əgər Ermənistan bir dövlət kimi yaşamaq, ermənilər isə xalq kimi düşdüyü səfalətdən xilas olmaq istəyirsə, Azərbaycanla normal münasibətləri olmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, təbii ki, Türkiyə ilə münasibətlər bərpa olunacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR