Xüsusi Fondda qorunan antik əşyalar - REPORTAJ

Xüsusi Fondda qorunan antik əşyalar - REPORTAJ
18:54 11 Aprel 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda zərgərlik sənəti hər zaman orijinallığı ilə seçilib. Bu, bütün tarixi dövrlərdə özünü göstərib. Arxeoloji qazıntılar zamanı tapılmış zərgərlik məmulatları bunun bariz sübutudur. Milli Tarix Muzeyinin Xüsusi Fondunda isə qiymətli metallardan hazırlanan eksponatlar qorunur.
 
APA TV-nin məlumatına görə, fond materiallarının əsas hissəsini arxeoloji eksponatlar, qadın və kişi zinət əşyaları, tanınmış şəxsiyyətlərə məxsus əşyalar, müxtəlif məişət əşyaları və numizmatik materiallar təşkil edir. Xüsusi fonda 2009-cu ildən rəhbərlik edən Afət Rüstəmbəyova bildirib ki, fondda saxlanılan eksponatlardan ən qədimi e.ə. 4-cü minilliyə aiddir: "Xüsusi fondda 1700-dən artıq eksponat saxlanılır. Onlardan 130-u arxeoloji qazıntılar zamanı tapılmış qızıl, gümüş əşyalardır. Uzun müddətdir bu etnoqrafik materialları bərpa edirik. Bərpa etməyə başladığımız arxeoloji qızıllar miladdan əvvəl VIII-VI əsrlərə aiddir".
 
Qədim dövrə aid bəzək əşyalarının bərpası prosesinə təxminən 2009-cu ildən başlanıb: "Təxminən 100-dən artıq eksponatı bərpa etmişik. Vaxtaşırı bərpa olunmuş eksponatları sərgiləyirik. Amma əsasən, bərpa olunan eksponatların dərisi, metalı çox zədələnmişdi və ona 2-ci həyat verəndən sonra qutulaşdırıb, saxlayırıq".
 
Muzeydə antik dövrə aid çox sayda bəzək əşyası mühafizə olunur. Bu günlərdə eksponatların sırasına daha biri əlavə olunub. Belə ki, 1946-1953-cü illərdə Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan e.ə. VIII-V əsrlərə aid qızıl sırğalar bərpa olunub və xüsusi fonda təhvil verilib.
 
Muzeyin bərpa laboratoriyasında da olduq. Bərpaçı dizayner Vüqar Xudaverdiyev bildirdi ki, bərpa prosesi bəzən aylarla çəkə bilər. Məsələn, kəmərlərin bərpası. Tapılan materiallar əvvəlcə tozdan, daha sonra eroziyaya uğramaması üçün xüsusi kimyəvi məhlulla təmizlənir. Tərkibi müəyyən edildikdən sonra isə artıq bərpa prosesi başlanır. Qızıl sırğalar 20 günə bərpa olunub.
 
Laboratoriyada bərpası nəzərdə tutulan materialların sayı isə çoxdur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR