Elmar Məmmədyarov polşalı nazirləri qəbul etdi

Elmar Məmmədyarov polşalı nazirləri qəbul etdi
19:33 11 Aprel 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşlərdə hər iki ölkənin limanları və tikinti üzrə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. E. Məmmədyarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və görülən işlər barədə ətraflı danışıb. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun imkanları, eləcə də yaxın gələcəkdə logistika sahəsində nəzərdə tutulan irimiqyaslı layihələrdən bəhs edib.

Marek Qrabarçık gəmilərin tikintisi və balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məsələlərinə toxunub və Polşanın təcrübəsini bölüşüb. E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən, xüsusilə Şimal-Cənub dəmir yol xəttinin Polşanın limanlarına çıxış imkanlarından söz açıb. M. Qrabarçık dəniz limanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün azərbaycanlı həmkarlarını Polşaya dəvət edib. İnfrastruktur naziri Andjey Adamçik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Polşa üçün də maraq kəsb etdiyini qeyd edib və Azərbaycandan olan tərəf-müqabilləri ilə əməkdaşlığa hazırlığını vurğulayıb.

Görüşdə SOCAR-ın Polşanın ORLEN və LOTOS şirkətləri ilə əməkdaşlığı, “Sarmatiya Beynəlxalq Boru Kəməri Müəssisəsi” çərçivəsində SOCAR-la Polşanın "Pşiyazn” şirkəti ilə əlaqələri məmnuniyyətlə qeyd olunub. Polşanın “Novol” şirkətinin və 20-dən artıq digər şirkətinin Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət, tikinti, sığorta, bankçılıq və sair sahələrdə uğurlu fəaliyyəti vurğulanıb. Azərbaycan şirkətlərinin də daha fəal şəkildə Polşa iqtisadiyyatında təmsil olunması üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR