Dortmundda növbəti cəhd, Münhendə erkən final

Dortmundda növbəti cəhd, Münhendə erkən final
09:32 12 Aprel 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan "Borussiya" - "Monako" matçı ilə yanaşı "Atletiko" (İspaniya) - "Lester" (İngiltərə) və "Bavariya" (Almaniya) - "Real" (İspaniya) görüşləri keçiriləcək.

Meydana ilk olaraq "Borussiya" və "Monako" çıxacaq. Görüş saat 20:45-də start götürəcək. Mövsümün sürpriz komandası "Monako" 1/8 final mərhələsində gözlənilmədən "Mançester Siti"ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu "böyük beşlik" ölkələrində ən çox qol vuran iki komandadan biridi. Bu da əsasən gənc futbolçularla mübarizə aparan "Borussiya"nın işinin asan olmayacağından xəbər verir. Bu cütlükdə kimisə favorit göstərmək çox çətindi. "Monako" məhsuldarlığını Almaniyada da nümayiş etdirib, cavab qarşılaşmasına sərfəli nəticə ilə çıxmağa çalışacaq.
 
Hər iki komandada problemlər kifayət qədərdi. "Monako"da Temue Bakayoko cəza, Qabriel Boşilya və Quido Karrilyo isə zədə səbəbindən "Siqnal İduna Park"da meydana çıxmayacaq. Almanlarda isə itki daha çoxdu. Erik Durm, Mario Götze, Andre Şürrle və Yakob-Brun Larssen baş məşqçi Tomas Tuhelin ixtiyarında olmayacaq. Bu azmış kimi, Şinji Kaqava, Marko Roys və Yulian Vayqlın da iştirakı sual altındadı. Üstəlik dünənki partlayışda yaralanan Mark Bartranın da meydana çıxmayacağı ehtimal olunur.
 
Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılacaq. Çempionlar Liqasının son finalçısı "Atletiko" İngiltərə çempionu "Lester"i sınağa çəkəcək. Ötən həftəsənu La Liqada "Real"dan səfərdə xal alan "Atletiko" yarımfinala daha yaxın hesab edilir. Ən azı təcrübə Dieqo Simeonenin yetirmələrini bir addım öndə göstərməyə şərait yaradır. Argentinalı mütəxəssisi əsas narahat edən məqam zədəli oyunçuların çox olmasıdı. Belə ki, Bernabe Barraqan, Nikolas Qaytan, Kevin Qameyro, Migel Anxel Moya, Tiaqo və Sime Vrsalko zədədən əziyyət çəkirlər. Ancaq onlardan hansının "Lester"lə görüşü buraxacağı hələlik məlum deyil.
İngilislərdə isə Ues Morqanla Molla Vaquenin meydana çıxmayacağı dəqiqdi.
 
Daha bir finala bərabər oyun "Bavariya" ilə "Real" arasında keçiriləcək. Hər iki komanda daxili birincilikdə ilk sırada qərarlaşır və çempionluğa olduqca yaxındı. Hətta çoxları bu cütlüyün qalibinin ÇL-i qazanacağını proqnozlaşdırır. "Real" turnirin son çempionu olsa da, cütlüyün favoriti "Bavariya" göstərilir. Çünki Münhen klubu hazırda əla formadadı. Komanda bunu Bundesliqanın ötən turunda Dortmund "Borussiya"sı ilə qarşılaşmada da nümayiş etdirdi.
 
Digər maraqlı məqam Karlo Ançelottinin keçmiş köməkçisi Zinəddin Zidanla rəqib olmasıdı. Hər iki mütəxəssisi zədəlilər narahat etməyə bilməz. Almanlarda Manuel Noyer və Tomas Müller bu səbəbdən son matçlarda iştirak etməyiblər. Klubun həkimləri onları "Real"la görüşə yetişdirməyə çalışırlar. Zidanın qayğıları isə daha çoxdu. Rafael Varandan sonra La Liqanın son turunda Pepenin də zədələnərək mövsümü qapaması həlledici anlarda heç yerinə düşmədi. Onların yoxluğunda müdafiənin mərkəzində kapitan Serxio Ramosa böyük oyun təcrübəsi az olan Naço tərəfdaşlıq edəcək. 
 
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel

 
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa)
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, "Siqnal İduna Park"
 
22:45. "Atletiko" (İspaniya) - "Lester" (İngiltərə)
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid, "Visente Kalderon" stadionu
 
22:45. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, "Alyans Arena"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR