Çovdarov niyə qovulub? - Axundov açıqladı

Çovdarov niyə qovulub? - Axundov açıqladı
11:12 12 Aprel 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qafqazinfo-ya müsahibəsini təqdim edir:

-    Avropa çempionatının final mərhələsinə vəsiqə qazandınız...

-    Butun Azərbaycanı təbrik edirəm. Komandamız seçmə mərhələdə 100 faizlik nəticə ilə final mərhələsinə vəsiqə qazandı. Artıq növbəti ilin ilk ayında Sloveniyada keçiriləcək final mərhələsinə hazırlaşacağıq. 

-    Düşünümürsünüz ki, ilk oyun digər qarşılaşmalara nisbətən çox ağır keçdi?

-    Fikrimcə, hər 3 oyun ağır idi. Çünki rəqiblər bizə qarşı ciddi hazırlaşmışdı.  Albaniyanın da bizə qarşı çıxışını gördünüz. Bütün komandalar bizimlə qarşılaşmalarda özlərini sübut etmək istəyirlər. Hər oyunun fasiləsində soyunub-geyinmə otaqlarına gedirdim. Narahatçılıq, gərginlik var idi. Hələ turnirdən öncə bilirdik ki, komandalar bizə qarşı aqressiv oynayacaqdılar. 

-    Yerli uşaqların çıxşından razı qaldınız?

-    Təbii ki, onların olması sevindiricidir. Məqsədimiz yerli uşaqları da yetişdirməkdir. Onlar təcrübəli əcnəbilərin yanında yetişəcəklər. Bu iş bizdə davam olunacaq. 4-5 gəncimiz var ki, A milli komandaya cəlb olunacaqlar. Uşaqların oyunları ümid verir. Onlara da zaman lazımdır ki, təcrübə yığsınlar. Avropa çempionatında heyətdə yerli futzalçılar olacaq. 

-    Komandamız uğuru olmayan futzal komandaları ilə əziyyət çəkdi. Amma bundan öncə daha güclü yığmalara qarşı oyunda bundan yaxşı çıxış etmişdik...

-    Mən belə deməzdim. Neçə illərdir ki, milli komanda "Araz"ın bazasında qurulub. "Fənərbağça", "Xəzər Adaları" kimi klublar var idi. Onlar çempionluğa oynayırdı. Yığmanın bazası "Araz"da olmağına baxmayaraq digər klublardan yerli oyunçular milliyə çağrılır. Çempionatımızdan razıyam. Bizim məqsədimiz Azərbaycan bayrağını yüksəltməkdir. Hər hansı klubun inkişafını düşünmək deyil. 

-    Yeni baş məşqçi Biro Jade özünü doğrultdu?

-    Narazı məqamlarımız oldu. Biro Jade futzalçı kimi çox peşəkar idi. O, Azərbaycanda oynayanda millinin əsas üzvlərindən biri idi. Bizim üçün çox işlər görüblər. Amma baş məşqçi başqa səviyyədir. Yaxşı baş məşqçi olmaq üçün təcrübə lazımdır, illər lazımdır. Biroda bu çatışmır. Miltinyo problemlərə görə getdi. Məcbur köməkçisi Bironu baş məşqçi qoyduq. Çünki 3-4 ay üçün yeni baş məşqçi tapmaq və üstəlik bunu mövsümün ortasında etmək çox çətin olardı. Sınaq kimi bunu Biro Jadeyə həvalə etdik. Çox cavandır və gələcəyi var. İstəsə, yenə Azərbaycanda qalacaq. Amma millimizin baş məşqçi məsələsinə may ayında yenə qayıdacağıq. Sloveniyada kim baş məşqçi olsa da, bizə nəticə lazımdır. 

-    Qazaxıstanda çalışan Kakao və Alesionun adı millimizlə yanaşı çəkilir...

-    Biz Kakao ilə danışmamışıq. Bu cəfəngiyyatdır. Kakaonun müqaviləsi var.  Olmasa belə, o bizim marağımızda deyil. Alesio olub. Bir-iki ispan məşqçi var ki, bu gün də onlar gündəmdədir. Amma Kakao piar sevən insandır. Yəqin yatıb yuxusunda görüb ki, Azərbaycana baş məşqçi gəlir. Baş məsələsi mənim səlahiyyətimdədir. Sizə əminliklə deyirəm ki, Kakao ilə danışıq olmayıb. 

-    Azərbaycandan qalmaqalla ayrılan Alesionun qayıdışı nə dərəcədə realdır?

-    O, səhvini başa düşüb. Bizə məktublar yazdı, üzr istədi, Serbiyada gördüşdük, danışdıq. Hər şey ola bilər. Kim olursa-olsun nəticə lazımdır. 

-    Milli komanda Avropa çempionatı öncəsi daha çox yoldaşlıq görüşü keçirə biləcək?

-    Biz bunu istəyirik. Amma görürsən ki, rəqiblərlə vaxt baxımından problem olur. Yoldaşlıq görüşləri turnirlər öncəsi vacibdir. Biz iyul ayından yoldaşlıq görüşləri üçün komandalar tapmağa çalışacağıq. Sizinlə razıyam ki, bu vacib məsələdir. Ən azı iki təlim-məşq toplanışı olacaq.

-    Komandanın əsas heyət üzvlərindən biri Ramiz Çovdarovun qovulması haqqında danışardınız. Onun üstündən xətt çəkdiniz?

-    Mən neçə ildir ki, burdayam və həmişə demişəm ki, nəticədən də vacib nizam-intizamdır. Ramiz Çovdarovu milliyə mən dəvət etmişəm. Elə məşqçilər var idi ki, onun komandaya gəlməsini istəmirdilər. Onu "Araz"a da mən göndərmişəm. Yığmada da oynamasını mən deyirdim. Amma o insan dəfələrlə komandada nizam-intizamı pozub. Baş məşqçinin mənə verdiyi məlıumata görə, onu komandadan qovduq. Daxili intizamı pozduğuna görə. Ona hər zaman ehtiyacımız var. Bu gün də yeri görünürdü. Biz heç kimin üstündən xətt çəkmirik. Onunla dəfələrlə danışdıq, başa saldıq. Gələcəkdə səhvlərini başa düşsə, qayıdacaq. 

-    Üzr istəməlidir?

-    Özü yaxşı bilir ki, kimin qabağında nizam-intizamı pozub. Bütün komandadan üzr istəmələdir. Mən federasiya prezidenti kimi istəyirəm ki, millidə oynasın. Amma hər şey özündən asılıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR