Mövlud əmi niyə belə elədi?

Mövlud əmi niyə belə elədi?
12:44 12 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

 

Mövludun intihar xəbərini eşidəndən bu yana rahatlığım yoxdu, hər gün, hər an onu düşünürəm. Sosial şəbəkədə şəkli rastıma çıxanda baxa bilmirəm, dərhal silirəm. Ancaq xeyri yoxdu, onsuz da beynim onunla məşğuldu. Olanları xatırlayıram, danışığını, gülməsini, boynunu əyib adama baxmasını, telefonda söhbətləşməsini...


İntihar xəbərini alanda Tahir Kazımlı ilə qaça-qaça Mövludun iş yerinə getdik. Qurban Yaqublu ilə bir otaqda otururmuş. Kompüterinin yanında iri çay fincanı, bir də boş kola butulkası vardı. İstədim fincanı götürüb özümdə yadigar saxlayam, ancaq götürmədim, fikirləşdim ki, hər dəfə onu görüb Mövludu xatırlayacam, əzabım daha da artacaq. Götürmədim.

 

Bayıra çıxdıq, Şərif Ağayar onun düşdüyü yeri bizə göstərdi. Yerdəki qanını su ilə yumuşdular. Düz binanın dibinə düşmüşdü. Deməli, binadan irəli atılmayıb, ola bilsin oturduğu yerdə gözünü yumaraq arxası üstə özünü yerə buraxıb. Mövludu tanıdığıma görə belə düşündüm. Bir anın qərarı: gözünü yumub və həyata əlvida deyib.

 

Belə qəfil hadisələr adama isti-isti çatmır, inanmaq olmur ki, Mövlud yoxdu. Necə yəni Mövlud yoxdu?! Noolsun intihar eləyib, bəs özü hanı, niyə gəlib çıxmadı bu? Noolsun intihar eləyib, bəs niyə zəng eləmir? Onunla görüşdüyümüz kafedə oturanda dəli kimi gecikdiyini düşünürəm, harda qaldı ee bu? Beləcə, ölümünü qəbul eləyə bilmirəm.

 

Fikirləşdim, özümü məcbur edib Mövlud haqda bir yazı yazım, bəlkə bir az daxili sakitlik qazandım. Yaza bilmirdim, beynimdən bir an çıxmasa da, yaza bilmirdim. Heç indi də yaza bilmirəm.

 

Yayda bizə gəlmişdi, dedi, Sevinc Ucalı atasıgilə aparıb, evdə tək darıxıram, axşam sizdə qalacam. Mən də evdə tək idim, çox sevindim. Söhbətləşdik, çıxıb yaxınlıqdakı kafedə pivə içdik, gec yatdıq. Səhər oyandım ki, Mövlud yoxdu, çıxıb gedib, yatdığı yeri də səliqə ilə yığıb. Zəng elədim, dedi, özüm səni oyatmadım, durub işə gəldim.

 

Həmişə belə eləyərdi, haçan bizdə yatırdı, səhər duran kimi yatdığı yeri səliqə ilə yığar, ədyalı üstünə çəkərdi. İndi də eləcə gedib, mənə demədən, məni oyatmadan, oyanmışam ki, Mövlud yoxdu. Ona görə fikirləşirəm, bugün-sabah zəng eləyəcək, üzə çıxacaq.

 

Uşaqlarım balacaydı, bir dəfə Mövludu evimizə dəvət elədim. Uşaqlarla yerdə oturub onların yaşıdı kimi oynayır, şənlənirdi. Uşaqlarıma demişdim, ona “Mövlud əmi” deyin. Həmin günün sabahısı dedi, ilk dəfədi mənə “əmi” deyirlər, qəribə hisslər keçirdim, sənin balalarının sayəsində özümü kişi hesab elədim. Sonra da kövrələrək məni öpdü.

 

Dəhşət kövrək adam idi. Bir dəfə adamlardan bezdiyindən danışırdı, dedim, adamlar bezdirəndə ağacları qucaqla, sakitləşəcəksən. Səsi titrədi, dedi, mənə belə şeylər demə, ağlamağım tutur.

 

Gözəl nə varıydı, vurulurdu. Ailə qurana qədər bir neçə xanıma vurulmuşdu. Birinci dəfə vurulduğu xanım yaşca özündən böyük idi. Hər gün ona zəng eləyib sevgisini bildirir, sonra da ağlayırdı. Həmin xanım mənə deyirdi, bu necə adamdı, zəng eləyib danışır, sonra da ağlayır. Mən də deyirdim, neyləyək, o da elə sevir, ancaq hər gün mənə səndən, sənin gözəlliyindən danışır.

 

Mövlud belə idi, adamda gözəl bir şey axtarıb tapır, ona vurulurdu. Mənə deyirdi, ustad, nə gözəl əllərin var. Deyirdim, Mövlud, narahat olma, tay-tuşlarından ən yaraşıqlısı sənsən. Gülüb deyirdi, sən canın məni güldürmə, yaraşıqlısı mənəmsə, gör bunların eybəcəri nə gündədi.

 

Elə demə, Mövlud, sən çox yaraşıqlısan, sən çox gözəlsən, Mövlud! Sənin kimi gözəl danışan, sənin kimi adamla qəlbdən rəftar eləyən, sənin kimi gözəl gülən varmı, Mövlud?!

 

Birdən də belə deyirdi: “Nə gözəl köynəyin var, ustad”. Deyirdim, sənə qurbandı, istəyirsən, sənə verim. Deyirdi, yox, sənə yaxşı yaraşır.


Mövlud özü də həmişə özünə yaraşan paltar alar, zövqlü geyinərdi.

 

Bir dəfə Mövlud, Şərif, mən, “Neftçilər” metrosu tərəfdə xəngəl yeməkdən gəlirdik. Metroda Şərif bizdən aralı düşmüşdü, Mövlud mənim yanımda dayanmışdı. Bilmirəm, hardan ağlıma gəldi,  qulağına dedim, bir vaxt olacaq mən olmayacam, hardasa bu günümüz haqda danışacaqsan ki, bir gün rəhmətlik Muradla “Neftçilər”dən gəlirdik. Bunu deyib də güldüm. Dediyimə peşman oldum. Baxdım ki, Mövlud sol əlini üzünə tutaraq hönkürüb ağlayır. Birtəhər sakitləşdirdim onu. “Nərimanov”da çay içməyə gəldik. Metrodan çıxanda məni qucaqlayıb dedi, sən canın, tez ölmə, sən bizim hamımıza lazımsan.

 

Beləcə, mənə çox bağlı idi. Mövlud mənim həm oğlum, həm də dostum idi. Mənə doğma oğlum kimi ərk eləyir, inciyir, küsür, barışırdı. Bəs niyə son vaxtlar məndən qaçırdı, daha doğrusu, mən nə bilim, sən demə, qəsdən məndən qaçırmış. Problemləri haqda bəzi dostlarla söhbət eləsə də, mənə heç nə demirmiş.

 

Bu yaxınlarda Kəramət Böyükçöl dedi, Mövlud xəstəxanada müalicə olunur. Dəli oldum, dedim, bəs, mənə niyə deməyib? Götürüb zəng elədik, dedim, mənə niyə demirsən? Dedi, elə bir problem yoxdu, səni narahat eləmək istəmirdim. İndi fikirləşirəm, Mövlud son vaxtlar məndən qaçırmışsa, deməli, içində intihar hökmü bişirir, dəhşətə hazırlaşırmış. Düşünüb ki, Murada desəm, məni bu fikrimdən mütləq döndərəcək, gəl, ona heç nə deməyim.

 

Bir ara köçüb rayonda yaşayası olduq. Onda rejimim dəyişmişdi, səhərə yaxın yatdığıma görə telefonumu söndürür, sabah günortadan sonra oyanırdım. Həmin günlərin birində durub interneti açdım. Xəbərləri oxuyub dəhşətə gəldim. Sən demə, Mövludun körpə balası, həyat yoldaşı və qayınanası da həmin yanan binada qalıblarmış. Binanın aşağısında həyəcanla doğmalarının xilasını gözləyənlərin arasında Mövlud da varmış. Xilasedicilər onların mənzilinə gedib çıxana qədər Mövlud aşağıdan Sevinclə telefon bağlantısı qurub danışırmış. Onların hər an tüstüdən boğulma, diri-diri yanma qorxusu! Mövlud kimi həssas bir adamın nələr yaşadığını təsəvvürümə gətirdim. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Mövlud binanın ətrafında dəli kimi gəzinir, özünə təsəlli üçün ağlaya-ağlaya yanındakı Çingiz Özgürə belə deyirmiş: “Çingiz, Sevinc güclü xanımdı, həə, onlara heç nə olmayacaq, həə? Ucalı sağ-salamat çıxaracaqlar həə?..”

 

Xəbəri oxuyar-oxumaz dərhal Mövluda zəng elədim. Ağlaya-ağlaya: “Niyə belə olur ee, ustad? Bunlar məndən nə istəyir ee? Sənə neçə dəfə zəng eləmişəm, telefonun sönülü olub. Deyirdim, bir təsəlli verəsən, bir də heç vaxt telefonunu söndürmə!”

 

Ay daad, nə yaxşı həmin anları mən yatmışam, nə yaxşı telefonum sönülü olub. Ailəsi yanğında qalan vaxt mən Mövludla necə danışardım, axı?! Düşünürdüm, nə yaxşı o dəhşəti yaşamamışam. “Bunlar məndən nə istəyir ee?” “Bunlar” kim idi? Mən bilirdim onu. Bəxtini, taleyini deyirdi Mövlud.

 

Sonralar mənə deyirdi, telefonuma zəng gələndə depressiyaya düşürəm, elə bilirəm, yenə Sevinc yanğının içindən zəng eləyir.

 

Hadisədə aldığı psixi travmaya görə həkimlər ona zəngin musiqisini dəyişməyi məsləhət görmüşdü. Mənə deyirdi, musiqini də dəyişmişəm, yenə xeyri yoxdu.

 

Ey gözəl Mövlud, haçan zəng eləsəm, sevinmiş belə cavab verirdi: “Haycan, böyük insan, dahi şəxsiyyət!” Beləcə, mənimlə yüngül məzələnir, sağollaşanda da “qadan alaram, qadan alaram!” deyirdi. Telefonun o başından beynimə işıq saçırdı. “Mən sənin qadanı alım, Mövlud!” deyirdim.

 

Çoxdanın söhbətidi, onda şair dostumuz Qəşəm Nəcəfzadə Sabir adına kitabxananın binasında yaradıcılıq dərnəyinə rəhbərlik eləyirdi. Gənc qələm adamları ayda iki dəfə o dərnəyə yığılar, öz yazılarını oxuyub yaradıcılıq polemikaları açardılar. Yadımdadı, Şərif Ağayarın çapdan çıxmış ilk kitabının müzakirəsi günü mən də həmin dərnəyə getdim. Balkonda siqaret çəkməyə çıxanda mənə ağsifət, cavan bir oğlan  yaxınlaşıb soruşdu ki, siz Murad Köhnəqalasınız? Dedim, hə. Sonra zarafatla əlavə elədim ki, icazə verirəm, əlini vura bilərsən mənə. Bu zarafatdan sonra onun gərginliyi dağıldı, gülüb əlini mənə uzadaraq, “sizinlə yaxından tanış olmaq istəyirəm, adım Mövluddu”, dedi. Başını yana əyərək adamı süzməsindən, utancaq, qapalı görkəmindən və biri-birinə möhkəm sıxdığı kip dodaqlarının göyümsov rəngə çalmasından hiss elədim ki, bu adamın daxilində əsəb vulkanı var.

 

Mövludla tanışlıq gününün ilini öyrənmək üçün internetdə Şərifin ilk kitabının çap olunma tarixinə baxdım, 2003-cü il imiş. 1989-cu ildə doğulub, deməli, mənimlə tanış olanda onun 14 yaşı varmış.

 

Həmin tanışlıqdan sonra Mövludu uzun müddət görmədim. Sən demə, Qazaxa, nənəsinin yanına gedib, orda orta məktəb təhsilini davam eləyirmiş. Uşaqlığı Qazaxda keçmişdi, Qazaxı və qazaxlıları dəli kimi sevirdi.

 

Sonradan, yazarlarımız Vahid poeziya evinin çayxanasında yığılanda Mövlud üzə çıxdı. Elə oralardan yavaş-yavaş biri-birimizə isinişdik. Aramızda uçurumlu yaş fərqi olsa da, Mövlud mənimlə yaxından dostluq eləyirdi. Onu dəhşət çox istəyirdim, o da həmişə mənsiz darıxardı. Demək olar ki, hər gün zəngləşib görüşər, çayxanada-meyxanada oturub söhbətləşər, deyib-gülərdik. Heyrətamiz yaddaşı vardı, dostların telefon nömrəsini əzbərdən deyirdi. Haçan, harda nə söhbət eləmişəm, hamısını olduğu kimi danışa bilir, özümün də yadıma gəlməyən sözlərimi söyləyib gülürdü. Ona görə öz tay-tuşlarına zarafatla deyirdi, mən Köhnəqala məktəbi keçmişəm ee, a bala.

 

Bir vaxtlar görüşəndə mənim köşə yazım gedən  qəzetdən alırdıq, çayxanada oturub ləzzətlə oxuyurdu. Hər dəfə oxuyandan sonra mənimlə məzələnərək belə deyirdi: “Sənin bundan güclü yazını oxumamışdım.” Çox sürətlə oxuyurdu, oxuduğu yazıları su kimi içirdi. Deyirdim, Mövlud, məni dolama daa, doğrudan oxuyub bitirdin? Gülüb deyirdi, istəyirsən əzbər danışım mətni. Mən yarım saata oxuduğum mətni Mövlud bir dəqiqəyə oxuyub bitirirdi.

 

Mənim uşaqlarıma o qədər sevgi ilə yanaşırdı! Rayonda, bizim kənddə, evimizdə də olmuşdu Mövlud. Qardaşım, bacımla tanış idi. Onları necə gözəl duyurdu, onlar haqda məndən necə məhəbbətlə soruşurdu. O gün oğlum ağlaya-ağlaya “Mövlud əmi niyə belə elədi?” deyirdi. Nə deyim, Mövlud?!

 

Sən canın, zarafatı burax, mən sənin yasına-zada getməyəcəm. Qəbir nədi, başdaşı nədi? Sənin şəklin olan başdaşına baxa bilmərəm! Birdən öldüyünə inansam...      


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR