YAP-çı deputat: “Siyasi oyunlara görə bizə də zərbələr dəyir”

YAP-çı deputat: “Siyasi oyunlara görə bizə də zərbələr dəyir”
17:38 12 Aprel 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

“Cənab İlham Əliyevin keçirdiyi müşavirələr və verdiyi tapşırıqlar ulu öndər Heydər Əliyevin iş üsulunun davamıdır”.

Bunu Publika.az-a Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputatı Tahir Rzayev bildirib.

Prezident İlham Əliyevin keçirdiyi müşavirədə səsləndirilən fikirlərin əhəmiyyətinə toxunan deputat deyib ki, Prezident İlham Əliyevin çıxışları və qəbul etdiyi qərarlar insanlara düzgün istiqamət verir:

“Ulu öndər Heydər Əliyev də 1969-cu ildə hakimiyyətə gələn kimi ilk növbədə rayonlara səfərlər edib, orada kəndli və fermerlərlə görüşüb, sadə adamların arasında olub. Bu cür addımlar həm də sadə insanların vəziyyətini öyrənmək və gələcək üçün addımlar atmaq üçündür. Bu gün heç kəs Prezidenti zəif hesabatlılıqda ittihama edə bilməz. Cənab Prezident hər üç aydan bir məmurları toplayıb müşavirə keçirir, onların hesabatını dinləyir”.

T.Rzayev qeyd edib ki, bəzi dairələr Azərbaycanla bağlı bəzi nöqsanları səsləndirir:

“Halbuki cənab Prezident həmin nöqsanları müşavirələrdə açıq şəkildə özü söyləyir. Prezident də deyir ki, rüşvətxorluq və korrupsiya halları mövcuddur, bəzi məmurların özbaşınalığı və onların övladlarının mənfi hərəkətləri var. Prezident bütün bunların hamısını söyləyir də! Ölkə başçısı deyir ki, dünyada siyasi oyunlar gedir və bunun nəticəsində Azərbaycan müəyyən iqtisadi çətinliklə üzləşib. Bu, həqiqətən də belədir. Əgər neftin qiyməti əvvəlki kimi yüksək olsaydı, indi biz çox irəli getmişdik. Dünyada baş verən siyasi oyunlara görə bizə də iqtisadi zərbələr dəyir”.

YAP-çı deputat vurğulayıb ki, bu ilin üç ayı ərzində Azərbaycana 7 ölkənin dövlət başçısının səfər etməsi Azərbaycanın güclü dövlət olmasından və nüfuzundan xəbər verir:

“Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Cənab Prezidentin bu siyasəti çox düşünülmüş uğurlu yoldur”.

Ölkə başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə də toxunan T.Rzayev Qarabağ probleminin həllinin təkcə Azərbaycandan asılı olmadığını söyləyib:

“Əgər Qarabağ probleminin həlli yolu təkcə Prezident İlham Əliyevdə olsa, bu münaqişə 10 günə həll olunar. Qarabağ münaqişəsinin davam etməsi böyük dövlətlərin marağındadır. Bunu siyasətdən az-çox anlayışı olan adamlar yaxşı bilir. Baxın, Suriyada neçə ildir ki, müharibə gedir. Dünyanın böyük dövlətlərinin marağı olduğu üçün Suriyada, İraqda hələ müharibələr davam edəcək. Bu müharibəni dayandırmaq isə Suriyanın daxili işi deyil. Bəşər Əsəd istəsə belə, bu müharibələri dayandıra bilməz. Yaxud da Qəddafi və ya Hüsnü Mübarək bunu bacara bilməzdi. Bu, böyük dövlətlərin siyasətidir. Məqsəd isə Misir, Liviya və Suriya kimi dövlətlərin varını, mülkünü talamaqdır. Bu gün Azərbaycana da oxşar münasibət sərgiləyənlər var. Onlar istəmir ki, Azərbaycan inkişaf etsin. Ona görə də Qarabağ kartını ortaya atıb, bu yolla Azərbaycana təsir və ya təzyiq göstərməyə çalışırlar”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR