""Qarabağ"la "Qəbələ" azarkeşlər üçün təyyarə sifariş edə bilər"

""Qarabağ"la "Qəbələ" azarkeşlər üçün təyyarə sifariş edə bilər"
19:42 12 Aprel 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin report-a müsahibə verib.

Milli.Az sözügedən müsahibəni təqdim edir:

- Ölkə kubokunun final matçının Naxçıvanda keçirilməsi bu komandaların azarkeşlərinə qarşı haqsızlıq deyil ki?

- Əksinə azarkeşlərə hörmətdir. Naxçıvanda da kifayət qədər futbol azarkeşi var. Mövsüm boyu "Qarabağ" və "Qəbələ" komandalarının azarkeşləri oyunları izləyir. İlk dəfə olaraq, Azərbaycan Kubokunun finalı Naxçıvanda keçiriləcək. Orada yaşayan azarkeşlərin də ildə bir dəfə belə möhtəşəm oyunu canlı izləməyə haqları var. Naxçıvana getmək çətin olduğundan, orada heç vaxt kubokun final görüşünü keçirməməliyik? "Neftçi"də çalışdığım dönəmdə Bakıdan İslandiyaya azarkeş aparmışam. İndi də klublar öz fan-klublarına kömək edə bilərlər.

- "Əlincə Arena", "Bakcell Arena" kimi stadionlarda IV İslam Həmrəyliyi Oyunlarının idman yarışları keçirilməyəcək. Bu stadionlardan birini seçmək olmazdımı?

- Bakı şəhərində İslam Həmrəyliyi Oyunlarına görə stadionların əksəriyyəti Təşkilat Komitəsinin sərəncamında olacaq. Həmin günlərdə təkcə hansısa stadionun boş olması önəmli deyil, ümümiyyətlə, paytaxtda kütləvi tədbir keçirmək istəmirik. Hətta İslam Həmrəyliyi Oyunlarına görə Azərbaycan Premyer Liqasının da aprelin sonunda yekunlaşdırılması nəzərdə tutulub. Mövsümün əvvəlində kubokun finalının regionlarımızın birində olacağını vurğulamışdıq və ən uyğun variantın üzərində dayandıq.

- Oyunu canlı izləmək istəyən azarkeşlərə güzəştli biletlərin verilməsi xahişi ilə AFFA AZAL-a müraciət edə bilərmi?

- Belə bir təcrübəyə rast gəlməmişik. Müraciət etsək belə, güzəştli biletlərin olacağına inam azdır. Klublar azarkeşlərinin daha sərfəli şərtlərlə Naxçıvana getməsi üçün müəyyən işlər görə bilərlər. Hər iki klub birlikdə komandalarının azarkeşləri üçün çarter reysi sifariş edə bilər.

- Cari mövsüm başa çatdıqdan sonra klublar arasında Qəbələdə turnir təşkil olunacağı bildirilmişdi. Bu, baş verəcəkmi?

- Klublar iştirak etmək istəsələr, bu turniri keçirə bilərik. Yəni, onlardan asılıdır. Hələ ki, klublardan bununla bağlı heç bir müraciət olmayıb.

- Cari mövsümə danışılmış oyunlarla bağlı konkret futbolçu və klub adlarının açıqlanması damğa vurdu. Bununla bağlı yeni siqnal və adlar varmı?

- Bu məsələ ilə AFFA-da xüsusi komissiya məşğul olur. Yeni siqnallar olsa belə, bunu açıqlamağımız doğru deyil. Bu cür məsələlər araşdırılır və İntizam Komitəsi tərəfindən müvafiq cəzalar verilir.

- Bir futbol adamı kimi "Qarabağ"ın ardıcıl 4-cü mövsüm çempionluğa yaxın olmasının səbəbini nədə görürsünüz?

- Komandada hamı üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir. Nizam-intizama ciddi fikir verilməlidir. Ayrılan maliyyənin doğru xərclənməsi, yaxşı baş məşqçi, stabil heyət, düzgün seleksiya işi də vacibdir.

- AZAL rəsmən elita ilə vidalaşdı. Bu komandanın növbəti mövsüm Premyer Liqada çıxış etmə şansı nə qədərdir?

- İndi bu barədə məlumat verə bilmərəm. Komandaların lisenziyalaşma prosesindən çox şey asılıdır. Əsasnaməyə görə artıq AZAL Premyer Liqanı tərk edib. Komandanın I Diviziona düşməsi faciə deyil. Əksinə, bir mövsüm aşağı liqada oynamaqla daha yaxşı hazırlaşaraq, növbəti ilə Premyer Liqada daha uğurlu çıxış etmək olar.

- Klubların bilet, teleyayım hüququ, atribut satışından qazanc edə bilmədiyini nəzərə alsaq, PFL-in qalib üçün pul mükafatı təsis etməsi mümkündürmü?

- Pul mükafatı təsis etmək üçün güclü maliyyə qaynaqları olmalıdır. Büdcəmizdə olsa, biz də komandalara buna uyğun müəyyən məbləğdə pul ödənməsinin tərəfdarıyıq. Belə təcrübə bir neçə il bundan öncə bizim çempionatda da olub. Mükafatçılar sırasına düşmüş komandalara, kubokun finalçısına və qalibinə PFL tərəfindən pul ödənişi olub. Gələcəkdə büdcəmiz, güclü maliyyə dayağımız olsa, yenidən bunu bərpa etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR