"Hacı Cavad" ətrafında oyun: məqsəd və oyunçular dəyişməyib

"Hacı Cavad" ətrafında oyun: məqsəd və oyunçular dəyişməyib
21:12 12 Aprel 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

"Din dövlətdən ayrı olmalı, insanların həyatını tənzimləməməli, dövlət də dindarların ibadətlərinə müdaxilə etməməlidir". 1517-ci ilin oktyabrın 31-də Vittenberq Universitetinin illahiyyat müəllifi Martin Lüter Vittenberq şəhərindəki Qəsr Kilsəsinin qapısına "95 tezisi"ini mismarladı.

O mismarlar Qərb sivilizasiyasının inkişafına təkan verdi, tarixin gedişatını dəyişdi.

1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti qoca Şərqdə ilk demokratik, sivil və dünyəvi dövlət olanda da millətin ataları dinlə dövləti ayırdılar.

Siyasət məscidlərdən çıxarıldı, məscidlərin də siyasətə qarışmasına icazə verilmədi. Bu, tərəqqinin, intibahın və inkişafın ən önəmli şərtlərindən biri idi, indi də belədir.

Belə olmayanda ölkə Yaxın Şərqdə vəhşət məkanına çevrilib öz qanının çanağında çırpınan ölkələrə çevrilir, insanlar orta əsrlərin fanatizmini yaşam şərtləri sayanların diqtəsi ilə üzləşirlər. Həmin şərtləri və tələbləri də yerinə yetirməyənlər "müşrik", "kafir", "haramzada", "Taqutun köləsi", "səlibçilərin və imperialistlərin nökəri" elan olunur. "Allahu əkbər!" deyənlərin Allahın adı ilə allahsızlıq edir, baş kəsirlər ki, kimsə baş qaldıra bilməsin, başlar düşünməsin.

Azərbaycanı da orta əsrlərin qaranlığına, cəhalətə qaytarmaq istəyənlər var.

Dünən Bakının mərkəzi küçələrindən birində "Hacı Cavad" məscidi ilk daşının qoyulduğu gündən bəri kim bilir neçənci tamaşaya səhnə oldu.

Məscid Allahın evidir və bəndə də bu evə yiyəlik iddiasına düşməməlidir: sadəcə, o evin qulluqçusu, ibadətçisi, qonağı, qəlb sakini olmaq olar.

Bəndə Allahın evini qorumaq adı ilə öz niyyətlərinə xidmət edəndə əməli-saleh yox, salehdən sapan əməl yiyəsinə dönür.

Nə yazıq ki, son vaxtlarda olduğu kimi, "Hacı Cavad" məscidinin ətrafına toplaşanlar, qışqıranlar, "Ya Allah!", "Allahu əkbər!" deyənlər hətta öz məqsədlərini güdmürdülər.

Onlar kənardan güdülən oyunçular olduğundan yenə də sifariş yerinə yetirirdilər.

Dedilər ki, Azərbaycanda məscidlərin sayı günbəgün azalır.

Dedilər ki, ölkədə dindarlara qarşı təqiblər var, ibadətlərə imkan verilmir, möminlər və hicablı xanımlar təqiblərə məruz qalır.

Çox danışdılar, qışqırdılar, polisi oyuna çəkib provokasiyalar etmək istədilər, sonra da "bu məscid uçurularsa, biz orada olacağıq - qoy başımıza uçurulsun" söylədilər.

Çox sözlər dedilər.

Boğazdan yuxarı sözlərdi hamısı.

Çünki...

"Məscidə yığşıb başlarına uçulacaq damda həlak olmağa hazırlaşan"lar sürətlə dağılışmığa başlamışdılar.

Əvvəlcə islamçılar getdilər, sonra radikallar da oyunun baş tutmadığını anlayıb təəssüfləndilər.

Həmin adamlar da İslam Partiyası ilə cinayətkar Taleh Bağırovun "Müsəlman Birliyi Hərəkatı" adlı qanunsuz qruplaşmasının üzvləri idilər.

"Ay Allah, bu zülmə bax!" deyən bir çadralı xanım qışqırırdı - kameraya baxaraq, sonra ətrafına nəzər salaraq. Yanında duranlar da İslam Partiyasının funksionerləri idilər və başlarını tərpədərək "hə, davam et" işarəsi verirdilər.

Sonra "Müsəlman Birliyi Hərəkatı"nın mənsubları məscidin girişindəki pilləkana çıxıb özlərini Çar Rusiyasındakı fevral inqilabı günlərində zirehli maşınlara dırmaşan bolşeviklər sandılar sanki.

"Mömin dindarlar"ın dillərindən neobolşevik çağırışlar sıralandı, sonuc isə həmişəki kimi "hakimiyyət məscidləri sökür, möminləri təqib edir" absurdizminə çıxdı.

"Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı narazılıq əslində şou idi, çünki İslam Partiyası və "Müsəlman Birliyi Hərəkatı"nın mənsubları, habelə radikal müxalifət partiyalarından olan emissarlar guya səsləndirdikləri suallara cavab tapmırdılar.

O suallar absurd olsa da, cavablayaq.

Ölkədə  dövlətin din sahəsində gerçəkləşdirdiyi və yürütdüyü siyasətin istiqaməti bəlli, qayəsi məlumdur: mövcud qanunvericiliyə bütün vətəndaşlar, o cümlədən dindarlar riayət etməlidir. Dini tolerantlıq və dözümlülük mühiti şərtdir.

Hər vətəndaşın dini inanclarına sayğı bəslənməli, hörmət göstərilməlidir. Amma vətəndaş qanunlara da eyni sayğını və hörməti nümayiş etdirməlidir.

Dini ayinlərin yerinə yetirilməsinə tam şərait yaradılıb, dini abidələr, məscidlər qorunub-saxlanır, zəruri təmir və bərpa işləri görülür.

Məscidlərin sayı azalıbmı? Əsla. Sovetlər Birliyi dövründə Azərbaycanda cəmi 17 məscid qismən fəaliyyət göstərirdisə, indi ölkədə 2166 məscid var. 306 məscid isə dövlət tərəfindən tarixi və ya mədəniyyət abidəsi kimi qorunur, hifz olunur. Bir sıra məscidlər yenidən qurulub, bərpa olunub və bu sahədə işlər sürətlə davam edir.

Məsələn, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.

...Bakının Yasamal rayonunda, "Sovetski" deyilən səmtdə, Abdulla Şaiq küçəsi, 79 ünvanda yerləşən "Hacı Cavad" məscidi yerli əhəmiyyətli abidə sayılan məsciddir.

Tacir Hacı Cavadın tikdirdiyi bu məsciddəki dini icmanın rəhbəri Kənan Əzizov idi: indi onu Əhliman Rüstəmov əvəzləyib. Sovetlər Birliyi dövründə anbar, laboratoriya, dövlət idarələrinin yerləşdiyi yer kimi istifadə olunmuş bu məscid Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yenidən ibadət məkanına dönmüşdü.

Məscidin dini icması da qeydiyyat üçün sənədlərini bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməyib. Yəni icmanın fəaliyyəti qanunsuzdur.

Daha doğrusu, icmanın rəhbərləri, məscidi idarə edən şəxslər fəaliyyətin rəsmiləşməsini istəməyiblər, qanunsuz fəaliyyətə üstünlük veriblər.

Və məscidin sökülməsi məsələsi gündəmə gələn kimi dini icma aktivləşib, "sənədlərimizi çox qısa zamanda yığıb qeydiyyatdan keçməyə hazırıq" deyib.

"Hacı Cavad" icmasının rəhbəri Ə.Rüstəmovun fəalliyəti də qanunsuzdur. O, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq təyinat almayıb.

Məhəllə məscidi kimi tikilən və minarələri olmayan "Hacı Cavad"dan məhəllə sakinləri istifadə etmirlər. Çox sadə səbəbdən: çünki Bakının bu səmtinin rekonstruksiyası planı çərçivəsində "Sovetski" sökülüb, məhəllə qalmayıb.

"Məhəllə camaatı"nın adından danışanlar, süni gərginlik yaradanlar, qışqır-bağır salanlar isə az qala bütünlüklə kənardan gəlmə adamlardır. Onlar Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı"nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar.

Kiçik, qəzalı "Hacı Cavad" məscidinin saxlanması məntiqi deyil.

Bəhs etdiyimiz kimi, bu məscidin özü "tarixi abidə" kimi qələmə verilsə də, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq reyestrində, siyahılarda məscidin adı yoxdur.

"Hacı Cavad" sadəcə, yerli əhəmiyyətli tikilidir.

Məscidin icması da qeydiyyatdan keçməyib.

"Bəs harada ibadət edək?!!" demaqogiyasına əl atanların iddiaları da tam məntiqsizdir. Çünki "Hacı Cavad"ın yerləşdiyi arealda ibadət üçün yetərincə məscid var.

Təzəpir, "İmam Hüseyn", "Qasım bəy", "Hacı Sultanəli" və "Xanım Zəhra" məscidlərinin qapıları möminlərin, bütün vətəndaşlar üçün açıqdıo və namaz zamanı bu məscidlərdə sıxlıq müşahidə olunmur.

Ona görə də "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı isteriya yaratmaq istəyənlər, bundan yararlanıb çirkin məqsədlərinə çatmağa çalışanlar yanılırlar.

Oyun alınmadı. Oyunbazlar çox canfəşanlıq etsələr də...

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR