"Azərbaycan aprelin sonunda Avropa İttifaqı ilə yeni
ikitərəfli razılaşma üzrə danışıqlara başlayacaq".
XİN-dən Publika.az-a verilən məlumata görə, bunu
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 12-də
Varşavada Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici
işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ qonşuluğunda geosiyasi və təhlükəsizlik
dəyişiklikləri və çağırışları fonunda Avropa İttifaqı ilə dialoqun
gücləndirilməsi Azərbaycanın prioritetləri sırasındadır: "Son
illərdə "Şərq Tərəfdaşlığı"nın ikitərəfli və çoxtərəfli
istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşülməsi və ən
yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib.
Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni razılaşma
kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın
suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi və hörməti və bu
mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Bu da xüsusilə
2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə
Qlobal Strategiyasında əks olunub. Azərbaycanın, eləcə də "Şərq
Tərəfdaşlığı"nın digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız
bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da
maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir".