"Azərbaycan futbolunun göylə gedən vaxtı deyil" - SORĞU

"Azərbaycan futbolunun göylə gedən vaxtı deyil" -   SORĞU
15:57 13 Aprel 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun final matçı mayın 5-də Naxçıvan şəhər stadionunda keçriləcək. Amma bu qərar birmənalı qarşılanmayıb.


Həm "Qarabağ"ın, həm də "Qəbələ"nin azarkeş qrupları bəyanat yayaraq matçın Muxtar Respublikada keçrilməsinə etiraz edib. Səbəb isə Naxçıvana gediş-gəlişin çətinliyidi. Təyyarə biletlərinin bahalığı azarkeşlərin səfərə çıxmasını əngəlləyən əsas səbəbdi. Naxçıvana quru yolla gediş-gəliş isə yalnız İrandan mümkündü ki, bu da böyük çətinliklər hesabına başa gəlir.


Bəs mətbuatın finalın Naxçıvanda keçrilməsinə münasibəti necədi? Bunun müsbət və mənfi tərəfləri hansılardı? Oyunun Muxtar Respublikada keçrilməsi jurnalistlərin işinə necə təsir edəcək? Bu və digər suallarla həmkarlarımıza müraciət etdik.


Elçin Cəlilov (Futbolpress.az): "Finalın Naxçıvanda keçirilməsi çox gözəl ideyadı. Buna qarşı olan azarkeşləri də qınamaq olmur. Çünki Naxçıvana quru yoluyla yalnız İrandan getməklə mümkündü - iki dəfə sərhəd keçərək. Bu da çətinliklər yaradacaq. Qalır hava yoluyla, o da bir nəfərçün gediş-gəliş 100 manat elə təkcə yolpulu edir. Bu cür detallar var ki, azarkeşləri narazı salıb. Lənkəran stadionu versiyası var, ancaq o da çox gec atıldı ortaya. Fikrimcə, hər iki klub azarkeşlərinin səfəri üçün xərcə düşməli olacaq. Öz imkanlarıyla gedən lap az olacaq".



Natiq Muxtarlı (Komanda.az): "Antalya bələdiyyəsi 3 milyon avro ödəyib İtaliya kubokunun finalını bu şəhərdə keçirmək istəyir. Onlar yaxşı bilirlər ki, Antalyaya gələcək italyan turistlər şəhərə bundan qat-qat artıq xeyir verəcəklər. Deməli, futbol həm də biznesdir, iqtisadiyyatın, turizmin inkişafına futbolla da töhfə vermək olar. Elə isə biz niyə bu imkandan yararlanmayaq? Axı final qarşılaşmasının Naxçıvanda keçirilməsi bu baxımdan Azərbaycana heç nə verməyəcək. Çünki Naxçıvana getmək imkanı yoxdur azarkeşlərin. Ancaq qarşılaşma Lənkəranda keçirilsə, minimum 10 min azarkeş cənub bölgəsinə səfər edəcək? Bilirsiniz bu nə deməkdir? Lənkəranın özünü demirəm, yol boyu yerləşən rayonlar da bir gündə ordan keçəcək 10 min azarkeşdən xeyir götürəcəklər. Bir gündə 10 min insanın Lənkərana səfər etməsi yerli turizmin inkişafına təkan baxımından böyük dəstək olardı. Ölkə prezidenti də turizmin inkişaf etdirilməsi üçün ard-arda sərəncamlar imzalayır. Görünür, final qarşılaşmasının Naxçıvanda keçirilməsi barədə qərar qəbul edənlər bu ölkədə yaşamırlar ki, bundan xəbərsizdirlər. Ya da onlar bu işə pəl vurmağa çalışırlar. PFL “xəyanət”ini ört-basdır etmək üçün 20-30 jurnalisti təyyarə ilə Naxçıvana apara bilər. Amma bununla iş bitmir axı. Bu oyundan Azərbaycan heç nə qazanmayacaq. Amma sağlam düşüncə ilə qərar verilsəydi, kubokun finalı həm də yerli turizm üçün yaxşı gəlir gətirə bilərdi. Təəssüf..."



Amal Abuşov (Sport7.az): "Kubokun Naxçıvanda keçirilməsiylə bağlı PFL-in gətirdiyi bütün arqumentlərlə tanışam. Və sözün düzü, hamısını başa düşmək, qəbul etmək mümkündü. Şübhə yoxdu ki, "yuxarıdan" AFFA-ya "finalı paytaxtdan kənarda keçirin" tapşırığı gəlib. Onlar bunu birbaşa dələ gətirə bilməsələr də, işarə vururlar. Anlayışla yanaşmaq lazımdı. Üstəlik, Naxçıvanın "böyük futbolu" hiss etməsi də yaxşı olardı. Əsas mənfi məqam azarkeşlərin ora getməsinin çətinliyidi. Buna da dözməli olacağıq. Rəsmən açıqlanmasa da, PFL-in jurnalistləri Naxçıvana aparması gözlənilir. Belədə hansısa çətinlikdən danışmağa dəyməz. Qlobal problem olmayacaq".



Elnur Məmmədli (CBC Sport): "Bu məsələyə bir mənalı münasibət bildirmək çətindi. Naxçıvan azarkeşlərinin də ən azı ildə bir dəfə böyük futbol bayramını yaxından izləməyə haqları var. Artıq bir neçə ildi ki, Naxçıvan əhalisi Azərbaycan çempionatını, Avropa Liqasında oynayan klublarımızı televiziya vasitəsi ilə izləyir. Eyni zamanda mən azarkeşləri və klubları da başa düşürəm. Əgər "Qəbələ"nin meneceri iki gün idi bilet tapıb Naxçıvana gedə bilmirdisə, deməli vəziyyət ciddidir. Bundan başqa, aydın məsələdi ki, azarkeşlərin 99 faizinn maddi imkanı yaxşı deyil. Ümid klublara qalır. Klub da 100 azarkeş aparsa, elə ancaq yol pulu ən azı 10 min manat edir. İndiki məqamda da heç bir komandanı buna məcbur etmək olmaz. İndidən proqnozlaşdırmaq olar ki, hər iki komandanın azarkeşləri stadionda çox az olacaq. Bu səbəbdən çətin final ab-havasını görək. Böyük ehtimalla, azarkeşlərin əksəriyyəti stadiona "Naxçıvan həqiqətləri" qəzeti ilə gələn neytral adamlar olacaq".



Aydın Bağırov (Qol.az): "Bir oyunu orda keçirib Naxçıvana futbol bayramı yaşatmaqdan əvvəl burda futbol klubu yaratmaq lazımdı. Bir oyunu keçirməklə nə Naxçıvanda futbol inkişaf edəcək, nə də insanların stadiona axını olacaq. Gedib orda bir futbol klubunu bərpa etsinlər, ona normal münasibət göstərsinlər, bəlkə bundan sonra futbol inkişaf edər. Bu qərarın ümumiyyətlə İslam Oyunları ilə də heç bir bağlılığı yoxdu. İcraiyyə Komitəsində kimsə belə bir təklif verib və onlar da kimsə xoş gəlmək üçün qəbul ediblər. Bu klubların özlərinə də sərf etmir. Bu qədər azarkeş Naxçıvana necə gedəcək? Yaxşı olar ki, fanatlardan daha çox klubun özü də oyunun yerinin dəyişdirilməsi üçün cəhd eləsin. Çünkpi azarkeşin istəyini heç kim nəzərə almadı".



Gündüz Abbaszadə (CBC Sport): "Fikrimcə, finalın Naxçıvanda keçrilməsi bu şəhərə böyük futbolun qayıtması üçün təkan ola bilər. Naxçıvanlı futbolsevərlər cari mövsümün iki ən güclü klubunu canlı izləmək imkanı qazanacaq ki, bundan gözəl heç nə ola bilməz. Avropa Liqasında oynamış iki komanda Muxtar Respublikaya səfər edəcək. Bu əsl futbol bayramı olacaq. Jurnalistlərin fəaliyyətinə gəlincə, yəqin ki, hakimlərin Antalya toplanışına onlarla hakim aparan Peşəkar Futbol Liqası bu məsələni nəzərə alaraq Azərbaycanın bir güşəsinə media nümayndələrinin səfərini təşkil edəcək. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bu məsələlərə xüsusən həssas yanaşır. İnanıram ki, onlar səfəri təşkil edəcəklər. Artıq bir dəfə bu baş verib. Super Kubok oyunu zamanı jurnalistlərin Naxçıvana səfəri yüksək səviyyədə təşkil olunub. Yalnız azarkeşlərin Naxçıvana getməsində problem yarana bilər. Müzakirələrdən görünür ki, belə problem var. Hər iki klubumuz kifayət qədər peşəkardı və yəqin ki, vəziyyətdən çıxış yolu tapacaqlar". 



"Space TV"nin şərhçisi Tural Xudiyevin cavabı isə qısa və konkret oldu: "Azərbaycan futbolunun göylə gedən vaxtı deyil".



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-futbolunun-goyl-gedn-vaxt-deyilquot-t57566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR