Bərdəli Qasım bəyin məhbəsdəki nəticəsi...- ÖTƏN ƏSRİN ADAMLARI

16:44 7 Yanvar 2015
281 Sosial
Ölkə mətbuatı
A- A+

APA tv-nin "Ötən əsrin adamları" verilişi öz tamaşaçılarına bu dəfə Raqub Hidayətovdan danışıb. O məhbusdur. Yetmişə yaxındır yaşı. Bərdədə doğulub. Bərdənin Qasımbəyli kəndində. 11 saylı cəzaçəkmə müəssisəsində bir neçə yaşlı məhbusdan biridir. Bu həbsxana özü demiş həyatının ən qaranlıq küncüdür. O, bu küncə sıxılana qədər çox işıqlı, rahat həyat yaşayıb amma. Nə də olsa bəy nəslində doğulan uşaq idi illər öncə...

 

Həmsöhbətimiz beyib ki, Naftalanın Qasımbəyli kəndində də əksəriyyət onların qohumudur. “Çünki bizim nəsildən olan insanlar idi ora köçüb məskunlaşanlar. Babamın kəndində yerləşmək çətin imiş artıq. Əhalinin sayı artırmış”.

 

Anasını dörd-beş yaşından bu yana rahat xatırladığını deyir.  Anası 1926-cı ildə doğulub.  Onun dövründə qızların oxumasına icazə vermirdilər. Atası oxumuş adam olub amma. Uzun müddət də vəzifələrdə çalışıb. Ailələrində vəzifədə olmayan adam yox imiş.  Hamı təhsilli və vəzifəli imiş.

Azərbaycanın keçmiş  kənd təsərrüfatı naziri Əsgər Məmmədov onun ən yaxın qohumlarından biri olub.

 

Ailədə yeddi qardaş bir bacı olublar. Amma ata-anası həm də yeddi kimsəsiz uşağı himayə eləyib. Ailədə iki qardaşı təhsil almaq istəməyib.

Qalan uşaqların hamısını atası oxudub. “Mən ali məktəbi Daşkənddə bitirmişəm. Üç il əyani oxudum. Tətillərdən birində Bərdəyə gəlmişdim atamgili görməyə. Atam vəzifə adamı idi deyə hətta birinci katib də bizə gəlib-gedirdi. Bərdənin o zamankı katibi Səfərəliyev bizdə qonaq idi. Gəlib görüşdüm. Məndən soruşdu ki, harada oxuyursan. Cavab verdim ki, Kənd Təsərrüfatı İnstitutunda. Soruşdu ki, Gəncədə? Dedim yox, Daşkənddə. Xeyli fikirləşdi. Sonra dedi get sessiyanı başa vur, keç qiyabi bölməyə, gəl rayona, sənə vəzifə verəcəyəm ”.

 

Həmişə vəzifədə olsa da hərbi xidmətə getməyib. Dediyinə görə, o zaman çox oxuyurdu tələbələr. Dərsliklərin əksəriyyəti rus dilində olması işlərini ikiqat artırırdı. Həm də dili yaxşı öyrənmək üçün oxuyurdular. “Gözlərimdə ciddi problem yaranmışdı. Uzun müddət ciddi müalicə aldım. Sağalmağına sağaldım, amma hərbi xidmət üçün yararsız hesab elədilər”.

 

Həmişə vəzifədə olan, ali təhsilini başqa respublikada almış subay adamın sovetlər dönəmində, elə lap indi də  nə qədər dəyəri olduğunu anlamaq yəqin ki, çətin deyil. Ziyalı, vəzifəli kürəkəni, adaxlını kim arzu eləməz ki ?!..

 

Sualımıza cavabı belə olub: "Böyük bir müəssisədə şöbə müdiri kimi işləyirdim. Evdən məni evlənməyə nə qədər məcbur eləsələr də hələlik bunu düşünmürdüm". Günlərin birində şöbəyə yeni, gənc və gözəl bir xanım işçi daxil olur. Xeyli zaman keçəndən sonra Raqub kişi ata-anasını o qıza elçi göndərir. Evlənirlər. Amma Rabuq Hümbətov məhbəsə düşəndən az sonra xanımı qəfildən dünyasını dəyişir. Özünün dediyinə görə onun həbsdə olmasına dözə bilmirmiş xanımı. “O mənsiz evi qəbul edə bilmirdi. Mənim də ağlım kəsmir ki, onun olmadığı evə qayıdıb orda rahat, sakit və onsuz necə yaşaya  biləcəyəm ...

  Yoldaşım mən bura düşəndən sonra çox narahat idi. Deyirdi hər şeyə dözmək olur, amma bu dərdə dözə bilməyəcək. Hərdən ağrıdığını hiss eləyirdim. Bir gün yuxuda gördüm ki, həyətimizdə qarışıqlıqdır. Çox adam var. Və birdən bir ağ quş uçub çıxdı evdən. Səmaya qalxıb yox oldu. Evə zəng vurdum əvvəl heç nə demədilər. Sonra oğlum ağlaya-ağlaya dedi ki, anamı dəfn eləməyə gedirik”...

 

Həbsxanaya düşməsinə gəlincə, aralarında yaranan mübahisə zəminində yaxın dostlarından birinə bıçaqla xəsarət yetirib. Özünün dediyinə görə mənimsənilən puldan onun xəbəri olmayıb. Amma dostu onun adımı məsul şəxs kimi sənədlərə saldığından məsuliyyət üstündə qalıb. Beləcə təkcə fiziki xəsarətə görə yox, həm də küllü miqdarda dövlət əmlakını mənimsədiyinə görə cəza alıb...

 

Altı il beş aydır cəza çəkir. Amma hesab eləyir ki, bəzən qanunla verilən cəzadan ağır olur insanın özünün özünə kəsdiyi cəza. “O üzdən mən uzun illərin dostunu itirdiyimə, onun mənə xəyanət eləməsinə, bir də xanımımın ölümünə səbəb olduğuma görə də cəza çəkirəm.  Bir neçə ildən sonra qanunla mənə verilən cəza bitəcək. Amma ö cəzaları ki, mən özümə kəsmişəm, qəbirdə bitəcək bir də”....

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR