Bakı rusları oyundan çıxarır: Bazar uğrunda döyüş və Putinin dəhşətli QİSAS PLANI

Bakı rusları oyundan çıxarır: Bazar uğrunda döyüş və Putinin dəhşətli QİSAS PLANI
10:08 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Rusiya Türkiyənin qaz bazarının üçdə birini itirə bilər, lakin Moskva bunun əvəzində Ankaradan qisas alacaq.

Publika.az
xəbər verir ki, “Life.ru” saytı qaz bazarı uğrunda mübarizənin getdikcə şiddətləndiyini yazır.

Sayt qeyd edir ki, Türkiyə qaz iynəsinin üzərində “oturur”, amma Ankara var gücü ilə enerji istehlakını diversifikasiya etməyə çalışır: “Əsasən xarici resurslardan asılılığın azalması və Avropanın enerji təminatında əsas hab (paylayıcı) olmaq məqsədi Türkiyənin yeni milli energetika proqramının prioritetidir. Proqnozlara görə, Azərbaycandan mavi yanacağın idxalına görə Rusiya türk bazarındakı payının üçdə birini itirəcək”.

Məqalədə bildirilir ki, aprelin əvvəlində Türkiyənin energetika naziri Berat Albayrak milli energetika proqramını təqdim etdi.

B.Albayrak bildirdi ki, qarşıdakı 15 il ərzində nail olunacaq hədəflər “inqilab deyil, lakin təkamüldür”.

Onun sözlərinə görə, əsas məqsədləri xarici resurslardan asılılığın azaldılması və əsas paylayıcı olmaqdır.

Proqnozlara görə, Türkiyənin yeni energetika siyasətində əsas zərərçəkənlərdən biri Moskva ola bilər. Hazırda Rusiya Türkiyənin qaz ehtiyacının 59, İran 19, Azərbaycan 9, Əlcəzair 9, Nigeriya isə 7 faizini təmin edir. Göründüyü kimi, Rusiya türk bazarında hegomondur.

Köln Universitetinin Energetika İnstitutunun nüfuzlu analitikləri hesab edirlər ki, “Albayrak doktrinası”nda önümüzdəki 15 il ərzində türk bazarında “Qazprom”un payı 38,9 faizə (ildə 35,3 milyard kubmetr) düşə bilər. TANAP boru kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycanın bazardakı payı isə 34,8 faizə (ildə 31,5 milyard kubmetr) qalxacaq.

Analitiklər yazırlar ki, Türkiyənin 2030-cu ildə qaz idxalı ildə 90,5 milyard kubmetr olacaq. Hansı ki, 2017-ci ildə bu, 54,1 milyard kubmetrdir. Türkiyə öz ehtiyacları ilə yanaşı, Avropa İttifaqı ölkələrinə – ilk növbədə Yunanıstan və Bolqarıstana da qaz göndərəcək.

Hesablamalara görə, 2030-cu ilə qədər Türkiyənin Avropa İttifaqının enerji təchizatındakı payı 6,8 faiz təşkil edəcək. Bu, Norveç, Rusiya kimi enerji “bədheybətləri” ilə müqayisədə azdır. Lakin Cənub-Şərqi Avropanın qaz bazarıda Türkiyənin töhfəsi əhəmiyyətli olacaq.

Türkiyə paylayıcı olmaqla yanaşı, öz qazını çıxarmaq niyyətindədir. Bu ölkənin Energetika Nazirliyi tarixində ilk dəfə olaraq qazma gəmisi aldı. Qazma gəmisini satan ölkə isə Rusiyadır. Belə görünür ki, Moskva Ankaranın ondan qaz asılılığını azaltması və Avropanın qaz bazarında ən böyük “tranzit sultanı” olması üçün öz əli ilə kömək edir. Lakin bu, ilk baxışda belə görünür...

Qisas

“Türk energetika fondu” (TENVA) hesabatında yazır ki, regionda Türkiyənin əsas qaz habı olmasına Misir mane ola bilər. Məlumatlara görə, Misirdə Zora adlı qaz yatağı tapılıb və bu, dünyanın ən böyüük yataqlarından biridir. Türkiyə və Misir arasında münasibətlər yoxdur. 2013-cü ildə Məhəməd Mursini devirən Sisini Ərdoğan hələ də qəbul etmir.

İtaliyalı geoloqlar Zora yatağında 30 trilyon kubmetr qazın olduğunu hesab edirlər. Müqayisə üçün bildirək ki, nəhəng qaz yatağına malik olan İsrailin ehtiyatları 14-20 trilyon kubmetr qiymətləndirilir. Rusiya Zora yatağının 35 faiz səhmini alıb. Moskvanın Misir vasitəsilə Aralıq dənizində apardığı energetika ekspansiyası başa çatmayıb. 2017-ci ildə “Rosneft” və Misirin “Egyptian Natural Gas Holding Company” (EGAS) dövlət şirkəti arasında 600 min ton durulaşdırılmış təbii qazın tankerlərlə çatdırılması haqda müqavilə imzalanıb. Rusiya bu investisiya sayəsində regionun enerji bazarında daha əhəmiyyətli oyunçu olur. Lakin bu əhəmiyyət Avropa bazarına türk təsirinin artması fonunda azalır.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin müəllimi, milli energetika təhlükəsizliyi fondunun aparıcı eksperti İqor Yuşkov qeyd edir ki, Türkiyə qaz habı olmaq planlarını həyata keçirmək üçün özünə mümkün qədər daha çox qaz kəmərinin çəkilməsini istəyir: “Rusiyanın Bolqarıstana çıxarmaq istədiyi keçmiş “Cənub axını” layihəsinin yenilənməsi türklər üçün əlverişsizdir. Avropa İttifaqı isə Türkiyə vasitəsilə tranzit asılılığına düşmək istəmir. Azərbaycan qazı artıq Türkiyə vasitəsilə gedir. Ankara İran qazını da daşımağı planlaşdırır. Hərçəndə Tehran qazının Avropaya çıxarılması perspektivi hələlik yoxdur”.

“Life.ru” yazır ki, Türkiyənin Avropa bazarında “tranzit sultanı” olmaq planlarının reallaşması çətin görünür.

“Rusiya Ankaraya öz təsir vasitələrini saxlamağa çalışır. Türk canavarı heç vaxt rus ayısına təkbaşına hücum etməyəcək. Referendumdan sonra Türkiyə ilə Qərbin münasibətlərində soyuqlaşma daha da gücləndi. Lakin Ankaranın Moskva ilə münasibətlərində də suallar var. Xüsusilə iki ölkənin Suriya, Krım və ərzaq embarqosu məsələrində fikir ayrılıqları ortadadır”, - deyə məqalədə vurğulanır.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR