Əhmədinejatın namizədliyinə izacə verilmədi

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib. Lakin ona seçkilərdə iştirak etməyə icazə verilməyib. Halbuki, bir müddət əvvəl İranın Ali dini lideri ayətullah Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, eks-prezidentin namizədliyinə münasibət birmənalı deyil:

“Bildiyiniz kimi, İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-si axşam saatlarında bəyanat yayaraq, 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Namizdəliyi təsdiqlənənlər arasında hazırki prezident Həsən Ruhani də var. Keçmiş prezident Mahmud Əhmədinejatın isə namizədliyi rədd edilib. İranın dini lideri Əli Xamneyi sentyabrın 26-da tələbələrinə keçdiyi “xaric-fiqh” dərsində Əhmədinejatın prezidentliyə namizədliyini irəli sürməsinə qarşı olduğunu da bildirmişdi. Xamneyi hətta ona namizədliyini irəli sürməsinin ölkənin ziyanına olduğunu, bunun ölkədə ikiqütblülük yaranmasına gətirib çıxaracağını söyləmişdi. Məhz bu açıqlamadan bir neçə gün sonra Əhmədinejat Xamneyiyə məktub yazaraq, namizədliyini irəli sürməyəcəyini, bununla bağlı heç bir niyyətinin olmadığını bildirmişdi. Lakin sonrakı proseslər və eləcə də keçmiş prezidentin açıqlamaları bunun əksini göstərdi. Ali-ruhani sistemin müsbət razılığı olmadan prezident seçkiləri kimi ciddi əhəmiyyətə malik prosesdə iştirak etməyin nəticəsinin belə olacağını ehtimal etmək olardı. İranın xarici siyasətində Qərblə anlaşmaya meylli, daxili siyasətində isə islahatçı imici olan bir namizəd lazımdır. Hazırki prezident bu funksiyaları yetərincə icra etməkdədir. Əhmədinejat prezidentliyi dövründə daha sərt və mühafizəkar baxışları ilə tanınırdı. İstər bir ay əvvəl Ruhaniyə ünvanlanmış sərt tənqidi məktubu, istərsə də Qərblə münasibətlərə dair verdiyi açıqlamalar onun indi də eyni mövqeyi paylaşdığına dəlalət edir”.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR