Əməkdar artistin 60 illik yubileyi qeyd olunacaq

Əməkdar artistin 60 illik yubileyi qeyd olunacaq
17:05 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Respublikanın əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olur.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev müvafiq əmr imzalayıb. Əmrə əsasən teatr sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibəti ilə Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyev mükafatlandırılıb.

Özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan aktyorun 60 illik yubileyi bu gün - 21 aprel tarixində saat 19.00-da Musiqili Teatrda qeyd olunacaq. Bu münasibətlə Ə. Əliyevin baş rolun ifaçısı olduğu Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.

Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsini bitirib, elə həmin il təyinatla Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrına) gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə. Əliyev ilk addımlarından teatr ictimaiyyətinin diqqətini cəlb edib. Ə. Əliyevin ifa etdiyi Rüstəm bəy "O olmasın, bu olsun", Vəli "Arşın mal alan", Kəblə Qubad "Ər və arvad" (Ü. Hacıbəyli), İbiş İbişli "Adamın adamı" (V. Adıgözəlov, Anar), Şükürbəyli "Məsmə xala dayımdır" (R. Mustafayev, C. Məmmədov), Nümayəndə "Bankir adaxlı" (E. Sabitoğlu, T. Vəliyeva), Polis Aslan "Yeddi məhbusə anası" (C. Quliyev, Ə. Əmirli), Knyaz Pantiaşvili "Xanuma" (V. Dolidze, A. Saqarelli), Ağa Zaman "Kimyagər" (S. Kərimi, Ə. Ol), Eynəkli "Milyonçunun dilənçi oğlu" (S. Ələsgərov, Ş. Qurbanov), Rüstəm "Mən dəyərəm min cavana" (F. Sücəddinov, T. Vəliyeva), Doymazov, Nazirov "Volqalı canan" (R. Mustafayev, A. Qüdrət), Kişi "Toya bir gün qalmış" (Ə. Səmədli) və s. obrazlar orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb.

Ələkbər Əliyev 2013-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/537432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR