DİM jurnalistikaya daxil olmaq istəyənlərə müraciət etdi

DİM jurnalistikaya daxil olmaq istəyənlərə müraciət etdi
17:13 21 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar bu gündən qeydiyyatdan keçə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar aprelin 21-dən 30 dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və mayın 3-dən 5-dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Abituriyentlər DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2 may 2017-ci il tarixində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi,“Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda) gətirməlidir.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə;

3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi;

4. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/195960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR