Suriya erməniləri Ermənistandan qaçır

Suriya erməniləri Ermənistandan qaçır
18:12 7 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Müharibə səbəbindən öz ölkələrini tərk edərkən Ermənistanı seçənlər indi dilənçi vəziyyətində olduqlarından şikayətlənirlər
Suriyada yaşanan müharibə üzündən ölkəni tərk edərək Ermənistana üz tutan ermənilərin çoxsaylı problemləri hələ də həllini tapmır. Artıq onların əksəriyyəti geri dönmək barədə düşünür. Erməni mətbuatı yazır ki, təkcə ötən il Suriya münaqişəsi nəticəsində 5 min erməni Ermənistana qayıdıb. Amma onların 51 faizi mövcud həyat şəraiti ilə razılaşmayaraq ölkədən qaçıb. Hazırda ölkədən qaçan Suriya ermənilərinin əksəriyyəti xarici ölkələrdə miqrant kimi yaşayır.

Qərb saytlarına açıqlamalarında ermənilər burada özlərinə müvafiq iş tapa bilmədiklərini xüsusi vurğulayırlar. Məsələn, Şant Xayalyan adlı Suriya ermənisi 2012-ci ildən Suriyanın Hələb şəhərini tərk edərək Ermənistana gəlib: “İnsanların oğurlanması və pul tələb etmək halları başlayanda, atam dedi ki, ölkədən çıxmaq vaxtı gəlib, lakin mənə “orduya getməlisən” deyilməyincə, tərəddüd edirdim. Bunu hər iki tərəfdən tələb edirdilər. Mən onlardan heç birini seçmədim, mənim seçimim ölkədən getmək oldu”. Xayalyan Ermənistanda yaşayan 13 min suriyalı ermənidən biridir. Bu, Suriyada vətəndaş müharibəsi başlanandan sonra ölkəni tərk etmiş erməni mənşəli suriyalıların təxminən üçdə biri deməkdir.

Ermənistan qaçqınları aldadaraq böyük nəvazişlə qarşılasa da, suriyalı ermənilər sonradan aldandıqlarını başa düşürlər. Əhalisinin üçdə biri yoxsulluq həddində yaşayan bir ölkədə onların həyatı ağır sınağa çevrilir. Ermənistan hökumətinin məlumatına görə, müharibədən qabaq Suriyada 80 minə yaxın erməni yaşayıb. Onların çoxu 20-ci əsrin əvvəlində Osmanlı imperiyasından (hazırkı Türkiyə ərazisi) köçən ermənilərin nəvə-nəticələridir. Bu gün Suriyada qalan 40-45 minə yaxın ermənilərin yarısı Hələbdə yaşayır. Ermənistan Diaspor Nazirliyinin rəqəmlərinə görə, münaqişə başlayandan bəri onların 15-20 mini Livana, təxminən 13 mini Avropa ölkələri və ABŞ-a köçüblər. Ermənistan Diaspor Nazirliyinin Yaxın və Orta Şərq Erməni İcmaları ilə Əlaqələr İdarəsinin rəisi Lusine Stepanyan Ermənistana Suriya qaçqınlarının kütləvi axınının 2012-ci ilin yay aylarında başladığını söyləyir. “İyun-iyul aylarında vəziyyət, xüsusilə Hələbdə gərginləşməyə başlayanda Ermənistana yay məzuniyyət və tətillərini keçirməyə gəlmiş insanlar anlayıblar ki, geri dönə bilməzlər” – deyə Lusine Stepanyan bildirib.

Suriya ermənilərinin Ermənistana gəlməsinə rəvac vermək üçün Ermənistan hökuməti onlar üçün vətəndaşlıq almaq prosesini asanlaşdırıb, eləcə də onlara tək Ermənistanda deyil, həmçinin Suriyada və Livanda Ermənistan konsulluqlarında pasport almaq icazəsi verilib. Onun sözlərinə görə, 2012-ci ildən bəri 13 minə yaxın Suriya ermənilərinə Ermənistan vətəndaşlığı verilib. Ermənistan vətəndaşlığı olmayanlar dərhal sərhəd-keçid məntəqələrində Ermənistan vizasını ala bilir və ölkədə müvəqqəti yaşamaq icazəsi üçün rüsumlardan azad olurlar. Lakin buna baxmayaraq, bəzən bir çox köçkünlər Ermənistanda iş tapmaq üçün peşəsini dəyişməyə və ya yeni ixtisas almağa məcbur olurlar. Bəziləri əlavə dəyər vergisi və dövriyyədən tutulan vergilərin böyük olduğu səbəbindən və iqtisadi perspektivlər olmadığından Ermənistanda bizneslə məşğul olmağın çətinliyini qeyd edirlər.

“Onlar, həmçinin Suriyadan kənarı, başqa ölkələri də əhatə edən böyük ərəb bazarında işləyiblər. Faktiki 25 milyon əhalisi olan ölkədə, 6 milyonluq şəhərdə yaşayıblar. Bura isə cəmi 3 milyonluq və MDB ölkələrinə çıxa biləcək bazardır, onlar bu ölkələrin xüsusiyyətləri və zövqlərinə bələd deyillər” - deyə Repat Armenia fondunun icraçı direktoru Vartan Maraşlyan bildirib. “Bundan başqa, Ermənistanda nailiyyət əldə etmək üçün böyük çevikliyə və geniş ailə, yaxud şəxsi əlaqələrə malik olmalısan” – deyə Maraşlyan bəyan edib. Suriyadakı abad yaşayışdan sonra çoxları üçün, hətta işlə təmin olunduqdan sonra da Ermənistan həyatına öyrəşmək çətindir - onların müharibədən əvvəl Suriyada gəlirləri qat-qat artıq olub.

38 yaşlı Alin Kasabci dörd aydır ki, ailəsi ilə Ermənistana gəlib. Hələbdə onun ərinin öz mağazası olub, Alin isə tibb bacısı işləyirdi. O, özləri ilə gətirdikləri pulun qurtardığını və Ermənistanda iş tapa bilmədiklərini deyir: “Burda bizə Avropadakı kimi yardım etmirlər. Məsələn, biz ev kirayəsini özümüz veririk, daha pulumuz yoxdur. Biz elə bil dilənçiyik. İki aydır ki, pulumuz qurtarıb. Nə burda yaşaya bilirik, nə də öz şəhərimizə qayıda bilərik”. Alin ərinin bir hələbli dostu ilə Yerevanda mağaza açdığını, lakin ziyana düşüb, bağlamağa məcbur olduğunu deyir. Alinin özü isə dil probleminə görə iş tapa bilmir. O, Suriya ermənilərinin danışdığı erməni dilinin qərb dialektində də çox pis danışır və həmyerlilərindən fərqli olaraq yerevanlı soydaşları ilə ünsiyyət yaratmaq çox çətin olur. İş tapmaq ümidi ilə Alin digər suriyalı köçkünlərlə BMT Qaçqınlar Agentliyinin yardımı ilə KASA fondunun təşkil etdiyi erməni dili kurslarına gedir. Bəzi Suriya erməniləri etiraf edirlər ki, Ermənistanda ağır iqtisadi vəziyyət onları firavan Qərb ölkələrinə getmək imkanları axtarmağa məcbur edir. Lakin Alinin yeganə arzusu - Hələbə, öz evinə qayıtmaqdır: “Bizim heç vaxt Avropaya getmək fikrimiz olmayıb. Biz həmişə öz şəhərimizə qayıtmaq haqqında düşünürük. O, çox yaxşı şəhərdir, insanlar çox yaxşı idi, hamı bir-birini sevirdi, biz əlbir idik”.

“Çoxları Qərbə getmək istəyir, lakin onlara buradakından daha soyuq iqlimə, dilə uyğunlaşmaq çətindir. Nəsildən-nəslə onlar ermənicə danışıblar, indi, məsələn, İsveç dilini öyrənmək asan deyil” – deyə BMT Ermənistan Nümayəndəliyinin Qaçqınların Hüquqları üzrə Agentliyinin xarici əlaqələr üzrə mütəxəssisi Anahit Hayrapetyan deyir. Şant Xayalyan üçün isə Suriya böhranı tarixin növbəti acı dərsi olub. Onun sözlərinə görə, Suriyada sülh bərpa olunduqdan sonra o, oraya yeganə bir şey üçün qayıdar – orada qalan mülkünü satmağa. “Son nəticədə biz ermənilər, dərk etməliyik: 1915-ci ildə çoxlu problemimiz oldu, Azərbaycanla problemlərimiz var, İraq-Küveyt müharibəsi, Suriyadakı müharibə və sairə. Yəni, əgər köklərin orada olsa belə, yaşadığın öz ölkən deyilsə, unutmamalısan ki, öz ölkəndə deyilsən” – deyə Şant bildirib.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR