Elnarə Tofiqqızının ölümü ilə bağlı məhkəmə davam etdirilib

18:17 7 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 18:12 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə mərhum Elnarə Tofiqqızını əməliyyat etməli olan cərrah Mahir Məmmədov şahid qismində ifadə verib. A. Niftəliyev bildirib ki, M. Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyətli məqamlar üzə çıxıb.

Ölümdə təqsirləndirilən həkim Firuz İbrahimov isə bildirib ki, xəstədə risk faktoru olub-olmadığını cərrah Mahir Məmmədovdan soruşub və cərrah belə bir faktorun olmadığını deyib.

Proses yanvarın 21-də davam etdiriləcək.

Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.

 

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

 

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR