Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Böyük Britaniya səfiri ilə görüşüb

18:17 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 18:11 ]


Bakı. Cavid Zeynallı – APA. Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüş keçirib.

 

APA-nın məlumatına görə, görüş zamanı İ. Siddiq bildirib ki, mərkəzin İngiltərə ədəbiyyatından tərcümə və nəşr etdiyi kitabların kataloqu ilə tanış olub.

 

“Bu qədər dəyərli əsərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hadisə hesab edirəm. Xüsusən, diqqətimi tərcümə olunan ədəbiyyatların və müəlliflərin seçimi cəlb edib. O mənada ki, olduqca görkəmli müəlliflərin əsərlərini dilinizə çevirmisiniz”, - deyə o vurğulayıb.

 

Mərkəzin 25 ildir fəaliyyət göstərdiyini deyən A. Məsud isə bildirib ki, bu illər ərzində təkcə bədii tərcümə sahəsində dünya ədəbiyyatından yüzlərlə əsərin tərcüməsi və nəşri həyata keçirilib: “Mərkəzin yeni statusu fəaliyyət dairəmizi genişləndirib. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, tərcümənin digər sferalarında gedən proseslərə nəzarəti, bu sahənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi və tənzimlənməsi işini həyata keçirməyə çalışacağıq”.

 

A. Məsud Böyük Britaniya ədəbiyyatından tərcüməsi və nəşri 2015-ci ildə nəzərdə tutulmuş əsərlərdən, həmçinin Azərbaycan ədəbiyyatının və dilinin beynəlxalq aləmdə aktuallaşması istiqamətində görülən işlərdən danışıb. A. Məsud qeyd edib ki, Azərbaycan ədəbiyyatının, onun tarixinin, elmi-fəlsəfi fikrinin dünyada təbliği istiqamətində iş aparılır: “Bu istiqamətdə nəzərdə tutulan mühüm əhəmiyyətli işlərdən biri də Azərbaycan dilinin xarici ölkələrin təhsil ocaqlarında tədrisinin təşkilidir”.

 

Daha sonra səfir Böyük Britaniya səfirliyinin Mərkəzlə qarşılıqlı əməkdaşlığı məsələsinə toxunub. O qeyd edib ki, hazırda Kembric və Oksford Universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən hazırlıq işləri gedir və Bakıda yerləşən Böyük Britaniya Konsulluğu Böyük Britaniya nəşriyyatları və yazıçıları ilə əlaqə qurmaqda Mərkəzə yaxından kömək edəcək. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR