Zahid Qaralovun vəfatı ilə bağlı NEKROLOQ

Zahid Qaralovun vəfatı ilə bağlı NEKROLOQ
18:24 7 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri Zahid Qaralovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Lent.az-ın məlumatına görə, nekroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov 2015-ci il yanvarın 7-də ömrünün 81-ci ilində vəfat edib.



Zahid Qaralov 1934-cü il iyul ayının 10-da Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində orta məktəb direktoru kimi başlayan Zahid Qaralov 1959–1961-ci illərdə Dmanisi rayon komsomol komitəsinin birinci katibi olub. O, 1961–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun əyani aspiranturasında oxuyub. Zahid Qaralov 1964–1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini, 1976–1984-cü illərdə isə həmin institutun direktoru vəzifələrində çalışıb. O, 1984–1987-ci illərdə Azərbaycan Respublikası maarif nazirinin müavini işləyib. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək yenidən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru vəzifəsini tutub.

Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Tutduğu vəzifələrdən asılı olmayaraq, o üzərinə düşən bütün işləri layiqincə yerinə yetirmiş, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğruldub.

Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını alıb.

Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirə layiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunub.

Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi var. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə edib. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirib.

Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilib. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi və xeyirxah insan Zahid İbrahim oğlu Qaralovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR