Bir qəpikdə yığılan milyonlarla mikrob xəstəlik saçır

Bir qəpikdə yığılan milyonlarla mikrob xəstəlik saçır
18:37 7 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

İnsan həyatı boyu mikroblardan mümkün qədər uzaq durmağa, gün ərzində əllərini yumağa, müxtəlif antibakterial gellərdən istifadə etməyə çalışır. Mikrobların yarada biləcəyi xəstəliklərin sayı-hesabı olmadığından xüsusən ətraf mühitlə əlaqədə olduqda daha çox diqqətli olmaq tələb olunur.

Mikroblara yoluxmamaq üçün nə qədər çalışılsa da, əksər hallarda insanlar özləri də bilmədən mikroba bulaşır, üstəlik mikrobları geyim, saç, əldə evlərinə kimi aparırlar. Avtobus tutacaqları, masalar, insan əli toxunan bütün əşyalar mikrob mənbəyi sayıldığı halda bəzən insan ən böyük mikrob yuvasını elə çantasında daşıdığını da unudur. Məsələn, elə pul insanların müxtəlif viruslara yoluxması üçün ideal bir vasitədir.

Oksford Universitetinin apardığı araşdırmalara görə, bir kağız pulun üzərində 26 min, dəmir pulun üzərində 18 min mikrobun yaşaması mümkündür və bu mikroblar əldən-ələ yayıldığı üçün ilk növbədə qrip və bu kimi hava-damcı yolu ilə keçən mikrobların yayılması üçün əlverişli şərait yaradır. Maraqlı haldır ki, mikroba qarşı həssas olan insanlar belə puldan qorunmaq lazım olduğunu bilə-bilə buna əməl etmirlər. Puldan istifadədən dərhal sonra əllər yuyulmalı, yaxud antibakterial gellərdən istifadə olunmalıdır. Pulla təmasda olan əl geyimə, saça, çantaya, daim istifadə olunacaq əşyalara toxundurulmadan təmizlənməlidir. Gözə, ağıza isə qətiyyən vurulmamalıdır. Milyonlarla bakteriyanı özündə birləşdirən pullar nə üçün bu qədər mikrob yığır və hansı xəstəliklərə səbəb olur?

Həkim-infeksionist Telli Əliyevanın sözlərinə görə, pulla bir çox xəstəliklərin yayılması mümkündür ki, bunlardan ən təhlükəliləri də tif, hepatit A, dizenteriya, tüberküloz, müxtəlif parazit xəstəlikləri, bağırsaq infeksiyalarıdır. Bu xəstəliklərə yoluxan insanların 90%-i pulla təmasdan sonra əllərini yumur, gün ərzində qidadan tutmuş şəxsi gigiyenaya kimi çirkli əllərlə hərəkət edirlər. Ölkədə tez-tez yayılan qrip virusunun da bir nömrəli səbəbi pullardır: "Pul elə bir şeydir ki, insan istəsə də onu mikroblardan qoruya bilmir. Məsələ sadəcə əllərin pula toxunması deyil. Məsələn, ət satan bir insanın əti doğrayıb eyni əllə pul alması, digər bir insanın pulu barmaqlarına tüpürərək sayması, bir başqasının cibində pulun tərdən nəmlənməsi və bu kimi bir çox amillər var ki, pula bakteriya toplanması üçün səbəblər yaratsın. Bu bakteriyalar gündəlik həyatda bəlkə də sağlam insana bulaşmır, amma pulla təmas onu elə infeksiyalara yoluxdurur ki, bəzən insan özü belə heyrətə düşür".

Həmsöhbətimiz deyir ki, bunun üçün bir sıra tədbirlər görmək, riski minimuma endirmək lazımdır. "Məsələn, axşamdan səhər istifadə olunacaq kağız pulları dəmir pullarla əvəzləmək və bu pulları ya nəm salfetlə silmək, ya da qaynar suda yaxalamaq mümkündür. Belə olan halda nə siz başqasından qalıq pul almaq məcburiyyətində qalacaqsınız, nə də sizdəki pullar mikrob yuvasına çevriləcək".

T.Əliyeva hesab edir ki, pul mümkün qədər cibdə deyil, pulqabılarında saxlanmalı və nəmdən uzaq tutulmalıdır. Nəzərə almaq lazımdır ki, pulun gətirdiyi xəstəlikləri bəzən pul özü də sağaltmaqda aciz olur.

Pul dünyanın ən çirkli vasitəsidir. Bu səbəbdən çirklə birbaşa təmasda olan kişilər daha şanssız hesab olunurlar. Qadınlar mikrob yuvasını çantalarında daşıdıqları halda kişilər pulu cibdə, yaxud pulqabıda gəzdirməyə məcburdurlar. Bu da pulun və ya qabın insan bədəninin istiliyi sayəsində daha çox mikrob artımına məruz qalmasına səbəb olur.

Pul eyni zamanda üz dərisinin civzələnməsinə səbəb olur. Xüsusən, gənclər və tələbələr tərəfindən mütəmadi olaraq üzlərinin və saçlarının əl təmasına məruz qoyması nəticəsində mikrobların üz dərisinə keçmə riski artır. Bu da dərinin tez bir zamanda mikrob qapmasına və civzələnməsinə səbəb olur. Dermatoloq Sahib Rzayev də pul üzərində olan mikrobların ən az ayaqyolunda olan mikroblar qədər bol və təhlükəli olduğunu qeyd edir. Onun sözlərinə görə, artıq iri dövlətlər belə təhlükədən xəbərdardır və pulların materiallarının dəyişdirilməsi üzərində çalışmalara başlanılıb: ""Foodborne Pathogens and Disease" jurnalında 2010-cu ildə yayımlanan nəticələrdə göstərilir ki, polimerdən hazırlanan pulların mikrob tutumu ilə kağız və ya kətandan hazırlanan pulların mikrob tutumu bir deyil və polimer material mikrob yaşaması və yayılması baxımından çox əlverişsizdir. Polimer material etibarilə nəmi əmdiyi üçün mikrobların yayılma şəraiti olmur. Kağız və kətanda isə nəmlik dərəcəsi eyni qalmaqla yanaşı arta da bilir. Yayılan dəri xəstəliklərinin 70%-i mikroblardan qaynaqlandığını nəzərə alsaq pula və üzə toxunan əlin də hansı təhlükəni daşıdığını görmək çətin deyil. Bu səbəbdən əllər gün ərzində nəinki üz dərisi, bədən dərisi ilə yuyulmadan təmasda olmamalı, hətta saçlara belə vurulmamalıdır".

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/317801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR