“Atam uzaqdadı, cəhənnəm kimi bir yerdə...” – İNTERNATDAN REPORTAJ

“Atam uzaqdadı, cəhənnəm kimi bir yerdə...” – İNTERNATDAN REPORTAJ
15:19 1 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

 

Yer üzündə bircə qadın varsa, məhəbbət var yer üzündə...

Yer üzündə bircə çocuq varsa, övlad var yer üzündə...

Yer üzündə bircə ağac varsa, kölgə var yer üzündə...

Yer üzündə bircə tikə torpaq varsa, vətən var yer üzündə...

 

Vaqif Səmədoğlunun ümid saçan bu misralarını belə tamamlayanda dünyanın yaşanmalı yer olmadığından əmin olursan:

 

Yer üzündə

bircə kimsəsiz uşaq varsa

ədalət yoxdur yer üzündə...

 

Yer üzündəki bütün kimsəsiz körpələrin kimsəsi olmaq mümkün olsaydı kaş ki...

 

Yazar Sevinc Elsevərlə bütün bunları danışa-danışa 2 saylı internat məktəbinin həyəti ilə addımlayırıq. Ağacın dibində yupyumru parıltı var. Pişiyin kirpi kimi yumurlandığını ilk dəfə görüb şəklini çəkmək istəyəndə ayağa qalxıb, irəli çıxır. Quyruğunu bulayır, başını silkələyib, sağa-sola boylanır... Sevinc kövrəlir:

 

- Vüsalə, burada pişik də adi diqqətə laqeyd qalmır...

 

- Deməli, internatda pişiyin belə qayğıya ehtiyacı var...

 

Bir az irəlidə, məktəbə yaxınlaşanda balaca bir küçük səsini başına atıb hürməyə başlayır. Uzaqdan gəlişimizi görüb üstümüzə qaçan Dəniz küçüyü səsləsə də, it onu eşitmək istəmir. Dayanmadan hücum edir, hürür. Ta o vaxta qədər ki, Dəniz hər iki qolunu boynuma dolayır. Biz qucaqlaşan kimi, yad olmadığımızı yəqin edib, uzaqlaşır...

 

Dəniz bizi məktəbə, görüş otağımıza ötürüb, o biri uşaqları çağırmağa qaçır. “Bizimlə qal, tərbiyəçilər uşaqlara gəldiyimizi xəbər verəcəklər” deyirik, amma kimə deyirsən? Saç düzümünə heyran olduğumuzu bildiyindən, balaca, şirin əlləri ilə gözünün üstünə tökülən tellərini yana itələyib, “Yox, qoy mən xəbər verim” deyərək, gözdən itir!

 

Sevinc ilə ondan ayrılmamaq üçün bəhanə axtarır, ilk ağlımıza gələn fikri arxasınca qışqırırıq:

 

- Dəniz, birdən it yenə bizə hücum edər?!

 

Uzaqdan səsi eşidilir:

 

- O hələ it deyil, küçükdür! Özü də sizi tanıyır, öpdüyümü gördü!

 

Dənizin saç düzümü ilk gündən diqqətimi çəkib. Adətən uşaq evləri və internatlarda uşaqların saçlarının qısa kəsildiyini müşahidə etmişəm. Bu barədə kədərli xatirələri “İnternat dramı”ndakı hekayələrdən də bilirəm. Ona görə də elə ilk tanışlığımızda direktor müavinindən soruşmuşdum Dənizin saç düzümü barədə. Onun “Biz uşaqların saç düzümünə qarışmırıq. Mənim işim vaxtlı-vaxtında dəlləyi internata dəvət etməkdir. Saçlarını necə kəsdirəcəklərinə uşaqlar özləri qərar verirlər”, deməsinə sevinmişdim. Qapalı müəssisədə uşaqların seçim hüququ olması gözəldir.

 

Artıq bir neçə aydır ki, internat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsi çərçivəsində yazar Sevinc Elsevərlə buraya o qədər gəlib-getmişik ki, qonaq sayılmırıq, yolu yaxşı tanıyırıq. Şənbə günüdür, dərs yoxdur. İki dəqiqə çəkmir, gəldiyimizi eşidən uşaqlar elə ev paltarında, sonuncu dəfə oxuduğumuz Astrid Lindqrenin “Uzuncorab Peppi” kitabı qucaqlarında qaçıb gəlirlər. Görüşmədiyimiz vaxtlarda nə oxuduqları barədə az qala xorla danışırlar. Kitab haqqında elə sevgi ilə danışırlar ki, düşünürsən ölkədə kitab oxunan yeganə yer internatdır. Kənarda heç bir uşağın dilindən bu qədər kitab sözü eşitməmişəm...

 

Uşaqların əksəriyyəti biliyi DİM imtahanlarında bal toplaya bilmək üçün əldə etməyə çalışdığı bir zamanda kiminsə heç bir uzaq plan qurmadan, sadəcə öyrənmək üçün oxumasını görmək elə qəribədir ki... Axı bu uşaqlar ali təhsil almayacaqlarını bilirlər... İnternatın 9 illik təhsili ilə universitetin xəyalını belə qura bilməyəcəklərini bilirlər... Yəqin elə buna görədir ki, arzularını dinlədikcə kövrəlirsən... Əksəriyyəti aşpaz olmaq istəyir. Doyunca yemək yemirlər bəlkə, ondandı?... Ya bəlkə mətbəxlə ailə məfhumu arasındakı o gizli bağlılıq çəkir onları aşpazlığa?... Kim üçünsə sevgi ilə yemək hazırlamaq... Kim... Kimsə... İnsana “kimsəsiz” deyilən yerlərdə ən böyük arzu, ən qiymətli xəyal KİMSƏdir... Kimsəsi olanın, arxasınca heç olmasa ayda bir dəfə gələni olanın bir az irəli gedib kollec tələbəsi olmaq kimi arzusu var burada...

 

Bu arada, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, onlar dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qısası, valideyn himayəsindən məhrum olan uşaqlara ali təhsil pulsuzdur. Gözəl! Amma könül istərdi öncə onları universitetə aparacaq yoldakı maneəni aradan qaldıraq – təhsil 11 illik olsun. 11 illik təhsil bu uşaqlara hamıdan çox lazımdır.

 

Burada uşaqların universitet sözünü tələffüz edərkən gözlərindəki qığılcımı görsəydiniz kaş... Oxucu xatırlayırsa, bu gün Rusiyada hüquq təhsili alan Rəşad Əhmədov “İnternat dramı”nda universitet xəyallarından danışmışdı:

 

- Hələ körpəlikdən hamıya deyirdim ki, “Böyüyəndə univeysitetə giyəcəyəm”. Uşaqlar “səni ora buraxmayacaqlar, çünki “R” hərfini deyə bilmirsən” deyirdilər. Buna görə də hər gecə uşaqlar yatandan sonra yorğanın altında öz-özümə “rrrrrr” deyir, elə yuxuya gedirdim...

 

Rəşad da Dəniz kimi, internata üç qardaşı ilə sığınmışdı. Dəniz də Rəşad kimi, ailənin sonbeşiyidir...

 

Mən əvvəlcə 13 yaşlı Eynurla tanış oldum. Üç qardaşın ikincisi ilə. Utancaq təbəssümü ilə elə hey kitablarla maraqlanırdı. Bir az keçmiş onunla bir sinifdə oxuyan, 15 yaşlı qardaşı Elmir gəldi. Növbəti görüşümüzə isə kiçik qardaşlarını, 11 yaşlı Dənizi də gətirmişdilər.

 

Dəniz 4-cü sinifdə oxuyur. Sinif əlaçısıdır. Hələ 3-cü sinifdə oxuyanda internat uşaqları arasında keçirilən tennis yarışının qalibi olub. Qürurla mənə kubokunu göstərir, ona “mən də tennis üzrə ölkə birincisiyəm” deyəndə təəccüblənir. “Xəyallarımda” deyərək əlavə edirəm, ürəkdən gülüb “Bacarmırsınızsa, eybi yox, mən öyrədərəm” deyərək, əlimdən tutub, məktəbin dəhlizindəki tennis stolunun yanına gətirir:

 

- Zəng vurulan kimi qaçırıq tennis oynamağa! Hər mərtəbədə tennis stolumuz var. Bütün tənəffüsü tennis oynayırıq!

 

Eynur əlavə edir:

 

- Mənim basketbolda və voleybolda da nəticələrim pis deyil.

 

- Elmir, bəs siz? – deyə danışmağa sıxılan, şən qardaşlarından daha qayğıkeş görünən böyük qardaşdan soruşuram. – İlk görüşümüzdə bizim üçün pianoda çalmağınızı yaxşı xatırlayıram. Əla idi!

 

- Mənim də basketbol nəticələrim pis deyil, amma pianoda çalmağı daha çox sevirəm. Bir də rəsm çəkməyi. Sizin üçün nağıl yazanda da dəftərin hər səhifəsinə mövzu ilə bağlı şəkillər çəkirəm.

 

- Bilirəm. Bu mənim çox xoşuma gəlir! Sizin çəkdiyiniz şəkillər yazdığınız nağıllar qədər maraqlıdır...

 

Dəniz tennis oynayarkən necə dayanmaq lazım olduğunu göstərir. Ürək-dirək də verir:

 

- Qorxmayın, yarışlara qatılın! Bəlkə siz də udarsınız! Əsas şansdır. Şansınız varsa, qalib gələ bilərsiniz!

 

Eynur davam edir:

 

- Əsas odur ki, qalib gələcəyinə inanasan! Əgər inansan, onda udacaqsan! Bax, mən də məktəbin orkestrində çalıram. Amma ən çox sevdiyim karatedir. Dənizlə filmlərdə hərəkətlərə diqqət edir, sonra onları təkrarlayırıq. Kişi gərək güclü olsun, özünü müdafiə edə bilsin!

 

- Neçə vaxtdır buradasınız?

 

Bayaqdan dil-qəfəsə qoymaq bilməyən balaca dostlarım ikisi də susur. Eynur köynəyinin qolunu ovcunun içində tutub, aşağı dartır. Dəniz susub, amma insanı valeh edən təbəssümü üzünü tərk etməyib, düz gözümün içinə baxıb, növbəti sualı gözləyir. Elmirin üzünə baxıram, təmkinlə cavab verir:

 

- Mən əvvəlcə Azərbaycanda 1-ci sinfə getmişəm. Sonra anam və onun valideynləri ilə Rusiyaya, atamın yanına köçmüşük. Rusca bilmədiyim üçün orada yenidən 1-ci sinfə getməli olmuşam. Hər iki qardaşım da Rusiyada dünyaya gəliblər. İndi mən 9-cu sinifdə oxumalıyam, amma 6-cı sinifdə oxuyuram. Çünki Rusiyadan qayıdandan sonra yenə bir sinif aşağıdan başlamalı oldum... 3-cü sinifdən isə buradayam...

 

Dəniz dabanını qaldırıb, əllərini uzadır:

 

- Əvvəl isə orada idik. Ora lap uzaqdır – Saxalin!

 

- Mən isə orada bağçaya gedirdim, – Eynur əlavə edir.

 

- Bizi buraya anam gətirdi... – Elmir susur. Dəniz gülə-gülə davam edir:

 

- Anam indi özünə təzə iş tapıb – piroq bişirir. İki həftədən bir də bizi görməyə gəlir!

 

- Bəs atanız...?

 

Susurlar. Elmir, “Hələ ki, Rusiyadadır...” pıçıldayır. Baş verənləri Elmir qədər dərindən anlamayan 11 yaşlı Dəniz “Boşanıblar!” deyir. Eynur yenə köynəyinin qollarını dartışdırır. Elmir bu barədə danışmaq istəmədiyini açıqca bəlli edir:

 

- O, cəhənnəm kimi bir yerdədir...

 

Dəniz hər iki əlinin iki barmağını gözünün önündə çarpazlayaraq, “həbsdədir” əlavə edir. Uşaqların deməyə ən çox çətinlik çəkdikləri məqamı Dəniz deyir. Eynur izah edir:

 

- Narkotik satıb... düşüb ora... Anam da ayrılıb... Çünki pulu bizə yox, başqa ailəsinə xərcləyib...

 

Dəniz yenə sevinclə:

 

- İndi anamın təzə əri var!

 

Elmir:

 

- Anamla atam ayrılanda şəxsən mən ağladım. İndi də çox istəyirəm ki, barışsınlar... Atamı ittiham etmək istəmirəm. Olub də... Hər nə səhvi olubsa, cəzasını çəkir... Üstündən də mən cəzalandırsam, doğru olmaz...

 

Dənizin səsi Elmiri susdurur:

 

- İndi bizim bacımız olacaq!

 

Eynur da söhbəti dəyişməyə çalışır:

 

- Yayda anam bizi kəndə aparacaq. Orada bacımızı oynadacağıq.

 

- Hansı kəndə?

 

- Tovuzun Dönük Qırıqlı kəndi! – Dəniz cavab verir. – Anam hər il mayın sonunda gəlib bizi kəndə, nənəmgilə aparır. O biri nənəmgil də o kənddə qalır. Amma biz küsülüyük, anamın anasıgildə qalırıq. Kəndimiz elə gözəldir ki! Babam bağımıza çox qəşəng qulluq edir. Kənddə hər gün çayda çimməyə gedirik. Balıq tutur, yolun kənarında satırıq. O biri nənəmgilin də qonşu məhəllədə saray kimi böyük evləri var. Amma mən istəməzdim o boyda evimiz olsun. Axı evsizlər baxıb heyfsilənəcəklər.

 

- O evi qazanmaq üçün əvvəlcə yaxşı oxumaq lazımdır, - Eynur əlavə edir.

 

- Pulu doğru yolla qazanmaq lazımdır. Düz yolla, təmiz vicdanla. Mən təhsil almağa başlayanda elə alındı ki, gah rusca, gah Azərbaycanca oxumalı oldum. Nəticədə dilləri qarışdırdım və indi qiymətlərim qardaşlarım qədər yaxşı deyil. Buna təəssüf edirəm və gələcəyim üçün narahatam... Amma ondan əminəm ki, heç vaxt düz yoldan sapmayacağam.

 

Dəniz:

 

- Anam hər dəfə yanımıza gələndə bizə şirniyyat alır. Mən öz payımdan uşaqlara da verirəm. Deyirlər bu nədir, azdır, hamımıza çatmır. Deyirəm şükür edin! Adam şükür etməyi bacarmalıdır.

 

- Uşaqlar, gələcəyinizi necə planlaşdırırsınız?

 

Eynur:

 

- Mən ailəmə yaxşı baxacağam. Atamız hələ biz dünyaya gəlməzdən əvvəl bizim üçün torpaq almışdı. Böyük torpaq sahəsidir. Orada ev tikib, həmişə bir yerdə mehriban yaşamaq olar. İstəyirəm ki, böyüyəndə kirayə yox, bir-birimizə yaxın olan öz evimiz olsun.

 

- Bayaq təlimdə soruşanda Dəniz dedi ki, mənim arzum sirdir, uşaqların yanında deyə bilmərəm. İndi uşaqlar burada deyil, deyə bilərsən?

 

- Sizə deyərəm! Sehrli olmaq istəyirəm! – Dəniz yenə gülür. Eynur əlavə edir:

 

- Sehrli olmaq yaxşıdır. Ailəndəki bütün problemləri həll edə, kasıblara əl tuta bilərsən. Mənim arzum odur ki, bütün kasıbların yaşamağa evi, yeməyə yeməyi olsun. Bütün uşaqlar analarının yanında olsunlar. Allah elə etsin ki, heç kim dünyaya şikəst gəlməsin.

 

Elmirin arzusu isə çöhrəsini bürüyən qayğıya bükülüb:

 

- Arzum həmişə anamın yanında olmaq, ona baxmaqdır... Yəni tək anama yox, istəyirəm ki, valideynlərimə baxım.

 

- Bağışlayırsınız...?

 

Dəniz: Xeyr, pis atadır!

 

Eynur: Satıb heç olmasa bizə verərdi, amma başqasına verib...

 

Elmir: Mən artıq bağışlamışam... Pis ata deyil, səhv edib, amma əslində bizim üçün edib... Yəqin qismət elə gətirib ki, başqasına verməli olub... Mən onu bilirəm ki, atam bizi sevib! Həqiqətən sevib! Bunu gözümlə görmüşəm – Eynur həmişə nadinc olub. Biz Rusiyada yaşayanda da bir dəfə şuluqluq etdiyinə görə qonşular polis çağırmışdı. Polis bizi həbs edəcəyini deyəndə, atam “uşağın yerinə məni həbsə atın”, dedi...

 

Uşaqlar başımıza yığılan kimi mövzunu dəyişirik. Şəkillər çəkiləndə Dəniz imkan tapıb qulağıma pıçıldayır:

 

- Sizin adınız Facebookda necə yazılıb?

 

Vidalaşanda isə həmişəki kimi, uşaqlar bizi internatın qapısına kimi ötürürlər. Orada sıra ilə düzülürlər, qucaqlaşıb, öpüşürük. Böyüklər utanır, amma balacalar yenidən gedib sıraya dayanırlar... Növbəti dəfə qucaqlaşıb öpüşmək üçün...

 

Vüsalə Məmmədova


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR