Ekspert: "Azərbaycan hökuməti tərəfindən optimal ixrac strategiyası həyata keçirilir"

Ekspert: "Azərbaycan hökuməti tərəfindən optimal ixrac strategiyası həyata keçirilir"
15:37 1 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Qloballaşma şəraitində hər bir ölkənin iqtisadi inkişafı daxili iqtisadi, sosial və institusional strukturlarla yanaşı, eyni zamanda xarici ticarət əlaqələrindən asılıdır. Belə ki, beynəlxalq ticarət nəzəriyyələri və dünya təcrübəsi göstərir ki, iqtisadi inkişaf xarici ticarətin genişlənməsi nəticəsində ortaya çıxan sahədaxili və sahələrarası ixtisaslaşma, miqyas effektləri, rəqabətin artması, ölkədaxili inhisarların zəifləməsi, ölkəyə yeni texnologiyaların transferti və bütövlükdə resurslardan daha səmərəli istifadə hesabına sürətlənir. Bu baxımdan dövlətlərin xarici ticarətdən iqtisadi inkişaf istiqamətində daha effektli istifadə etmək məqsədilə tətbiq etdikləri idxalı əvəzləyən ixrac yönümlü strategiyalar mövcuddur. İdxalı əvəzləyən strategiyalar daha çox "böyük iqtisadiyyatlar"da inkişafın ilk mərhələlərində fayda verir. İxrac yönümlü strategiyalar isə daxili bazar həcmləri məhdud olan "kiçik iqtisadiyyatlar" üçün daha effektli hesab olunur.

Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun müşaviri, dosent Elşən Bağırzadə səsləndirib.

Müsahibimiz bildirib ki, hazırda makroiqtisadi stabilliyin mühüm elementi olan valyuta gəlirlərinin uzunmüddətli dövrdə davamlılığının təmin olunması baxımından ixrac gəlirlərinin artırılması və neftdən asılılığının azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən fəal xarici ticarət strategiyası həyata keçirilir. "Daha asan ticarətin daha çox ticarət, daha çox ticarətin isə daha sürətli iqtisadi artım və iqtisadi inkişaf doğurması" prinsipinə əsaslanan bu yeni strategiya idxalı əvəzləyən və ixrac yönümlü iqtisadi inkişaf strategiyalarının optimal kombinasiyasından istifadəni nəzərdə tutur. Qəbul edilmiş strateji yol xəritələri göstərir ki, ortaya qoyulan bu yeni xarici ticarət strategiyası ixracın genişləndirilməsi, daxili bazarın qorunması və ticarət gəlirlərinin ölkə daxilində ədalətli bölüşdürülməsi prinsiplərini gözləməklə xarici ticarətin liberallaşdırılmasına əsaslanır. Eyni zamanda təhlillər göstərir ki, qeyd olunan xarici ticarət strategiyasında əsas reallaşdırma vasitələri kimi aşağıdakılar seçilib:

-Xarici bazarlara çıxışın təmin edilməsi üçün bazarların təhlili və dəyər zəncirində mövqelərin gücləndirilməsi üzrə aparılan qiymətləndirmələrə əsaslanan azad ticarət sazişlərinin bağlanması, viza rejiminin sadələşdirilməsi, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması;

-ölkənin tranzit ticarətdən aldığı payın artırılması məqsədilə Şərq-Qərb və Şimal-Cənub dəhlizi üzrə milli iqtisadiyyatın nəqliyyat-logistika aktivlərinin daim inkişaf etdirilməsi və rəqabətədavamlılığının təmin edilməsi;

-MDB ölkələri, Türkiyə, Gürcüstan və İran kimi mühüm region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının formalaşdırılması;

-ticarətin asanlaşdırılması, keyfiyyətin dəqiq qiymətləndirilməsi, eləcə də ixrac edilən malların rəqabətədavamlılığı üçün Azərbaycan şirkətlərində beynəlxalq standartların və sertifikatların tətbiqinin stimullaşdırılması;

-ixrac yönümlü istehsal sahələrinə qarşılıqsız maliyyə yardımları, aşağı faizli kreditlər, "vergi qaytarılması" kimi maliyyə təşviqlərinin verilməsi;

-ixrac firmalarının beynəlxalq bazar araşdırmalarına dəstək verilməsi, ölkə ixracatçıları və ixrac yönümlü istehsal sahələri ilə bağlı mükəmməl informasiya bazalarının formalaşdırılması;

-beynəlxalq bazarlarda "Made in Azerbaijan" brendinin təşviqi üzrə kompleks və sistemli tədbirlərin həyata keçirilməsi;

-gündəlik tələbat malları üzrə yerli istehsalın stimullaşdırılması və bu sahədə idxalı mümkün ölçüdə əvəzləmək məqsədilə aktiv gömrük siyasətindən istifadə edilməsi.

Qeyd olunan strategiya dünya təcrübəsindəki mövcud analoji uğurlu strategiyaların demək olar ki, bütün elementlərini özündə birləşdirir. 2017-ci il aprelin 17-də Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində ictimaiyyətə təqdim edilən məlumatlara əsasən deyə bilərik ki, Azərbaycan hökumətinin həyata keçirdiyi yeni xarici ticarət strategiyası qısa müddət ərzində artıq müsbət nəticələrini verir. Belə ki, cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb, xarici ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 8,6 faiz artıb, idxal isə 17 faiz azalıb. Eləcə də kənd təsərrüfatı məhsullarının ixracında 44 faiz, sənaye məhsullarının ixracında isə 25 faiz artım baş verib. Nəticədə tədiyyə balansının cari əməliyyatlar hesabında 1 milyard dollardan artıq müsbət saldo yaranıb.

"Qeyd olunan strategiyanın uğurla davam etdirilməsi qarşıdakı dövrlərdə də müsbət nəticələrini verəcək. Eyni zamanda, uğurları daha da artırmaq məqsədilə paralel olaraq, ölkəyə xarici investisiyaların cəlb edilməsi istiqamətindəki tədbirlərin də genişləndirilməsi zəruridir. Əgər qeyri-neft ixracı davamlı olaraq artarsa, ölkəyə xarici investisiya axını genişlənərsə, o zaman idxalın müəyyən qədər artması iqtisadiyyatda hər hansı çətinlik yaratmaz. Hətta, deyərdim ki, investisiya məhsulları hesabına artan idxal orta və uzunmuddətli dövrdə ölkənin iqtisadi inkişafına da xidmət etmiş olar", - deyə Elşən Bağırzadə vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR