Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti vətənə döndü - FOTO

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti vətənə döndü - FOTO
16:52 1 May 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin Beynəlxalq qastrolları uğurla başa çatıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 3 qatrol səfərini uğurla yekunlaşdıraraq Vətənə dönüb.

3 ayrı-ayrı xarici teatr rəhbəri ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti aprel ayının 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olaraq gənc yazar Pərvinin "Dəcəl keçi" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.

21-22 aprel tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edib. İlk gün gürcü tamaşaçılarına, növbəti gün isə Gürcüstanda yaşayan soydaşlarımız üçün nümayiş etdirilən "Dəcəl keçi" hər iki auditoriya tərəfindən çox böyük maraq və anşlaqlarla qarşılanıb.

Növbəti gün tamaşanı Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin birinci katibi Vüqar Mustafayev və səfirliyin nümayəndəsi Leyla Əmrahova, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində "Azərbaycan dostları klubu"nun nümayəndələri və onların ailə üzvləri izləyiblər. Onlar tamaşadan sonra səhnəarxasına keçərək aktyorları təbrik edib, Gürcüstanda yaşayan azərbaycanlılar üçün ilk dəfə olaraq öz ana dillərində tamaşa nümayiş etdirdiklərinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinə və rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qastrol səfərinin ikinci günündə, tamaşanın nümayişindən sonra teatrın icraçı direktoru və bədii rəhbəri Dimitri Xvtisiaşvili hər bir aktyorumuza ayrı-ayrılıqda öz minnətdarlığını bildirirək Gürcüstanın simvolik hədiyyələrini təqdim edib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adından da Gürcüstan Teatrına Azərbaycan milli mədəniyyətini əks etdirən suvenir hədiyyə təqdim olunub.

Qastrol səfəri günlərində kollektiv Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin qəbrini və Gürcüstan Dövlət Teatr, Musiqi, Kino və Xoreoqrafiya Muzeyini ziyarət ediblər.

23-27 aprel tarixlərində teatr Şimali Osetiya - Alaniya Respublikası Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərini davam etdirib. Səfər çərçivəsində mətbuat konfransı həyata keçirilib. Konfransda Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Vladislav Koliyev, Azərbaycanın Şimali Osetiyadakı diasporunun sədr müavini Fuad Kazımov və qastrol səfərində iştirak edən aktyorlar, direktor müavini Fəxrəddin Dünyamalıyev jurnalistlərin suallarını cavablandırıblar.

Səfər çərçivəsində bir tamaşa çoxuşaqlı və aztəminatlı ailələrin övladları və sağlamlığı məhdud olan uşaqlar üçün nümayiş etdirilib.

Qastrol səfərinin bağlanış mərasimində Şimali Osetiya Respublikasının Mədəniyyət Naziri Ruslan Mildzixov iştirak edərək yaradıcı kollektivə "Təşəkkür məktubu" təqdim edib. Şimali Osetiyada fəaliyyət göstərən Heydər Əliyev adına "Azəri" Azərbaycan milli-mədəni təşkilatının və Azərbaycan diasporasının sədri Natiq İsmayılovun adından diasporun sədr müavini çıxış edərək Azərbaycan və Osetiya arasındakı mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib və diplomla kollektivi təltif edib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol turunun üçüncü mərhələsi Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrında davam edib. Aprel ayının 28-dən - 30-dək davam edən qastrol digərləri kimi olduqca maraqlı və yaddaqalan olub.

Hər üç səfər yeni əməkdaşlıqlar, maraqlı təkliflər və gələcək layihələrin başlanğıcı fonunda çox uğurlu olub.

Məlumat üçün bildirək ki, 6-7 may tarixlərində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrının, 20-21 may tarixlərində isə Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı öz tamaşaları ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/540542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR