Əli Həsənov: "Azərbaycanda keçid dövrü başa çatıb və ictimai-siyasi transformasiyasının yeni mərhələsi başlayıb"

Əli Həsənov: "Azərbaycanda keçid dövrü başa çatıb və ictimai-siyasi transformasiyasının yeni mərhələsi başlayıb"
10:57 2 May 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Antiazərbaycan mövqe tutan daxili və xarici dairələrin təxribatlarına baxmayaraq, Heydər Əliyevin respublikada ictimai-siyasi sabitliyi bərpa etməsi demokratik islahatların aparılması üçün əlverişli şərait yaratdı ki, bu, həm müstəqil dövlət quruculuğu proseslərinin sürətlə getməsində, həm də yeni iqtisadi-siyasi sistemin formalaşmasında mühüm rol oynadı".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Əli Həsənov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
O bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə milli birliyə qarşı yönəlmiş siyasi təhdidlər respublikada daxili sabitliyin, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin təmin olunmasını, vətəndaş həmrəyliyinin yaradılması və digər ciddi məsələlərin həllini tələb edib: "Buna görə də siyasi islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissələrindən biri olan ictimai-siyasi, sosial-etnik təhlükəsizliyin təmin edilməsi, cəmiyyətdəki köklü dəyişikliklərin xalqımızın maraqlarına təsirinin öyrənilməsi və nəzərə alınması vacib amillərdən biri oldu".
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən birinə çevrildi ki, bunun da nəticəsində respublikada hökm sürən xaos və dağıdıcı qüvvələrin cinayətkar fəaliyyəti aradan qaldırıldı, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən quruculuq işləri vüsət aldı: "Heydər Əliyevin xalqı səfərbər edərək öz arxasınca apara bilən lider olması ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya nizamının tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı".
Prezidentin köməkçisi qeyd edib ki, siyasi islahatlar cəmiyyətdə konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi prinsipinin özünə mühüm yer tutmasını şərtləndirmişdir ki, bu da demokratik siyasi sistemi səciyyələndirən əsas cəhətlərdən biridir: "Ümummilli lider hər kəsin müstəqil mövqeyini, fərqli düşünmək hüququnu qəbul edir, hətta opponentlərin əsassız tənqidlərinə hədsiz dözümlülük göstərirdi. Heydər Əliyev demokratiyaya dərk edilmiş nizam-intizam, yaradıcı proses kimi baxır və bu anlayışdan sui-istifadə edərək cəmiyyətdə xaos yaratmağa cəhd edən siyasi avantüristlərə qarşı barışmaz mövqe tuturdu. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı naminə ictimai-siyasi qüvvələrin birliyinə nail olmaq və milli mənafelərdən irəli gələrək şəxsi, qrup maraqlarını arxa plana keçirib qarşıdurmalara yol verməmək siyasi islahatlar zamanı diqqət mərkəzində dayanmışdır. Ölkənin əksər siyasi qüvvələri arasında konstruktiv əməkdaşlığın yaradılması müstəqil dövlət quruculuğu proseslərini sürətləndirən əsas amillərdən biri olub. 
Ümummilli liderin adı ilə bağlı olan siyasi islahatlar strategiyasının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib uğurla həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi mütərəqqi inkişafında və dünya birliyində böyük nüfuz qazanmasında mühüm rol oynayır.
Ötən illərin təcrübəsi göstərir ki, siyasi islahatların ardıcıl və sistemli şəkildə aparılması ictimai həyatın bütün sahələrinin ahəngdar inkişafı, milli maraqlardan irəli gələn məsələlərin çevik və lazımi səviyyədə həllini tapması üçün əlverişli imkanlar yaratmışdır. Bütün bunların nəticəsində Azərbaycan keçid dövrünü başa vuraraq, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinə daxil olmuşdur".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/eli-hesenov-azerbaycanda-kecid-dovru-basa-catib-ve-ictimai-siyasi-transformasiyasinin-yeni-merhele

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR