“Darvin Bankası” yatağı üçün yeni platforma tikilir

“Darvin Bankası” yatağı üçün yeni platforma tikilir
11:29 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 16 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək.

Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 2 minik meydançası, 4 yanalma meydançası, 1 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 3134 ton metal sərfi nəzərdə tutulub. Artıq özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb.

Hazırda “Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.

Qeyd edək ki, 730 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 1600-2000 ton neft hasil olunacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR