Eduard Məmmədov: "Dostlarım "çempion olacaqsan" deyəndə çox xətrimə dəyir" - MÜSAHİBƏ - FOTO

Eduard Məmmədov: "Dostlarım "çempion olacaqsan" deyəndə çox xətrimə dəyir" - MÜSAHİBƏ - FOTO
12:42 2 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qeyri-olimpiya idman növləri arasında ən çox uğur qazandığımız idman növlərindən biri də kikboksinqdir. Ən çox titul qazanan idmançımız da bu növü təmsil edir. 23 qat Dünya çempionumuz bu nəticə ilə tək kikboksinq tarixində deyil, eyni zamanda, digər idman növlərində də heç bir idmançıya nəsib olmayan uğura imza atıb.

Milli.Az goal.az-a istinadla Eduard Məmmədovla müsahibəni təqdim edir:

"Ən titullu idmançı"

- Kikboksinq tarixinin ən titullu idmançısı olmaq necə hisdir?

- Bildiyiniz kimi, kikboksinq üzrə mümkün bütün titulları qazanmışam. Bunu bacardığıma görə fəxr edirəm. Yarışlara ancaq çempion olmaq, titullarımın sayını artırmaq üçün yox, ən əsas vətənimi layiqincə təmsil etmək üçün qatılıram. Önəmli olan bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir. Qalib olum, titullarımın sayı artsın, ən titullu idmançı olum - bu kimi fikirlərlə heç vaxt yarışa yollanmamışam. Neçə illərdir böyük idmandayam, uğurlar qazanıram. Çətin də olsa, bunu bacarmaq şərəfdir. Çəkdiyim əziyyətin bəhrəsini görürəm.

- İdmana gələndə bu qədər uğur qazanacağınızı təsəvvür edirdiniz?

- Yox, düşünmürdüm. Kinoya baxıb idmana gəlmişəm. Jan Klod Van Damm, Brüs Linin filmləri məndə döyüşə maraq oyadıb. Fikirləşirdim ki, görəsən, mən də nə vaxtsa bunlar kimi məşhur idmançı ola bilərəmmi? Sonradan başa düşdüm ki, onlar idmançı yox, aktyordular. İndi öz tələbələrimə də deyirəm ki, siz olimpiya, dünya və Avropa çempionu olan idmançılarımızı özünüzə kumir seçin, bu motivasiya baxımından vacibdir.

"Kinoya baxıb idmana gəlmişəm"

- Özünüzün kinoya çəkilmək fikriniz var?

- Düzünü desəm, yox. Mümkün qədər şoudan uzaq olmağa çalışıram. Həm işlə əlaqədar, həm də vaxt və həvəs yoxdur deyə istəmirəm. Özüm idmana kinoya baxıb gəlsəm də, başa düşürəm ki, bu kinodur, bir çox nüanslar var. Vaxt olduqca çalışıram tədbirlərdə iştirak edim. Xüsusilə də gənclərlə bağlı tədbirlərdə. Uşaqlara, gənc idmançılara dəstək olmağa həmişə hazıram. 

- Üzgüçülük və karatedən kikboksinqə keçid necə oldu?

- Evdən sağlam və güclü olmağımı istəyirdilər deyə, məni üzgüçülüyə yazdırdılar. Sağlamlıq baxımından çox faydalı olsa da, hiss edirdim ki, bu mənə bəs etmir. Üstəlik filmlərin təsiri ilə də yumruq-təpik atmaq istəyirdim. Çox hərəkətli və enerjili uşaq olmuşam. Sonra karateyə getdim. Bu çox qısa müddət oldu. Çünki karatedə "zərbə otuzdurmaq" yox idi. Mən isə kontakt istəyirdim. Həmin vaxtlar Van Dammın Tonq Po filmi çıxmışdı. Mən başa düşdüm ki, belə bir şey istəyirəm. 1993-cü ildə Çingiz Eyvazov məni bu idman növü ilə tanış etdi. Çingiz müəllim indi də milli komandamızın müəllimidir. Həm də Əməkdar müəllimdir. Bütün yarışlara onunla birgə hazırlaşıram. Çingiz müəllim tək müəllimim deyil həm dostumdur, həm qardaşımdır, həm də böyüyümdür. 

- Döyüşlərini izlədiyin idmançı var?

- Əlbəttə, var. Elə idmançı olmaz ki, desin ki, mən baxmıram, izləmirəm, ancaq öz stilimdə döyüşürəm. Mən həmişə baxmışam və baxıram. Əvvələr məşqdən öncə bir film ya da filmdən bir fragment izləyirdim. Sonra gedib idman edirdim. İdmandan qayıdıb dincələndə də yenə də kinoya baxırdım. İndi imkanlar genişdir, "youtube"da yaxşı döyüşlər izləmək olar. Həm öz döyüşlərimi, həm də peşəkar yerli və xarici idmançıların döyüşlərini izləyirəm. Elə bir şey yoxdur ki, mən bilməyim. Ancaq unutmuş ola bilərəm. İzlədikdən sonra həmin fəndi xatırlayıram, təkrar məşq edirəm. 2 güclü idmançının döyüşünü izləmək də kimin necə qalib gələcəyini izləmək baxımından maraqlıdır. 

- Saysız-hesabsız qələbələr arasından hansını xüsusi fərqləndirərdiniz?

- Bütün döyüşlər, bütün qələbələr əzizdir. Ancaq 2009-cu ildə İtaliyanın Luqano şəhərində keçirilən Dünya çempionatını xüsusi qeyd edərdim. Erməni idmançı var idi, Zurab Farayan. Çox güclü idmançı idi. WAKO versiyası üzrə final görüşündə onunla qarşılaşdım və qalib gəldim. Mən indiyədək çox erməni idmançı ilə qarşılaşmışam, vaxtından qabaq qalib gəldiyim də çox olub. Hətta 2000-ci ildə Yunanıstanda yarımfinal döyüşündə həmin Farayana 15 saniyəyə nokautla qalib gəldim. O döyüş də mənim üçün çox dəyərli idi. Ən tez qeydə alınan qələbə idi. Döyüş başlayan kimi rəqibin üstünə yeridim və qarnına ardıcıl zərbələrimdən sonra yerə yıxıldı. Döyüşə bilmədiyini görən məşqçi "ayağa dur, vuruş, bizi biyabır eləmə" deyib qışqırırdı. Farayan da məşqçisinə, "vuruşa bilmirəm, gəl istəyirsən sən vuruş" jestini etdi. Ancaq Luqanoda final oyununda Farayana qalib gəlməyim xüsusi qələbə idi. Farayan WAKO versiyası üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş idmançı idi, çox güclü idi. 2011-ci ildə Makedoniyada yenə yarımfinalda qarşılaşdıq və qalib gəldim. Daha sonra o karyerasını bitirdi. Onun karyerasını bitirməsində mənə olan ardıcıl məğlubiyyətlərinin təsiri böyük idi, artıq o başa düşdü ki, bu çəkidə ən güclü mənəm. Əvvəl məndən 1 çəki aşağı döyüşürdü, mənim çəkimə girdi və ardıcıl uğursuzluqla karyerasını bitirdi. 

- Sonuncu məğlubiyyətiniz nə vaxt olub?

- Hamı qələbə qazanmağıma öyrəşib. Yarışdan əvvəl dostlarım "onsuz da çempion olacaqsan" deyəndə çox xətrimə dəyir. Çünki, hamısı bilir ki, mən hazırlaşıram, məşq edirəm. Hazırlıqsız, tam formada olmasam yarışa heç vaxt getmərəm. Yarışa qədər ağır məşq prosesi, yorğunluq əziyyət çəkirsən. Yarışda da əsəb, həyəcan, gərginlik, çəki saxlamaq, 4-5 güclü idmançı ilə vuruşmaq heç də asan deyil. Hər dəfə zərbə buraxırsan yeni zədələr, çoxlu əzilmələr olur. Bütün bunlarla yanaşı qalib gəlmək də istəyirsən. Əzilə-əzilə gəlib finala çıxırsan, qızıl medalı qazanırsan. İdmançı olmaq, həqiqətən də, çox əziyyətlidir. Eyni zamanda da şərəflidir. Həmişə qalib gəlmək istəyirsən. Ancaq elə bir idmançı yoxdur ki, məğlub olmasın, uğursuz yarışı olmasın. Düzdür, heç vaxt olmayıb ki, kimsə məni döysün, ya da böyük üstünlüklə udsun. Ancaq uğursuz yarışlar olub. Həmişə çalışıram ki, formada olum. Həm də bir şeyi qeyd edim, əvvəllər məni nə qədər çox istəyirdilərsə, indi elə deyil. Hakim haqsızlığı ilə də üzləşdiyim hallar olur. "Eduard yenə də gəldi, bu yaşda yenə döyüşür, yenə də qalib gəlir, çempion olur" deyirlər və uğurlarıma o qədər də sevinmirlər. Bu səbəbdən də çalışıram üzərimdə daha çox üstün işləyim ki, qalib gələ bilim. 2004-cü ildə Moskvada keçirilən Dünya çempionatında yarımfinalda ciddi zədə almışdım, çənəm qırılmışdı. O vəziyyətdə döyüşü dayandırmadım, sona qədər oynadım və qalib gəldim. Ancaq final oyununda həkimlər iştirakıma icazə vermədilər. Çox əziyyət çəkdim o zədədən sonra. Yəni demək istədiyim odur ki, "getdin, uddun gəldin" demək asandır, ancaq onları yaşamaq çox çətindir. Həmin zədədən sonra 6 ay məşq etmədim. 9 ay sonra isə Wako versiyası üzrə ən böyük uğuru qazandım, ikinci olmuşdum. Çox adam inanmırdı ki, bu boyda zədədən sonra bu yarışda qalib gələ, hətta medal qazana bilim. Çünki çənə ən həssas yerlərdəndir, həm də istəristəməz yenə də zərbə buraxarsan deyə gözü qorxudur. Yenə zərbəni buraxa və ağrılı və uzun prosesi təkrar yaşaya bilərsən. Əslində ağrı qorxutmur. Artıq ağrı ilə dostluq etdiyimi deyə bilərəm. Hərdən deyirlər ki, "sənin bədənin ağrımır, sən robotsan nəsən?". Deyirəm, artıq ağrılarım mənim dostlarımdır. Məşqdən sonra ağrılar, əzilmələr, bu yaşda göz altının göyərməsi mənə adi hal kimi gəlir. Mən əl, burun sınmasına ağrı deyirəm. Zədələnəndə, həttə sınıq olanda belə döyüşü saxlamıram. Bir məğlubiyyət də olub məndə keçən il yarımfinalda Amerikalı idmançı ilə qarşılaşırdım. Hesabda öndə idim, zərbə buraxdım və burnum qırıldı. Sona qədər mübarizə apardım və son saniyələrdə "razbarot" (ayaqla fırlanıb, dabanla vurmaq) zərbəsi ilə rəqibə nokautla qalib gəldim. Rinqdən qalib ayrıldım, ancaq yarışı davam etdirə bilmədim. Belə məğlubiyyətlərim olub. Yenə də deyirəm, qələbələr çoxlu əziyyətin, gərgin məşqlərin nəticəsidir. 

"Məşqçi olmaq çox çətindir"

- Hansı daha çətindir: idmançı yoxsa məşqçi olmaq?

- Məşqçi olmaq çox çətindir. İdmançı olmaq da çətindir. Əziyyət çəkirsən, məşq edirsən. Artıq başa düşürsən ki, etdiyin səhv sənindir, öz üzərində işləyirsən. Bilirsən ki, 5 gün, 10 gün, 1 ay, hətta 1 il məşq edib istədiyin nəticəni əldə edəcəksən. Ancaq məşqçi olmaq fərqlidir. Düzdür, həmişə demişəm, məşqçi olmaq mənim üçün çox xoşdur, şərəfdir. Öz tələbələrimə də həmişə deyirəm ki, siz gələcəyin əsgərisiniz. Torpaqlarımızın 20%-i işğal altındadır. Ali Baş Komandanımız əmr verdiyi an əlcəklərimizi çıxarıb silahı götürüb döyüşə yollanmağa hazır olmalıyıq. Öz tələbələrimə bunları başa salıram. Onlara deyirəm ki, ola bilər siz peşəkar idmançı olmayasınız, 100 nəfərdən 1-i çempion olur. Ancaq siz ən azından sağlam, möhkəm, ürəkli olacaqsınız. Elə tələbəm olub ki, yarışlarda nəticə qazanmayıb, üçüncü olub. Ancaq gedib hərbi xidmətdə 25 nəfərə komandirlik edib. Çempion olan tələbəm isə 100 nəfərin üstündə komandir olub. Ona görə vaxtında əziyyət çəkmək, məşq etmək lazımdır. Rolan adlı bir tələbəm vardı. Hərbi xidmətdən gələndən sonra ondan soruşdum ki, sənə çətin olmadı? Dedi ki, "müəllim çətin bizimçün məşqdə olmuşdu. O vaxt siz bizə əziyyət verirdiz, məşq etdirirdiz, bizdən tələb edirdiniz. Əsgərlikdə biz həm hazır, həm də ürəkli idik. Çox sağ olun ki, vaxtında bizə bunu başa saldınız. Bizim 18-19 yaşımız var idi, qorxmurduq, ürəkli idik, ancaq elə əsgərlər var idi, onlar universiteti bitirib gəlmişdilər, fiziki hazırlıqları yox idi. Onlar gecə yorğanın altında ağlayırdılar". İndi valideyn gəlir idmana, deyir ki, bir dənə bax gör mənim oğlum çempion ola bilər? Deyirəm, bunu deməyim üçün 2-3 ay lazımdır. Valideynlər uşaqlarını idmana qoyanda gərək səbrli olsunlar. Yəni idmana qoydun- alınar lap yaxşı, alınmasa da, ən azından övladınız sağlam, möhkəm, pis vərdişlərdən uzaq olacaq. İdmançı bilir ki, qayda qanun var, məşq sonra dincəlmək, böyük-kiçik yeri bilmək var. İdman ancaq döyüşmək deyil. Onlara başa salırıq küçədə dalaşmaq olmaz və s. Məşqçiliyin çətin tərəflərindən biri də tələbənin götürmə qabiliyyətinin zəif olmasıdır. Elə olur 10 dəfə, 20 dəfə başa salırsan, başa düşmür. 2 cür tələbə var: var istedad, var "gizli" istedad. İstedadlı olana nə deyirsən, dərhal edir. Bir dəfə deyirsən başa düşür. Ancaq maraqlı bir məqam var. Adətən belə insanlar arxayınlaşırlar. 2-3 aydan sonra hər şey onlarda o qədər yaxşı alınır ki, artıq maraqsızlaşır. Məşqləri buraxırlar, üzərlərində çox işləmirlər. Digərləri isə zəhmətlə, gərgin məşqlər sayəsində istədikləri nəticələri əldə edirlər. Onlar daha çox çalışırlar və uğur qazanmaqları daha asan olur. 

- Adətən idmançılar təhsilə önəm vermirlər. Sizin isə 3 təhsiliniz var:

- 3 təhsil, demək bəlkə də, asandır. Ancaq əslində çətindir. 1995-ci ildə məktəbi bitirəndə müharibə vaxtları idi. Mən də dedim ki, oxumaq istəmirəm, əsgər gedirəm. Hərbi komissarlığa getdim. Diplomlarımı görüb dedilər sən bizə burda yox, Mərkəzi Ordu İdman Klubunda lazımsan. Lazım olarsa, səni ordan da əsgərliyə apara bilərik. MOİK-də 3 il əsgərlik çəkmişəm. Sonra İdman institutuna qəbul oldum. 2004-cü ildə bitirdim və həmin il Polis Akademiyasına qəbul oldum. 2008-ci ildə oranı bitirdikdən sonra akademiyada İdarəetmə və İxtisasartırma fakultəsinə qəbul olmuşam. İdmanla çətin olub. Hardasa müəllimlər də güzəşt ediblər. Güzəşt deyəndə, 3-ə danışmışamsa 4, 4-ə danışmışamsa 5 veriblər. Ancaq həm də oxumuşam. Öz tələbələrimdən də bunu tələb edirəm.Başa salıram ki, ilk növbədə təhsildir. Mənə savadsız idmançı lazım deyil. İdmançı gərək savadlı olsun. Savadlı idmançını riqndə məğlub etmək çox çətindir. Tələbə gəlir, məşq edir. Valideyninə deyirəm ki, deyəsən dərslərini yaxşı oxuyur. Təəccüblənir və təsdiqləyir. Ya da əksinə. Yəni 1 məşqdən sonra onun dərslərini necə oxuduğunu bilmək olur. Valideynlər fikirləşir ki, pis dərs oxuyan uşaq yaxşı idmançı olacaq, yanılırlar. Təhsilsiz yaxşı idmançı nadir hallarda olur, onun da gərək yaxşı yaddaşı olsun. Mənə xoş olur hansısa məktəbə gedəndə öz tələbəm haqqında xoş söz eşidim. 

- Rinqdən kənarda öz bacarıqlarınızdan istifadə etdiyiniz olub?

- Düzü xatırlamıram. Ancaq yadıma gəlir ki, uşaq vaxtı çox davakar olmuşam. Ancaq idmana 1-2 il gedəndən sonra başa düşdüm ki, idmançı öz gücünü ancaq rinqdə göstərməlidir. Çalışıram söz-söhbətlərdən qaçım. Düzdür, həyatda bəzən səndən asılı olmayan hadisələr də olur. Çalışıram sakit şəkildə yola verim. Hər şey dava ilə həll olunmur. Təbii ki, kimsə sənin üstünə gəlib vurmaq istəsə, sən də sakit dayanmayacaqsan. Gərək o şəraiti yaratmayasan. Kimisə təhqir etsən, qarşılıq olacaq və söhbət uzanacaq. İndi, şükür məni tanıyırlar deyə, elə bir problem də olmur. Yolda, marketdə və digər yerlərdə nəsə xoşagəlməz hadisə yaşanır, onda da gərək yola verəsən. Elə də olub ki, maşın gec çıxıb, tez çıxıb nəsə narazılıq, söz-söhbət olub. Çox səs-küy edib, sakit şəkildə yola vermişəm. Sonra həmin adamla rastlaşanda çox üzrxaqlıq edib ki, "çox sağ ol ki, səbrli davranmısan. Mən kim olduğunuzu bilsəm, elə qışqırsanız qorxardım, yumruq vurmasanız belə". Mən idmanın hesabına özümü səbirli apara bilirəm. Ancaq kimsə vursa, qarşılığını alar. Bu günə kimi elə bir hal yaşanmayıb, ümid edirəm heç vaxt da olmaz.  

- Döyüş tərzinizə görə ləqəbiniz  "ağ canavar"dır. Bəs hansı keyfiyyətləri var?

- 2002-ci ildə Peşəkar yarış idi. Mən 57 kq çəkidə döyüşə-döyüşə 67 kq çəkisi olanlara qalib gəlmişdim. O vaxtın tanınmış simaları Anar Lalayev, Etibar Məmmədov, finalda "qara bəbir" ləqəbli Anar Musayev idi. Mən də finala "ağ canavar" ləqəbi ilə çıxmışdım. Uşaqlıqdan canavarı, iti çox sevirdim. Hətta üzərində canavar şəkilli maykalar geyinirdim. Müəllimim də dedi ki, sən canavar kimi döyüşürsən, bu yarışda da "ağ canavar" kimi iştirak et. Niyə ağ olduğunu soruşanda, Çingiz müəllim dedi ki, birincisi sən də ağsan, həm də simvolik mənası, yəni yek canavar olacaqsan. Ondan sonra da bütün dünyada məni belə tanıdılar. Çalışıram öz həyatımı da canavar kimi yaşayım. Sadiq, mərd, düzgün şəkildə. Çox uzun-uzadı danışmaq istəmirəm, hamı az-çox canavar haqqında məlumatlıdır. Bir məlumatı da bildirim ki, Kikboksinq federasiyasının tərkibində bu ildən "Ağ Canavar" klubu yaranıb. Mən o klubda baş direktor və məşqçi kimi fəaliyyət göstərirəm. Mən özüm yarışlarda Daxili İşlər Nazirliyinin "Dinamo" idman cəmiyyətinin üzvü kimi döyüşürəm. Yeri gəlmişkən, klubumun 4 idmançısı son Azərbaycan çempionatında qızıl medal qazanıb. Və bu ildən həm də mən öz ləqəbimi Quliyev Amil adlı tələbəmə öz ləqəbimi vermişəm. Həm döyüş tərzi mənə çox bənzəyir, həm də xarici görünüşündən oxşarlıq var. Respublika, Avropa və dünya çempionudur, hazırda 12 yaşı var. İstedadlı tələbələrim çoxdur. Çalışıram bütün bildiklərimi onlara öyrədim. Əvvəllər mənə İspaniya, Portuqaliya və digər ölkələrdən onları təmsil etmək, daha sonra qalı orda məşq keçmək təklif olunurdu. Ancaq mən həmişə demişəm ki, mənim üçün əsas 1 bayrağın altında döyüşə bilərəm və bildiklərimi də ancaq öz idmançılarımızla bölüşə bilərəm. Hansısa əcnəbini öyrədim, o da gəlib azərbaycanlı idmançını udsun, bu mənə pis təsir edər. 

- Azərbaycanda bəzi növlərdə legionerlərə üstünlük verilir. Bu məsələyə münasibətiniz necədir?

- Legioner idmançı qalib gələndə biz həmin an sevinirik. Ancaq mən milliləşdirmə tərəfdarı deyiləm. Legioner idmançının qazandığı qızıldan yerli idmançımızın qazandığı gümüş, bürünc daha qiymətlidir. Azərbaycanlı idmançı yarışa çıxanda məğlub olsa belə, canını qoyur. Bilir ki, öz ölkəsini, ailəsini təmsil edir. Ancaq legioner idmançı üçün bu bir iş rolunu daşıyır. Legionerlərə üstünlük verilməsi gənc idmançılarımızı həvəsdən salır. İdmanın gələcəyini düşünmək lazımdır. Bunun üçün üstünlük yerli idmançılarımıza verilməlidir. İdmançılar arasında rəqabət olmalıdır. Yeni yaranan və ya uzun illər nəticə qazanılmayan növlərdə milliləşdirmək olar.  Ancaq bəzi idman növlərində legionerlərin olması qəbul olunmazdır. Yenə də idmançılarımıza həvəsdən düşməməyi, məqş etməyi məsləhət görürəm.

- Günlük qrafikiniz necədir?

- Qrafik çox gərgindir. Səhər işə gedirəm. İşdən sonra məşq edirəm, tədbirlər olur iştirak edirəm. Gənclərlə bağlı bütün tədbirlərdə iştirak etməyə çalışıram.  Sağolsun rəhbərlik imkan yaradır. Gecə 10-da tələbələrimə dərs keçirəm. Özüm onlardan ayrı məşq edirəm, çünki bir yerdə istədiyin effekti əldə etmək çətin olur.

"Bizə xəbərdarlıq etdilər ki, bir də otağı açsanız sizi adadan çıxardacağıq"

- 4 il əvvəl "Ford Boyard"-da iştirak etmişdiniz. Təəssüratlarınız maraqlıdır.

- Bu mənim zəif yerimdir. Mənə desələr hansı döyüşə yenidən keçirmək, ya da hansısa bir yerə qayıtmaq istəyərsən, düşünmədən "Ford Boyard"a qayıtmağı seçərdim. Bildiyiniz kimi, ora Fransada yerləşən adadır. Əvvəl həbsxana olub. Gəmi ilə saat yarımlıq yoldur. Mən orda çox zövq aldım. 1 kadra çəkilən yarış idi. Bir dəfə otağın birinin qapısını açdıq ki, burda nə olacaq. Bizə xəbərdarlıq etdilər ki, bir də otağı açsanız sizi adadan çıxardacağıq. Mənə daha çox güclə bağlı hərəkətlər verirdilər. Ancaq birində düşündürücü idi, onun da öhdəsindən gəlmişdim, komanda yoldaşlarım da təəccüblənmişdilər. Otağa girəndə bilmirdin nə edəsən. Bəzi yarışlarda baxmayaraq ki, mən idmançı idim çox fiziki güc sərf edirdim və yorulurdum. İdmanla məşğul olmayanlar üçün isə o tapşırıqların öhdəsindən gəlmək çox çətin idi. 

- Oyunda hansı yarış daha çətin olmuşdu?

- Orda bir hərəkət çətin idi. Torba idi, üstündə də qarmaq. Bir əlinlə də öz çəkini saxlayırdın, o biri əlinlə torbanı qaldırırdın. Çox çətin idi. Məndə sona 1-2 torba qalardı komanda yoldaşlarım tələsdirdilər çıxdım. Otaqda qalacağımdan qorxdular. Sonra müzakirə edəndə də dedilər ki, tez çıxardıq. Mənə elə gəlir ki, öhdəsindən gələcəkdim. Bəlkə də alınmazdı, çünki adamın öz çəkisi çox ağırlıq verirdi.

- İdmanla məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələr vermək istərdiniz?

Uşaq vaxtından idmanın nə olduğunu başa salmaq lazımdır. İdmançı olmaq o demək deyil ki, sənin qolun güclü olmalıdır, hamı ilə vuruşub döyməlisən. Hər bir gənc idmançımızda əsasən mübarizə ruhu və vətənpərvərlik olmalıdır. İdmançı başa düşməlidir ki, o, təkcə özü üçün deyil, Vətəni, ölkəsi, xalqı, bayrağı üçün idmançıdır. Artıq ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. 2015-ci ildə birinci Avropa Oyunlarının, indi isə daha böyük bir tədbirin İslam Olimpiadasının Azərbaycanda keçirilməsi bunun göstəricisidir.  Bizi təmsil edən idmançılarımıza uğurlar arzulayıram, özüm də gedib izləyəcəm. Ölkəmizdə təkcə Olimpiya idman növlərinə deyil, eyni zamanda qeyri-olimpiya  növlərinə də ciddi dövlət qayğısı mövcuddur. Bundan əlavə, Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin rəhbərliyi ilə bizim idmançılar yüksək nəticələr qazanıblar. Federasiya tərəfindən il ərzində çoxlu yarışlar, tədbirlər təşkil olunur. Bütün bunlardan sonra idmançıların üzərinə daha ağır məsuliyyət düşür. Onlar öz üzərlərində daha çox işləməli daha çox uğurlar qazanmalıdırlar. 

- Digər idman növləri ilə maraqlanırsınız?

- Vaxtım az olur. Ancaq hərdən futbola baxıram. Komanda idman növlərinin öz çətinliyi olur. Özüm heç vaxt oynamıram futbol, çünki ən çox əzildiyim futboldur. Heç kikboksda döyüşüb o qədər əzilmirəm. Bu da futbolu da ürəklə oynamağımdan irəli gəlir. Azərbaycanda "Neftçi"ni dəstəkləyirəm, millimizin oyunlarını izləməyə çalışıram. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının final oyunlarını həmişə izləyirəm. Messinin oyununu çox bəyənirəm.  "Barcelona"ya azarkeşlik etməyimin səbəbi də odur. "Real"la son oyundakı qələbəsi çox ləzzət elədi, qəşəng uddular... 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR