Şəhriyar Məmmədyarov: “Nişanlım şəmkirli olduğu üçün özümü şəmkirli sayıram”

Şəhriyar Məmmədyarov: “Nişanlım şəmkirli olduğu üçün özümü şəmkirli sayıram”
14:02 2 May 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan və "ShamkirChess 2017" turnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytının suallarını cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir.
- Yarış ərəfəsində belə uğurlu çıxış edəcəyini gözləyirdin?
- Cari ildə “ShamkirChess” turnirində qalib gəlmək daha çətin oldu. Heyət baxımından bu il daha güclü şahmatçılar iştirak edirdi. Yadınızdadırsa, ötən il Azərbaycan şahmatçıları çoxluq təşkil edirdi. Bu il isə onların yerinə yüksək reytinqli şahmatçılar dəvət olundu. Üstəlik, Uesli Sonun iştirakı rəqabəti artırdı. ABŞ təmsilçisi inanılmaz oyun nümayiş etdirir. Şəmkirə qədər demək olar bütün yarışlarda qələbə qazanıb.
- Deməli, sənin üçün So yarışın favoriti idi?
- Yarışda iki favorit görürdüm. Uesli So və Vladimir Kramnik. Maraqlıdır ki, hər iki favoritə qalib gəldim. Uğur qazanmağımda favoritlər üzərində qələbə həlledici oldu. Şəmkirdən əvvəl FİDE-nin Qran Pri turnirində 1 - 3-cü yerləri bölüşdürmüşdüm. Ona görə ümidlərim böyük idi.
- İlk turda So üzərində qələbə olmasaydı, bəlkə də yarış başqa nəticə ilə yekunlaşacaqdı...
- Hər oyun vacib idi. Son turlar ərəfəsində 1 xallıq fərq var yaranmışdı. Superturnir olsa belə, bu, böyük üstünlük sayılır. Qara fiqurlarla So və Kramniki məğlub etməyim mövqeyimə ciddi təsir etdi. Əlbəttə, startdakı qələbə olmasaydı, sonluq başqa ola bilərdi. So və Kramnikə uduzsaydım, sonda nəticə belə olmayacaqdı.
- So və Kramniki məğlub etdin. Amma Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub oldun. Yorulmuşdun, yoxsa rəqib yaxşı hazırlaşmışdı?
- Şahmatda çox debütlərə baxırıq. Yarış vaxtı onları təkrarlayırıq. Yəni, şahmatçıda inam olur. Başa düşürük ki, bu gedişləri oynamaq olar. Mən də yazılanları təkrarlamışdım. Vəzir gedişindən sonra uduzmaq barədə orada yazılmamışdı. Partiyanın belə olacağını gözləmirdim. Mənim də günahım var. Amma mən bütün əvvəlki oynanılan partiyaları izləyə bilmərəm. Əvvəllər bu gedişi etmişəm. Voytaşekə məğlubiyyət çox acınacaqlı oldu. Şahmatda "ev tapşırığı" ilə az hallarda qalib gəlmək olur.
- Ardıcıl ikinci dəfə “ShamkirChess” turnirinin qalibi oldun. Dünya çempionu Maqnus Karlsen Şəmkirdə olsaydı qələbə qazana biləcəkdin?
- Şahmatda əvvəldən nəticəni söyləmək mümkün deyil. Maqnusun iştirak etdiyi yarışların bəzilərində Uesli So birinci yeri tutur. Karlsenin iştirakı əlavə stimuldur. Etiraf edim ki, Maqnusun iştirak etdiyi illər Şəmkirdə oyunum alınmırdı. Çox pis oynayırdım. Son iki ildə yaxşı oynamışam. Norveçlinin Şəmkirdə olduğu vaxtlarda oyunum sanki alınmırdı. Gələcəkdə ikimiz də çıxış edərik. Necə olacağını zaman göstərəcək.
- Gələn il “ShamkirChess”in 5 yaşı tamam olacaq. Yubiley ilində Maqnusla birlikdə iştirak etmək istəyərdin?
- Maqnus Karlsenin iştirakı böyük bayramdır. Çox güclü və peşəkar şahmatçıdır. Ümid edirəm ki, ikimiz də Şəmkirdə mübarizə aparacağıq. O özü də Şəmkirə gəlmək istəyirdi. Sadəcə, yarışın vaxtı bəzi turnirlərlə üst-üstə düşdü. Şahmatda bəzi iştirakçılar təşkilatçılarla 1-2 il əvvəldən müqavilə imzalayır. Ona görə Şəmkirdə iştirakı alınmadı.
- Karlsenin olmadığı yarışda özünü rahat hiss edirsənmi?
- Karlsenə demək olar bütün məğlubiyyətlərim Şəmkirdə olub. Şəmkir turnirini hesaba almasaq, bir-birimizlə oyunlarımızın statistikası bərabərdi. Şəmkirdə ona çox uduzmuşam. Başqa turnirlərdə belə hal yaşanmayıb. Məsələn, Veyk An Zeedə qara fiqurlarla ona qarşı çox yaxşı mübarizə aparmışam.
- “ShamkirChess2017”in Təşkilat Komitəsinin sədri Fərid Hüseynov maraqlı açıqlama verib. V turdan sonra verdiyi müsahibədə deyib ki, Şəhriyarı artıq şəmkirli hesab edir...
- (gülür) Ümumiyyətlə, özümü artıq daha çox şəmkirli hesab edirəm. Bəziləri bunu bilmir. Yaxınlarda nişanlanmışam. Nişanlım şəmkirli xanımdır. Ona görə xanımım şəmkirli olduğu üçün özümü şəmkirli sayıram.
- Atan Həmid Məmmədyarov VIII turda Şəmkirə gəldi. Həmin turda da Voytaşekə uduzdun. Atan yanınızda olanda narahatlıq yaranır, yoxsa təsadüf oldu...
- Atam həmişə mənə dəstək olur, qələbə gözləyir. Turnirdə bütün şahmatçılar məğlubiyyət acısı yaşadı. Əsas qələbə sayı daha vacibdir. Üç qələbəm oldu, bu, böyük nəticədir. Atamın məğlubiyyətlə əlaqəsi yoxdur. Voytaşekin debüt seçimindən sonra istənilən şahmatçı məğlub ola bilərdi. Həmin oyuna yaxşı hazırlaşmamışdım. Uduzmaqda günahkar özüməm.
- Həmid bəy deyir ki, həmişə Şəhriyara öz bağımızdan alma gətirirəm. Bu almaların dadı tamam başqadır. O almalar Şəhriyara güc verir. Şəmkirə alma gətirmişdi?
- Bu dəfə alma gətirməmişdi. Amma düz sözdür. Bağımızdakı almalar çox dadlıdır. Atam ağaclara çox yaxşı qulluq edir. O almaların dadı tamam başqadır. Atamın çəkdiyi əziyyəti bilirəm. Ona görə o almaları daha həvəslə yeyirəm. Çox dadlı olur.
- Şəmkirdə reytinqini yüksəldərək, 2781-ə çatdırdın. İndiyə qədər belə yüksək reytinqin olmamışdı. 2800-ə çatmaq barədə düşünürsən?
- Əlbəttə. Hər bir şahmatçı 2800-ə çatmaq istəyir. Bu, mənim üçün böyük önəm daşıyır. Reytinq vacib amillərdən biridir.
- Qələbəni kimə həsr edirsən?
- 2016-cı ildə qələbəni Vüqar Həşimovun xatirəsinə həsr etmişdim. Bu dəfə qələbəni şəmkirlilərə həsr etmək istəyərdim. 10 gün ərzində onların dəstəyini hiss etdim. Həqiqətən bu il mənə düşərli oldu. Şəmkirli xanımla nişanlandım. Ona görə qələbəni şəmkirlilərə həsr edirəm.
- Vüqar Həşimovun xatirə turnirində onun dostu iki il ardıcıl qələbə qazanır. Bu qələbənin xüsusi önəmi var...
- Vüqar həmişə bizimlədir. Elə şahmatçıdır ki, onu unutmaq olmaz. Onun adı mənə güc verir. İlk illərdən başlayaraq, Vüqarın adı uğrunda yarışmışıq. İndiyə qədər belə mötəbər yarışda qalib gəlməmişdim. Vüqarın xatirə turnirində qələbə qazanmaq ikiqat önəmlidir. Yarışın ümumi reytinqi 2765-dir. XXI kateqoriya turnirdə uğur qazanmaq asan deyil.
- Şəmkirdən sonra Rusiyada klubların çempionatında iştirak edəcəksən. Sonra isə Moskvada Qran Prisi var. İddiaçılar turnirinə düşmək üçün şanslarını necə qiymətləndirirsən?
- Ümid edirəm ki, alınacaq. Bu, Qran Pridəki çıxışımdan asılıdır. Mümkün qədər uğurlu nəticə qazanmalıyam. Ardıcıl üç yarışda iştirakım çətinlik yarada bilər. Amma yaxşı olacağına inanıram. Moskvadan sonra klassik şahmata fasilə verəcəyəm. İstirahət etmək istəyirəm, ilin sonunda növbəti yarışlarım olacaq.
- Şəmkirdə qalib gələndən sonra təbrik üçün ilk zəng vuran kim oldu?
- İlk təbrik qayınatamdan gəldi.
- Atan Həmid bəy çox həyəcanlı görünürdü. Onun sənə dediyi sözləri bilmək maraqlı olardı...
- Həmişə hisslərini nümayiş etdirməməyə çalışır. Çox sevinir. Ümumiyyətlə, yanımda olanda oyunumu tərifləmir. Amma mən olmayan yerlərdə “Şəhriyar yaxşı oynayır” deyir. Əvvəllər bütün yarışlara birlikdə yollanırdıq. Son zamanlar tək gedirəm. Çünki məğlub olanda həyəcanlanır. İstəmirəm uduzanda atam yanımda olsun. Peşəkar kimi istənilən nəticəyə öyrəşmişəm. Atam özünü göstərir ki, guya ciddiyə almır. Lakin hiss edirəm ki, mən uduzanda o pis olur. Onun əhvalının korlanması mənə məğlubiyyətdən pis təsir edir. Rahat oynamıram. Evdə olanda bağda işləyir, nəticə barədə çox düşünmür.
- Üç oyunda qara fiqurlarla qalib gəldin. Sənə "Mister Black" deyə bilərik?
- (gülür) Əminəm ki, Voytaşekə uduzandan sonra artıq elə demək olmaz. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sehriyar-memmedyarov-nisanlim-semkirli-oldugu-ucun-ozumu-semkirli-sayiram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR