Tələt Paşa Komitəsi Afinada etiraz aksiyası keçirməyi planlaşdırır

18:57 7 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 18:55 ]


İstanbul. Mayis Əlizadə - APA. Türkiyəyə qarşı yönəldilən “soyqırım” böhtanlarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsi Yunanıstan parlamentinin 9 sentyabrda qəbul etdiyi və ölkədə “soyqırım olmayıb” deyənləri cəzalandırmağı nəzərdə tutan qərara qarşı etiraz aksiyası keçirmək üçün yanvarın 9-da 20 nəfərlik heyətlə Afinaya gedəcək.

 

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Atatürkçü Düşüncə Dərnəyinin Ankaradakı baş qərargahında mətbuat konfransı keçirən Tələt Paşa Komitəsinin başqanı, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin açıqlayıb.

 

Heyət üzvləri Yunanıstan parlamentinin 9 sentyabr tarixli qərarına etiraz açıqlamasını parlament binasının yerləşdiyi Syntagma meydanında oxuyandan sonra Türkiyəyə qayıdacaqlar.

 

Tələt Paşa Komitəsinin yunan xalqına və ölkə parlamentinə müraciətində iki ölkə arasındakı dostluq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi üçün 9 sentyabr qərarından vaz keçilməsi tələb ediləcək və xalqın parlamentə təzyiq göstərməsi istəniləcək. General-polkovnik Afinaya getmək üçün müraciət edən “Ulusal kanal”ın müxbirinə və operatoruna Yunanıstanın İstanbuldakı baş konsulluğunun viza vermədiyini bildirib.

 

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının  yanvarın 28-də Perincək-İsveçrə çəkişməsi ilə bağlı son hökmünü verəcəyini xatırladan İsmayıl Haqqı Pekin İşçi Partiyasının lideri Doğu Perincəkə tətbiq edilən xaricə çıxma yasağının ləğvini tələb edib: “Bu, Perinçəkin yox, Türkiyənin milli mübarizəsidir. Perincəkə, mənə, xaricdəki konfranslara dəvətnamələr alan Mehmet Perincəkə ölkədən çıxmaq qadağan edilib. 28 yanvarda AİHM Böyük Palatasının söz və ifadə azadlığını məhdudlaşdıran İsveçrəni cəzalandırdığı 17 dekabr 2013-cü il tarixli hökmü qüvvədə saxlayacağına inanırıq. Biz AİHM-in 17 dekabr hökmündəki “1915-ci il hadisələrini soyqırım kimi xarakterizə etmək olmaz” paraqrafının da 28 yanvarda veriləcək hökmdə qalmasını istəyirik və Böyük Palatanın bu paraqrafı da hökmdə saxlayacağına inanırıq. Ona görə də əlaqədar məhkəmə qurumları bir an əvvəl Doğu Perincəkin və bu mübarizənin başqa liderlərinin xaricə çıxma yasağını ləğv etməli və Doğu Perincək AİHM Böyük Palatasının həlledici iclasında Strasburqda olmalıdır”.

 

Qondarma “soyqırım” iddialarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsi 22 yanvar 2006-cı ildə İstanbulda yaradılıb. Komitənin fəxri sədri Şimali Kipr Türk Cümhuriyyətinin  qurucu prezidenti Rauf Denktaş, koordinatoru isə İşçi Partiyasının lideri Doğu Perincək olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR