Gözləri kompüter və telefondan qorumaq üçün nə etmək lazımdır?

“Texnologiya elə inkişaf edib ki, hazırda istifadə edilən monitorlardan gələn şüaların gözə zərəri yoxdur. Ancaq gözünüzü qormaq üçün bəzi məqamlara diqqət etməyiniz məsləhətdir”.

Bunu Metbuat.az-a açıqlamasında oftalmoloq Şahin Novruzlu deyib. O qeyd edib ki, oturma məsafəsi nə qədər uzaq olsa, o qədər yaxşıdır:

"Təxminən 50 sm-dən baxmaq məsləhətdir. Ekranın parlaqlığı çox olmamalıdır. Şriftlərin böyüklüyü gözü yormayacaq dərəcədə seçilməlidir. Kompüterin üst sərhədi göz səviyyəsini keçməyəcək formada durmalıdır. Uzun müddət kompüter qarşısında oturmaq, telefonla oynamaq məsləhət deyil. Yarım saat, 40 dəqiqədən bir 5-10 dəqiqə fasilə vermək lazımdır. Uzun müddət monitora baxdıqda gözün qırpma sayı azalır, gözdə quruma əmələ gəlir. Quru göz sindromu, kirpik dibi iltihabı, allergiyası olanlar bu haldan daha çox əziyyət çəkir".

Həkim əlavə edib ki, kompüterlərlə yanaşı telefonlardan da istifadə zamanı bu qaydalara riayyət etmək lazımdır. Çalışın ki, uşaqları planşet, telefonlardan uzaq tutasınız. Uzun müddət şüalanma xüsusilə, eynək ehtiyacı olan uşaqlarda eynək nömrəsinin artımını sürətləndirir.

Ultrabənövşəyi şüalar dəri ilə yanaşı gözə də zərər verir.

Həkimin sözlərinə görə, gözün qoruyucu sistemi var, ancaq uzun müddət şüalanmaya məruz qaldıqda billur bulanıqlaşır və nəticədə katarakt yaranır. Ona görə də, Günəşə çıxarkən qoruyucu eynəklərdən istifadə edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR