BP-nin üç aylıq xalis mənfəəti 1,5 milyard dollara çatıb

Böyük Britaniyanın enerji nəhəngi BP şirkəti cari ilin birinci rübündə 1,5 milyard dollar xalis mənfəət əldə edib. 2016-cı ilin ilk üç ayında isə şirkət 583 milyon dollar zərərə uğradığını açıqlamışdı.

Şirkətə istinadla verilən xəbərə görə bu ilin birinci rübündə BP-nin kapital xərcləri 3,5 milyard dollar olub. 2016-ci ilin eyni dövründə isə bu rəqəm 4,5 milyard dollar idi. 2017-ci il üçün şirkətin kapital xərclərinin 15-17 milyard dollar civarında olacağı gözlənilir.

Bu il BP 8 yeni layihənin icrasına başlayacaq ki, onların bəziləri Azərbaycan və Omanı əhatə edəcək. Şirkət bununla 2020-ci ilədək gündəlik neft hasilatını 800 min barrelə çatdırmaq istəyir.

BP-nin baş icraçı direktoru Robert Dadli deyib: "Bu il bizim üçün çox uğurlu başladı. İlk rübdə mənfəətimiz artdı və pul vəsaitlərinin hərəkəti möhkəmləndi. Biz bu il yeni layihələrə başlayacağıq".

Qeyd edək ki, 25 ildir Azərbaycanda fəaliyyət göstərən BP şirkəti Azəri-Çıraq-Günəşli layihəsində 35,8 faiz, Bakı-Tbilisi-Ceyhanda (BTC) 30,10 faiz, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 28,8 faiz iştirak payına malikdir. //AZƏRTAC


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR