Əlilliyə səbəb olan genetik xəstəliklər

Əlilliyə səbəb olan genetik xəstəliklər
19:05 7 Yanvar 2015
373 Sosial
Ölkə mətbuatı
A- A+

Bunun öyrənilməsi məqsədi ilə laboratoriyalar yaradılacaq
Azərbaycanda əlilliyin səbəbi olan genetik xəstəliklərin öyrənilməsi məqsədi ilə laboratoriyalar yaradılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı" layihəsinə daxil edilib.

Layihəyə görə, inkişafdan geri qalmış uşaqlara və onların valideynlərinə, yaxın qohumlarına psixoloji və metodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlər də yaradılacaq.

Bununla yanaşı, Bakıda və respublikanın digər böyük şəhərlərində lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəzlər açılacaq. Bu mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyət hazırlanacaq.

Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulağın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilərək ölkəmizdə tətbiq ediləcək. Bu əməliyyat dövlət vəsaiti hesabına həyata keçiriləcək.

Ümumiyyətlə, hazırda Azərbaycanda 420 minə yaxın əlil var ki, bunların da 60 mini uşaqlardır. Azərbaycanda əlil uşaqların sayında artım olduğunu bildirən Səlim Müslümovun sözlərinə görə, ölkəmizdə uşaqların müdafiəsi üçün bir sıra islahatlar həyata keçirilib və müvafiq qanunlar qəbul edilib.

Bəs əlilliyi doğuran səbəblər hansılardı? Əlilliyin qarşısının alınması üçün dövlət hansı tədbirləri həyata keçirir?

Ekspertlərə görə, xəstəliklərin və qəzaların sayının artması əlillərin də sayının artmasına səbəb olur. Statistik məlumatlara görə, ən çox əlillik dərəcəsi alanlar əsəb sistemi xəstəliklərindən əziyyət çəkən, ruhi davranış pozuntuları olan və anadangəlmə anomaliyaları olan insanlardır. Bundan başqa, cəmiyyətdə müəyyən səbəblərdən yaranan və yayılan xəstəliklər əlilliyin yaranmasına səbəb olur. Yol-qəza hadisələri çoxaldıqca, eyni zamanda, fiziki qüsurlu insanların da sayı çoxalır. Bütün bunlar əlilliyin artma dinamikasına təsir edir.

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova hesab edir ki, əlilliyin artma səbəbləri son illərdə əhalinin maariflənərək öz hüquqlarını tələb etməsindən irəli gəlir. Belə ki, onun sözlərinə görə, əlillərin sayının artmasının ən böyük səbəbi onlar arasında maarifləndirmə işlərinin düzgün aparılması ilə bağlıdır. "Xüsusilə son dövrlər onlar maariflənərək öz hüquqlarını tələb edir və sənədləşmə işlərini vaxtında görə bilirlər. Bundan bir neçə il əvvələ qədər insanlar bilmirdilər ki, hansı hallarda onlara əlillik statusu düşür".

Digər səbəb isə neçə illərdir müharibə şəraitində yaşamağımızla əlaqədardır: "20 faiz torpaqlarımız işğal olunub və baş verənlər orada yaşayan əsəb-sinir sisteminə də təsir edir. Onların hər biri psixoloji zədə alıb və hər biri əlildir".

Ekspertlər hesab edirlər ki, əlil kişi və əlil qadın ailə qurduğu üçün onların övladları da fiziki qüsurlu olaraq dünyaya gəlir. Bu baxımdan ölkəmizdə fiziki imkanları məhdud olan insanların normal insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdikləri də danılmaz faktdır. Məhz bu səbəbdən də əlil öz əlil yoldaşı ilə ünsiyyət qurur və evlənir ki, bu da genetik xəstəliklərin yaranmasına səbəb olur. Onların fiziki imkanları məhdud olmayan insanlarla ailə qurması imkansızdır. Çünki cəmiyyətimizdə əlillər fiziki qüsurlu olduğu üçün onlara inam, etibar yoxdur. Qüsurlu insanların vaxtında müayinə olunmaması nəticəsində xəstəliklər yayılır və onların sayında çoxalma müşahidə olunur. Xəstəliyin ana bətnində aşkarlanıb müayinə olunması üçün vaxtlı-vaxtında insanlar müayinə olunmalıdırlar. Bu baxımdan əlilliyin çoxalmasının qarşısını almaq üçün ilk növbədə genetik xəstəliklərin qarşısı alınmalı və əlilliyi olan şəxslər üçün müayinələr pulsuz həyata keçirilməlidir.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/317799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR