2015 burclere ne ved edir?

2015 burclere ne ved edir?
19:17 7 Yanvar 2015
4554 Sosial
Ölkə mətbuatı
A- A+

Ulduzlar insanları bu il şəxsi həyatlarını dəqiq planlaşdırmağa, xəyalpərəst olmamağa çağırır
2015-ci ilin Ulduz falına görə, şəxsi maraqlar ictimai maraqları üstələyəcək, yerdə qalanlar – yüksək materiya, romantika, xəyalpərəstlik əlçatmaz olacaq. Başqa sözlə, ulduzlar 2015-ci ildə buludlarda dolaşmamağa çağırır. Belə ki, qarşınıza real məqsədlər qoyun, kiminsə köməyinə ümid etməyin. Ulduzlar sizə səxavətlə enerji, inadkarlıq, məqsədyönlülük, daha doğrusu, uğur qazanmaq üçün nə lazımdırsa hamısını vəd edir. Kimsə kənardan köməyə bel bağlayacaqsa, o, bununla risk edir – ümid gözləməyə dəyməz. Təəssüf ki, 2015-ci il öz mənafeyini unudub başqalarının qayğısına qalmağa inam vermir. Özünüzdən asılı olan şeylərə çatmaq başqalarına ümid etməkdən daha asandır. Ulduzlar məntiqlilik, uyğunlaşmaq, səbirlilik kimi keyfiyyətləri gücləndirməyə söz verir. İlk yerdə şəxsi işlər, maraqlar və planlar duracaq. Əgər siz ictimai fəalsınızsa, bu il ətrafınızdakı insanların laqeydliyi ilə üzləşməyə hazır olun.

Ən pisi budur ki, ulduzlar ətrafdakıları öz hisslərini gizlətməyə meyilləndirəcək. Ona görə də siz hətta düşməninizin özünü necə aparacağını bilməyəcəksiniz. Məhz buna görə tənqidlə, hətta yumor hissi ilə ehtiyatlı olun, yersiz münasibətlərdən qaçın. Ümumiyyətlə, 2015-ci ildə özünüzü dəfələrlə həyatın tumar çəkdiyi incik Zoluşkanın rolunda hiss edəcəksiniz. İşlər elə gətirəcək ki, özünüzə yazığınız gələcək və problemlərinizdə ətrafdakıları günahlandıracaqsınız. Bu hisslərə təslim olmağa dəyməz, əks halda, bütün enerjinizi havaya sovuracaqsınız. Ən yaxşısı, Zoluşka haqqında nağılın yaxşı bitməsini xatırlayın. Yox, əgər 2015-ci ildə öz şahzadənizi tapmaq və ya xoşbəxtlik quşunuzun quyruğundan yapışmaq istəyirsinizsə, ulduzlar bu şansı sizə verməyə hazırdır. Bu il uğurların qızıl açarı dostluq, səmimilik, səbir, mehribanlıq, adi nəzakət kimi ən sadə keyfiyyətlərdir. Ətrafdakılara sizin hüquqlarınızı pozmağa imkan verməyin və onlara bel bağlamayın. İnanın ki, mehriban təbəssüm, sakit rica, xeyirxahlığa xeyirxahlıqla cavab vermək mütləq Keçi ilində sizin üçün uğura yol açacaq. Keçi ili ilk növbədə ən dolaşıq həyat vəziyyətlərindən çıxmağa və qeyri-standart düşüncələrin reallaşmasına imkan verəcək.

İctimai proseslərə gəlincə, 2015-ci ildə yüksək şüarlar, abstrakt ideyalar insanları keçən illərə nisbətən daha az həyəcanlandıracaq. Şərq Ulduz falına görə, Keçi ilində bir epoxa bir başqasını əvəz edəcək və bütün bəşəriyyət növbəti dəfə gələcəyə böyük ümidlə baxacaq. Bu, həmişə belə olub. Yalnız bu dəfə - 2015-ci ildə bütün bəşəriyyətin həqiqətən dünyanı yaxşılığa doğru dəyişməyə şansı yaranacaq. Əlbəttə, hər şeydən əvvəl inanmaq lazımdır ki, biz müsbət dəyişikliyə layiq olacağıq. Bizə arzuladığımız kiçik Yer kürəsi cənnəti yaratmağa icazə veriləcək.

Qərb astroloqları da 2015-ci ilə müsbət yanaşırlar. Onların fikrincə, 2015-ci ildə əksər ölkələr industrial cəmiyyətdə yaşayacaqlar. İnnovasiyaların inkişafı Yer kürəsi əhalisini daha da irəliyə aparacaq. Yüksək texnologiyaların inkişafı siyasətə təsir edəcək, hətta ola bilər ki, cəmiyyətin gələcəyini formalaşdıran əsas faktorlardan olacaq.

Astroloqlar hesab edir ki, 2015-ci ildə bizi qeyri-adi hadisələr gözləyir. İnsanlar astroloji proqnozlara inanaraq 2015-ci ildə onları hansı hadisələrin və sürprizlərin gözlədiyi ilə maraqlanırlar. Elə isə, ulduz falları bürclərə görə nə deyir?

Qoç

2015-ci il Qoç bürcündə doğulanlardan əsl əmək tələb edəcək. İstənilən sahədə praktik uğur qazanmaq üçün çox və səylə işləmək lazım gələcək. Həqiqət və nəticələrdən razı olacaqsınız – işdə və biznesdə stabillik, yaxın adamlarla etibarlı münasibət, vəfalı dostlar. Kimsə buna asanlıqla çatmayacaqsa, paxıllıq etməsin. 2015-ci ilin birinci yarısında Qoç bürcünə o qədər də çalışmaq yox, daha çox qüvvə toplamaq, ideyalarını tənzimləmək, gələcək üçün planlar qurmaq lazımdır. Xaricə hər hansı səfər və yaxud şəhər kənarında istirahət yalnız fayda verəcək. Məhz bu ərəfədə uzun illər axtardığınız harmoniyanı tapa biləcəksiniz. Bu, sizi ilhamlandıracaq, sonluğundan qorxmayaraq bütün imkanlarınızı gerçəkləşdirməyə imkan yaradacaq. Bu il daxili vəziyyətinizi inqilablarla müqayisə etmək olar. Ona görə də sizi 2015-ci ildə gözləyən dəyişikliyi qəbul etmək üçün maneələrdən qorxmayın.

Buğa

Buğaların həyatında böyük dəyişiklik gözlənilir. Ən əsası, buna hazır olmaq lazımdır. Kifayət qədər səy göstərmək və hər şeyi planlaşdırmağa ehtiyac var. Onda bütün çətinliklər yaxşılığa doğru gedəcək. Yox əgər siz dəyişikliklərə hazır deyilsinizsə, onda dəyişikliklər özü sizin həyatınızı heç də yaxşılığa doğru yönəltməyəcək – köhnələr dağılacaq, indiki həyatınız pozulacaq, gələcəyiniz qaranlıq olacaq. Buğalar məqsədlərinə çatmaq üçün axtarış edəcək, tapacaq, itirəcək, yenidən cəhd edəcəklər. Münaqişəli vəziyyətlərdən qaçmaq lazımdır. İlk bahar aylarında şəxsi həyatınızda narahatlıqlar görünəcək. Bir çox Buğaların mənzil məsələlərini həll etmək lazım gələcək. Həmçinin Buğalar maliyyə, kredit məsələlərini həll etməli olacaqlar. Əsas odur ki, ilin sonu sizin üçün isterikasız keçəcək.

Əkizlər

2015-ci ildə ulduzlar Əkizlərə daima yeni fürsətlər üçün çağırışlar göndərəcək. Siz özünüzü itirəcək, bəzən hətta təlaş keçirəcəksiniz – nə etməli, hər şey adəti üzrə getmir. Yeniliklərə alışın və mütləq bəxtiniz üzünüzə güləcək. Faktiki olaraq Əkizlər üçün il iki hissəyə – üsyankar və enerjili və sakit dövrə bölünür. İlin əvvəlində səfərlərə marağınız oyanacaq. Əkizlər həmişə avtomobil haqqında arzularla yaşadığından nəhayət, bu il bu arzularını reallaşdıra biləcəklər. Bu dönəmdə Əkizlər yaxın ətrafları, dostları, valideynləri və qohumları ilə münasibətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır. Hətta yeni tanışlıqlar, həyatınızı dəyişə biləcək münasibətlər yarana bilər. Əkizlər bürcündə doğulan biznesmenlər üçün çətin il olacaq. Karyera məsələləri və sosial problemlərlə üzləşmək lazım gələcək. İlk yarım il qarışıq keçəcək. Bununla belə, dost və tanışlarınızın dairəsini dəyişdirməklə siz düşünmədiyiniz məqsədlərə nail ola bilərsiniz.

Xərçəng

2015-ci ildə Xərçənglər nəhayət, sakit nəfəs ala biləcəklər – bütün ili heç nə haqqında düşünməyin, yalnız öz arzularınız və yaxınlarınızın planları haqqında düşünün. 2015-ci il Xərçənglər üçün inanılmaz, hətta nağılvari olacaq. Əgər qəlbinizdə yaranan qorxunun cavabını tapa bilsəniz, maneələri asanlıqla keçəcəksiniz. Tale sizə şans verir – azadlığınız öz əlinizdədir. Baxmayaraq ki, bu, sizə havayı verilmir. Sadəcə, maneələri dəf etmək gücündə olmalısınız. Xərçənglər öz planlarını gerçəkləşdirə biləcəklər. Maliyyə vəziyyətləri düzələcək. Hətta iş yerlərində əhəmiyyətli karyera irəliləyişi qazana bilərlər. Onlar üçün ilk növbədə yaxınları ilə münasibətləri tənzimləmək məsələsi var. Ulduzlar Xərçəngə qlobal dəyişikliklər vəd etmir, sadəcə, planları reallaşdırmaq imkanı verir. Əsas olan isə Xərçənglərin düzgün seçim etməsidir.

Şir

Şirlərin həyatında o qədər də əhəmiyyətli olmayan yeni mərhələ başlayır. Bu, sizdən böyük qüvvə tələb edəcək. Cəsarətli və əzmli olmaq lazımdır. Son illər kölgədə qalan və özünü ciddi aparan Şirlər birdən qaranlıqdan çıxacaq. Hətta populyar olmaq da mümkündür. Ancaq əndazəni aşmamaq şərti ilə ki, əldə olanları da itirməyəsən. Yay ayları o qədər də xoş vədlər vermir. Ailə üzvləri ilə istirahət evinizdə harmoniyanı və sülhü qoruyub saxlamağa kömək edər. Mənzil problemi ilə üzləşmək ehtimalı var. Hətta əmlakınızı satmaq təhlükəsi yarana bilər. Bu məsələlərin aradan qalxması üçün payızı gözləmək və maliyyə imkanlarınızı düzəltmək lazım gələcək.

Qız

Qızları 2015-ci ildə mənəvi axtarışlar gözləyir. Üzdən sakit görünsələr də, daxildən hərəkətlilik olacaq. Ona görə də xoşunuza gələn işlə məşğul olmağınız daha yaxşıdır. İlin ilk yarısında sosial aktivlik müşahidə olunsa da, get-gedə daha çox tənha qalmağa üstünlük verəcəksiniz. Onun üçün özünüzü atılmış və tənha hiss etməyə ehtiyac yoxdur. Ola bilər ki, dostlarınızın ətrafında az olasınız, daha çox kitabla kürsüyə üstünlük verəsiniz. Amma unutmayın ki, tale sizə ideyalarınızı gerçəkləşdirməyə şans verir. Sentimentallıqdan qaçmaq, reallığa can atmaq lazımdır. Bu il turist kimi səfərləriniz gözlənilir. Təhsil və iş imkanlarınız yarana bilər.

Tərəzi

2015-ci il Tərəzilər üçün yaranıb. Bəxtiniz gətirəcək. Çoxdandır ki, belə uğurlu il olmayıb. Ona görə də həyatınızda müsbət dəyişikliklər gözlənilir. Amma özünüz də bu dəyişikliyə hazır olmalısınız. Bəzən qorxursunuz, düzgün qərar verə bilmirsiniz. Tərəddüdə dəyməz. Tanışlıq dairəniz də genişlənəcək. Bir çox Tərəzilərə il ərzində səfərlər etmək, yaşayış yerlərini dəyişmək lazım gələcək. Sizi başqa evlər, başqa şəhərlər cəlb edəcək. Sizi sevən insanların əhatəsində olmağa çalışın. Maliyyə problemlərinin yaranması da qaçılmazdır. Öz layihələrinizi reallaşdırmaq üçün planlarınızı düzgün qurun. Hərçənd bundan ötrü sizdən mənəvi və fiziki qüvvə tələb olunacaq.

Əqrəb

2015-ci ildə daha çox öz qayğınıza qalmaq lazım gələcək. Sizə elə görünəcək ki, həyat ədalətsizdir. Ancaq ümidinizi itirməyin. Heç kəsə xoşbəxtlik boşqabda təqdim olunmur. Sosial aktivliyinizi artırmağa ehtiyac var. Hətta xoşagəlməzliklərlə üzləşsəniz belə, ümidinizi itirməyin. Bütün qüvvənizi və enerjinizi maneələri aradan qaldırmağa həsr edin. Yalnız bu yolla çətinliklərin öhdəsindən gələ bilərsiniz. Bu dönəm sizin üçün müqavilələr bağlamaq, karyera irəliləyişi pilləsi də ola bilər. Hətta öz şəxsi biznesinizə başlamaq imkanı da görünür. Unutmayın ki, real olmayanları gerçəkləşdirmək insanın öz əlindədir.

Oxatan

Oxatanları sürprizlər gözləyir. İlin əvvəlində depressiya yükü, pis əhval-ruhiyyə, nəhayət sizi tərk edəcək, həyatınız yeni rəng alacaq. Gərginlikdən inamınızı itirməyin. İstənilən uğurun girovu inadkarlıq, əmək və sağlam ambisiyalardır. Oxatanlar öz talelərini özləri həll etməlidir. Sadəcə, səhv etmək qorxusu sizi məqsədinizdən döndərməsin. Birdən-birə qəlbinizin yeni hisslər istədiyini hiss edəcəksiniz. Buna da cəhd etmək və şansları qiymətləndirmək lazımdır. Əlinizə düşən fürsətləri qaçırmayın. Maliyyə çətinliyi, xəstəlik və problemlərdən heç kim sığortalanmayıb. Problemlərin açarı yalnız iradədən asılıdır.

Oğlaq

2015-ci il sizə boz, darıxdırıcı və sevincsiz görünə bilər. Problemlərlə qarşılaşmağınız qaçılmazdır. Oğlaqların həyatında yeni dönəm başlayır. Sadəcə, planları müəyyənləşdirməyə ehtiyac var. Bunun üçün zaman və sizə əzab verən suallara cavab tapmaq lazımdır. İş həyatınızla şəxsi həyatınız arasında harmoniya yaratmağa imkan var. Həyat öz axarı ilə gedir. Təbii ki, maliyyə məsələlərini həll etmək lazım gəlir. Yaradıcı həvəslərinizi gerçəkləşdirmək üçün əsl dönəmdir. Portret çəkmək, barabanda çalmaq və ya şeir yazmaq heç vaxt gec deyil. Bu sizə istedadınızı realizə etməyə, hətta məşhurluq qazanmağa imkan verər.

Dolça

Dolçalar üçün aktiv ildir. Həyatlarını dəyişdirmək üçün istədikləri şansı qazanacaqlar. Belə demək olar – tale sizə gələcəyinizi qurmaq imkanı verir. Şəxsi həyatınızda dəyişiklik öz əlinizdədir. İmkanları dəyərləndirin. İlk yarım ildə tərəfdaşlıq münasibətlərini tənzimləmək üçün əlverişli fürsətdir. Bu, yeni tanışlıqlar qazanmağa, əməkdaşlıqlar qurmağa kömək edəcək. Sosial aktivliyiniz təkcə peşəkar sferada deyil, həm də şəxsi cəbhədə yüksələcək. Siz diqqət mərkəzində olacaqsınız, istedadınızı qiymətləndirəcəklər. Bu, birgə planlarınızı və ideyalarınızı gerçəkləşdirmək üçün əsas fürsətdir. Həyatınızda rol oynaya biləcək insanlarla tanışlığınız yaranacaq. Bu il sevginizlə qarşılaşmaq şansı da görünür. Bu, nigahla da nəticələnə bilər.

Balıqlar

Balıqların uğur qazanmaq fürsəti yaranacaq. Həmçinin böyük azadlıq əldə edəcəklər. Buna isə özlərinin əməksevərliyi ilə nail olacaqlar. Ürəyinizcə olan iş tapa biləcəksiniz. Kollektivdə qarşılıqlı münasibətləri tənzimləmək imkanı yaranacaq. Daha yeni iş yeri axtarışı barədə düşünməyəcəksiniz. Yeganə xəbərdarlıq: işdə hirslənməyin, sağlamlığınızın qayğısına qalın. Hadisələri qabaqlamağa tələsməyin. Həyat hər şeyi yerinə qoyur. Əsas odur ki, il sizin üçün kiçik itkilərlə başa çatacaq. Dəyişikliklər sizə yalnız xeyir gətirə bilər.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR