Təzadlarla dolu dahi

Təzadlarla dolu dahi
13:23 3 May 2017
Ölkə mətbuatı
A- A+

“İvan Vasilyeviç peşəsini dəyişir” adlı Sovet filminə yəqin ki, çoxları baxıb. 1934-cü ildə böyük yazıçı Mixail Bulqakov tərəfindən qələmə alınmış bu əsərə ikinci həyatı məşhur rejissor Leonid Qayday verib. Filmə bu gün də baxılır, ən azından biz “sovetdənqalmalar” yarınostalji, yarıbekarçılıq içində artıq əvvəlki kimi gülməkdən uğundurmayan bu fantastik-komediya filmini məmnuniyyətlə izləyirik. Əsərin müəllifi da bizim kimi “yarı”lar içində tərəddüd edən olub. Bəzən heç özünün də müəyyənləşdirə bilmədiyi hisslər içindəydi – Sovet rejiminə sevgisi ya nifrəti, məmnunluğu ya narazılığı, vətəni ya bacardıqca uzaqlaşamaq istəyi, həkimliyi ya yazıçılığı ilə onun da taleyi bu natamamlıqlar, tərəddüdlər içində var-gəl etdi. Amma bütün həyatının təzadlar içində keçməsi Bulqakovun təkcə Sovet deyil, dünya ədəbiyyatında da özünə yer etməsinə mane ola bilmədi. Bəlkə də digər sərhədləri aşmış yazıçılar kimi onun da dövlətinə müxalifliyinin burda rolu oldu, amma hər halda aşılmış sərhədlərin o tayındakı rəğbət istər-istəməz bu yazıçını rus ədəbiyyatının öndərləri sırasına daxil etdi.

Mistik, müəmmalı, ziddiyyətli, bəlkə də zamanına aid olmayan Bulqakov 1891-ci ilin 3 mayında doğulsa da, tərcümeyi-halı da tərəddüd içindədir, yəni 15 mayda doğulma ehtimalı da əl altındadır. Göründüyü kimi, karma doğuşdan məzara qədər ayağına dolaşdığı insandan əl çəkmir. Qələmə aldığı əsərində İvan Vasilyeviçin peşə dəyişdirdiyi kimi, o da həkimliyi yazıçılığa, dramaturqluğa, rejissorluğa dəyişdi, yəni sənət seçimində də var-gəl etdi, sevgisində də qərarlaşa bilmədi (üç dəfə evli olub), ən maraqlısı xəstəliyi də dəqiq diaqnoz edilmədi. Yazıçının öz gündəliklərinə əsasən, SSRİ ərazisini qarış-qarış gəzərək vərəmdən tutmuş, revmatizm, uroloji problem, ürək qüsuruna qədər müxtəlif diaqnozlar arasında çaşıb qaldı. Bunları sadalamaqda məqsədim, bir insanın taleyindəki tərəddüdlərin, təzadların tavan vurmasına işarədir.

Yazıçının əsərlərində də ikililik həmişə özünü göstərib. Sovet rejiminə açıq-gizli müxalif eyhamlar vura-vura Stalini də tərənnüm edib. Şeytanla mübarizəyə qalxdıqca, insanla iblis bağlılığını, hətta dostluğunu da göz önünə sərib. Bəlkə də dünya ədəbiyyatında ən qarışıq duyğu və düşüncələrdən aydın, mükəmməl əsərlər ortaya qoyan tək-tük yazıçılardandır.

Bulqakov deyirdi ki, dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat. Tam bir gerçəklik! Hər halda ötürdüyümüz və hazırda yaşadığımız əsrdə bu iki amil də şeytan və insan kimi başabaş yürüyüb. Hansı-hansından güclüdür? Buna qərar vermək üçün tələsənlər təbii ki, maddiyata, cismə üstünlük versələr də, əslində maddiyatın da mənəviyyatdan doğulduğunu dərk edirlər. Görünüşcə bir-birinə zidd olan nəsnələr, mahiyyətcə bir-birini tamamlayırlar, elə şeytanla insan kimi! Nə qədər dabandabana zidd olsalar da bir o qədər başbaşa addımlamaq yazılıb talelərinə. Bəlkə də bunu hamımızdan yaxşı anlayan Bulqakov detallarda gizlənən şeytanı göstərmək üçün ömrünü, qələmini adadı. Elə ona zidd gedən rejim olmasaydı, bu təzadı da ortaya çıxara bilməzdi. Nə ruhunu şeytana satan “Faust” sevgisi bu qədər yaradıcılığına hopmaz, nə də özünü iblislə sövdələşmiş kimi onu uçurumun kənarına yönəldən Stalini vəsf eləməzdi. Daha bir neçə təzadı da yazmasam, qələmim çatlayar: o, heç bu diktatora olan münasibətinin də tərəddüdündən çıxa bilmədi. Özü dediyi kimi əsərlərinin bəxtini bağlatdıran bu liderə atdığı daş qayıdıb öz başını yarsa da, elə qanı axa-axa yenə də onun dəstəyindən təsirləndi, rahatlandı, bəlkə də vəsfə görə daha özünü danlamadı. Hökümətə ünvanladığı məktubları bu sözlə bitirir: "Bolşevik partiyasının üzvü olmayan, amma onu dəstəkləyən yazıçı”. Görəsən, özü bu qədər ikilinin fərqindəydimi?! Güman ki... dahilər kənardan qəribə, çılğın, hətta bəzən axmaq görünsələr də, elə onların adilərdən fərqi də hərtərəfli olmalarıdır.

Hətta ən realist oxucu belə, nədənsə böyük qələm sahiblərində mistika axtarır. Bəlkə də şüuraltı insan vahiməsi onu daim gerçəklikdən xəyalətə yönəldir... Amma bu bir faktdır ki, oxucu əsərlərini məmnuniyyətlə oxuduğu yazıçıların təkcə qələm məhsulu ilə kifayətlənmir, mütləq onun həyatına da göz gəzdirib müəmma axtarır. Ola bilsin ki, müəmmalar seçilmişləri daha fərqli, əlçatmaz edir. Onların da bizim kimi adi həyat yaşayıb, nahardan sonra gərnəşə-gərnəşə iş masasına keçib, bir yazıb, bir xəyal edərək işləməsini istəmirik. Mütləq azdan çox düzəldib, təxəyyülün köməyi ilə şişirdərək mif yaradırıq. Hər bir insan özlüyündə yazıçıdır, sadəcə arasında yaza biləni və ya yazmadan uyduranı var; təxəyyülünü kölə kimi işlədib ədəbiyyatı yaşadanı və ya təxəyyülünün köləsi olub ədəbiyyatı məhv edəni var.

Bir sözlə, onsuz da təzadlara “məhkum” olmuş bir dahini müəmma girdabına çəkmək əlimizdə suiçimidir. Kaş ki, bu “suiçimini” onun özündən çox əsərlərinə yönəldib, ürəyimizi, beynimizi sərinlətsəydik... Vaxtilə yazmaqdan məhrum edilmək təhlükəsi ilə üzləşmiş Bulqakovun hələ bu məhrumiyyət içindən ortaya çıxardığı bütöv ədəbi sərvət uzun müddət ürəyimizi sərinlətməyə yetər.

Doğum günün mübarək, “master”!

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/197374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR