Bakıdakı küçə musiqiçiləri polisdən, asayiş işçiləri də onlardan narazıdır...

Bakıdakı küçə musiqiçiləri polisdən, asayiş işçiləri də onlardan narazıdır...
15:57 3 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın bəzi yerlərində - parklarda, dəniz kənarında, keçidlərdə, insanların axın etdiyi digər məkanlarda müxtəlif musiqi alətlərində ifa edən gənclərə, yaşlılara rast gəlmək mümkündür. Xarici ölkələrdə populyar və gəlir gətirən küçə musiqisi sənəti Azərbaycanda o qədər də qazanclı sahə sayılmır. Bizim küçələrdə çalıb-oxuyan gənc gitaraçılar çox zaman bu işi qazanc üçün yox, sənət və zövq üçün edirlər. Lakin yeni iqtisadi vəziyyət, son vaxtlar insanların gəlirlərinin azalması Azərbaycanda da küçə musiqisini aktuallaşdırıb. Artıq gənclər bu peşəyə cüzi gəlir gətirdiyi üçün qazanc mənbəyi kimi baxırlar.

Milli.Az xəbər verir ki, modern.az bəzi küçələrdə çalıb-oxuyan gənc gitaraçılarla həmsöhbət olub.

Həmin gənclər bizdən onların çalıb-oxuduqları yerlərin şəkillərini çəkməməyi xahiş etdilər. Səbəbini isə soruşanda dedilər ki, bu onlara çox böyük bir problem olacaq. 

"Bizi işləməyə qoymayacaqlar. Bir neçə ay bundan əvvəl bir televiziya kanalı bizi çəkdi və polis əməkdaşları ilə aramızda müəyyən anlaşılmazlıqlar oldu. Bizi harada gördülər qoymurdular işimizlə məşğul olaq. Hansı əsrdə yaşayırıq ki, polis işçiləri küçədə ifa etməyə qoymur?"

Küçə musiqisinin ifaçıları müsahibə verməkdən də ehtiyatlandılar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayevlə əlaqə saxladıq.
 
Şöbə rəisi bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində küçə ticarəti və digər xidmətlərin göstərilməsinə görə, 80 manat məbləğinə qədər cərimə nəzərdə tutulur:

"Dənizkənarı bulvarda elə gənclər var ki, az qala özlərinin səyyar studiyalarını yaradıblar. Bir-birilərinin səslərini yazırlar, çalıb-oxuyurlar, oynayırlar amma onlara heç kim heç nə demir. Hətta dənizkənarı bulvarda yaşlı bir kişi var ki, balabanda milli musiqiləri ifa edir. Heç kimin də onunla işi yoxdur. Hərəkətin təmin olunması məqsədilə şəhərin bir çox istiqamətlərində yeraltı keçidlər tikilib. Bayıl qəsəbəsindən başlamış "Abşeron" otelin qarşısına qədər olan yerlərdə küçə musiqiçiləri ifa etmirlər. Amma onlar gəlib "Sahil" metrostansiyası və Səməd Vurğun küçəsi tərəfdə olan keçiddə, beş addımlıq yolda çalıb-oxuyurlar. Orada da hərəkətin intensivliyi çoxdur, onlar gəlib orada yolun ortasında yekə bir gitara qutusunun qapağını açıb, gur səslə musiqi ifa edirlər. Bunu da pul qazanmaq məqsədilə edirlər. Onlar əhalinin az olduğu yerlərdə bunu etsələr, polis də heç nə etməz".
 
İ.Babayev deyib ki, küçə musiqiçilərinin əksəriyyəti yeniyetmə uşaqlardır.
 
"Onlarla tez-tez profilaktik söhbətlər aparılır və buraxılır. Onlara təklif olunsa ki, Bakıda bu qədər qoca, uşaq, əlil evləri və başının qarışmağa ehtiyacı olan insanlar var. Gedib onlara konsert verərlərmi? Gedib onlar qarşısında belə bir təşəbbüs qaldırıblarmı? Küçəni zəbt etməklə deyil ki...".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR