Azərbaycanda toyuq əti niyə ucuzlaşmır? - FOTO

Azərbaycanda toyuq əti niyə ucuzlaşmır? - FOTO
18:37 3 May 2017
Ölkə mətbuatı
A- A+

Ölkədə quş əti istehsalı artıb. Belə ki, cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 19,1 min ton (keçən il 12,8 min ton) quş əti və 190,9 milyon ədəd (keçən il 182,1 milyon ədəd) yumurta istehsal edilib. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10118,1 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 53 ədəd yumurta alınıb. Maraqlıdır istehsalın artmasına baxmayaraq, quş əti 9,5 faiz bahalaşıb. Yerli quşçuluq təsərrüfatlarının toyuqlarının (dondurulmuş)  kiloqramı 4,60- 5 manat təşkil edir. Quş əti əlavələrinə gəlincə, 5-6 manat arasında dəyişir.

Marketlərdə apardığımız sorğulara görə, toyuq əti və ət əlavələrinin dəyəri son iki ayda bahalaşıb. Müqayisə üçün bildirək ki, Azərbaycan kimi özünü quş əti ilə təmin edən qonşu Türkiyədə toyuq əti və ət əlavələrinin kiloqramı müvafiq olaraq 7,6-10 türk lirəsi (3.7-4,5 manat ) arasında dəyişir. Bazarında idxal məhsullarına geniş yer ayıran Rusiyada isə toyuq ətinin kiloqramı 108-140 rubl (3,30-4,28 manat) təşkil edir. Nəzərə alsaq ki, quşçuluq fabriklərində istehsal artıb, bazar prinsiplərində qiymətlər ucuzlaşmalı idi, nəinki artmalı. Səbəbi araşdırmağa çalışdıq.

Yüksək rüsumlara rəğmən toyuq əti idxalı artıb

Qeyd edək ki, quşçuluq sənayesi dövlətin son illərdə ən çox diqqət ayrıdığı sahələrdən biridir. Məsələn, güzəştli kreditlərin hesabına 44 müasir quşçuluq təsərrüfatı yaradılıb. Başqa bir tərəfdən, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayının 3-dən Azərbaycana idxal edilən bəzi ərzaq məhsullarına, o cümlədən quş əti və yumurtaya yüksək gömrük idxal rüsumları tətbiq olunur. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar rüsüm alınır. Əslində, bu qərar quşçuluq təsərrüfatlarının gəlirlərinə birbaşa təsir edir. Çünki xarici ölkələrdə quş ətinin maya dəyəri aşağı olduğundan, idxal olunan məhsullar daha ucuz satılırdı. Nəticədə yerli broyler təsərrüfatlarının məhsulları bazarda idxal məhsullarına uduzurdu. Lakin quşçuların sevinci uzun çəkməyib. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə quş əti və onun əlavə məhsulların idxalı 2,5 dəfə artıb. Gömrük statistikası göstərir ki, Azərbaycan, əsasən, Türkmənistandan, Ukraynadan, ABŞ-dan, hətta Argentinadan, Braziliyadan,Çindən, Kanadadan, Türkiyədən  ev toyuqlarının hissələrə ayrılmış və ya ayrılmamamış ətini idxal edib.

Xaricə 1 kiloqram belə toyuq satmamışıq

Yeri gəlmişkən, idxala rəğmən xarici bazara yerli toyuq çıxarılmayıb. Halbuki, ötən ilin avqust ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq qərarı ilə toyuq əti istehsal edən "Qəbələ Quşçuluq" ASC-nin məhsullarının Rusiya bazarına çıxarılmasına icazə verilmişdi. Hətta qonşu Gürcüstanın da bizim toyuqlardan dadmaq imkanı yarandığı irəli sürülürdü. Lakin gömrük statistikasında quş əti ixracına dair heç bir məlumat yer almayıb.

Toyuq əti niyə bahalaşıb?

Sual ətrafında müaciət etdiyimiz Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev istehsalın artmasının qiymətlərə təsir etməsi fikri ilə razılaşmadı. A.Vəliyev deyir ki, quş əti istehsalının maya dəyəri olduğu kimi qalıb: "Quş ətinin istehsalında lazım olan avadanlıqlar, dərman preparatları, yem xaricdən idxal edilir. Bu malların da idxal dəyərində azalma olmayıb".

Bununla belə A.Vəliyev quş ətinin müvəqqəti ucuzlaşacağını istisna etmir: "İstehsal artımı ilə bağlı qiymət azalması ola bilər ancaq bu müvəqqəti xarakter daşıyacaq".

Quşçular Cəmiyyətinin sədri xaricdən quş əti idxalının artmasını təəccüblə qarşıladı: "Ötən ilin noyabrında Azərbaycana idxal edilən bəzi ərzaq məhsullarına yüksək gömrük rüsumları tətbiq edildi. Bu ildən quş əti idxalı azalmalı idi. İkinci bir tərəfdən bazarda xarici məhsul da nəzərə çarpmır".

A.Vəliyev yerli broyler təsərrüfatlarının məhsullarının hələ də ixrac edilməməsinə toxundu. Bildirdi ki, bu toyuq ətinin istehsalının baha başa gəlməsi ilə bağlıdır.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin nazirlik rəsmiləri mövzu ətrafında danışmağa maraqlı olmadılar. Cavabların ünvanı kimi Azərbaycan Quşçular Cəmiyyətini göstərdilər. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin münasibətinə gəlincə, nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi ki, qiymətləri bazar özü tənzimlədiyindən onlar bu məsələyə qarışmırlar: "Qiymətlər tələb təklif əsasında müəyyənləşir".

Qiymət azalması istehsalın 2,5 dəfə artımından sonra baş verə bilər

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, quş ətinin baha olması əhalinin ətlə təminatının aşağı səviyyəsindən qaynaqlanır: "Qida normasına uyğun olaraq adambaşına il ərzində ət istehlakı 84 kiloqram təşkil edir. Bu illik 840 min ton ət istehsalı deməkdir. Azərbaycanda isə ət istehsalı 290 min ton təşkil edir. İstehsalın az olması qırmızı ətin, o cümlədən quş ətinin ucuzlaşmasına imkan vermir. Müqayisə üçün bildirim ki, alıcılıq qabiliyyəti, eləcə də aylıq məvacibin yüksək olduğu ABŞ-da quş ətinin kiloqramı 1,6 dollar təşkil edir".

V.Məhərrəmov hesab edir ki, qiymətin ucuzlaşması üçün istehsal 2,5 dəfə artırılmalıdır. O ki qaldı rüsümların yüksəldilməsinə rəğmən idxalın artımına, ekspert bunu bazarda tələbatın yüksək olması ilə izah etdi: "Yerli müəssisələr bazarın tələbini ödəyə bilmirlər".

Bu arada qeyd edək ki, 2015-ci ilə aid olan rəsmi statistikaya əsasən, Azərbaycan özünü quş əti və ət məhsulları ilə 98,6 faiz təmin edir. Yumurta ilə təminat 99, 7 faizdir.

L.Əliyeva
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/541313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR