Kosmetoloq Gülnar Məmmədli: “Solyaridən istifadə dəri xərçəngi riskini artırır”

Kosmetoloq Gülnar Məmmədli: “Solyaridən istifadə dəri xərçəngi riskini artırır”
19:29 7 Yanvar 2015
865 Sosial
Ölkə mətbuatı
A- A+

“Yetkinlik yaşına çatmayanlara, eyni zamanda, hamiləlik və laktasiya dövründə olan qadınlara lazerin tətbiqi qadağandır. Bəzən ağır kosmetik prosedurlardan həddindən artıq istifadə psixoloji problemlərdən xəbər verir”. Bu fikirləri APA-TV-də efirə gedən “Sosium” proqramının qonağı həkim-kosmetoloq Gülnar Məmmədli deyib.

Həkim-kosmetoloq qış mövsümündə dəri problemlərinin artmasının səbəblərindən danışıb: “Ən çox müraciətlər dəri problemləri ilə bağlı olur. Bunun səbəbi isə dəriyə düzgün qulluq olunmaması və baxımsız qalmasıdır. Problemlər hər dəri tipinə görə fərqli olur. Qış mövsümündə dərimizin müdafiə qabiliyyəti azalır və yenilənmə prosesi ləngiyir, ona görə də daha çox dəri problemləri qış mövsümündə müşahidə olunur. Ən çox şikayətlər dəridə quruluq, gərginlik hissi, qızartılar, özünümüdafiə funksiyasının zəifliyinə görə səpkilərin yaranmasıdır. Əgər dəri qurudursa, qırışların da artması daha çox müşahidə olunur. Bu baxımdan yağlı dərilərdə vəziyyət bir az yaxşı olur”.

Mütəxəssisin fikrincə, dərinin 25 yaşdan sonra dəriyə qulluqla bağlı peşəkarların yardımına müraciət etmək məqsədəuyğundur: “Əvvəllər 30 yaşdan sonra kosmetoloqa müraciət etməyə ehtiyac yaranırdı. Lakin indi bizim meqapolisdə yaşamağımız, daha çox stresslərə məruz qalmağımız dəriyə də öz təsirini göstərir. Eyni zamanda, iş rejimi ilə bağlı düzgün qidalanmamaq, ayaqüstü yeməklər də dəriyə təsirsiz ötüşmür, odur ki, indi daha erkən, yəni 25 yaşdan sonra kosmetoloqa müraciət məsləhətdir”.

Qonaq tez-tez xarici görünüşü ilə bağlı kosmetik və plastik prosedurlara müraciət edənlərin bəzilərində psixoloji problemlərin olduğunu deyib: “Bəzən psixoloji vəziyyəti normal olmayan insanlar da bizə müraciət edirlər. Cəmiyyətdə öz yerini tapa bilməmək, özünütəsdiq imkanının olmaması bəzilərində belə fikir yaradır ki, öz görünüşlərində hər dəfə yeni dəyişiklik etsələr, nəyəsə nail ola bilərlər. Belə pasiyentlərin ilkin olaraq psixoloqa yönləndirmək məsləhətdir. Əgər 27-28 yaşlı xanıma üz dərisinin sallanması ilə bağlı müraciət edirsə və israrla üz gərdirmək əməliyyatı istəyirsə, bu, artıq onun psixoloji probleminin olmasından xəbər verir. Belə insanların psixoloji yardım alaraq özünə inamının bərpa olunması lazımdır. Artıq belə yardımdan sonra xəstə özünü fərqli gözlə görməyə başlayır və xarici görünüşündən razı olur”.

Gülnar Məmmədli Azərbaycanda müxtəlif kosmetoloji problemlərin həlli məqsədilə lazer üsuluna müraciətlə bağlı da geniş məlumat verib: “Hal-hazırda həm tüklərdən azad olma, həm də digər problemlərlə bağlı lazer üsulu tətbiq olunur. Bunun da öz fəsadları var. 14-15 yaşında yeniyetmə yaşına çatmamış uşaqların epilyasiyası qəti qadağandır, lakin çox vaxt valideynlər bu barədə məlumatsız olurlar və qeyri-mütəxəssislər bunu edirlər. Bundan başqa, əgər bir insanda xərçəng xəstəliyinə meyl varsa, lazer şüası onda bu xəstəliyin inkişafına təsir edir. Bu isə lazerin bəzən nə qədər böyük fəsad yarada biləcəyinin göstəricisidir. Amma bu o demək deyil ki, lazer hər kəsə ziyandır, təbii ki, bu zaman mütəxəssisin peşəkarlığı, pasiyentin şəxsi reaksiyası vacib amildir. Lazerdən düzgün olmayan şəraitdə istifadə etdikdə bu fəsad verə bilər, amma düzgün şəraitdə onun faydası çoxdur”.

Həkim hamiləlik və laktasiya dövründə kosmetoloji prosedurlarla bağlı diqqətli olmağın əhəmiyyətini vurğulayıb: “Hamiləlik və laktasiya dövrü əslində bir çox kosmetoloji prosudurların əks göstəriş dövrüdür. Qadının orqanizmində yeni bir canlı formalaşdığı üçün şüalara və kimyəvi maddələrə qarşı daha çox həssaslıq yaranır. Bu gələcəkdə doğulan uşağın orqanizminə və hətta əqli inkişafına da təsir edə bilər. Buna görə də hamilə qadınlar lazer epilasiyasından, kimyəvi pilinqlərdən çəkinməlidirlər. Onlar daha yüngül prosedur edə bilərlər, lakin bu zaman hətta saç boyalarından istifadə də məsləhət deyil”.

Qonaq iş rejiminin, ətraf mühitin dəriyə təsirini azaltmaq üçün tamaşaçılara məsləhətlər verib: “Sosial həyatımızda dəriyə zərər verən faktorlar çoxdur. Bütün günü kompyuter şüalarına məruz qalma dərinin yorğun görkəm almasına, tutqunlaşmasına səbəb olur. Bu zaman dəridə səpkilər yaranır, dəridə müdafiə və bərpa sürəti azalır. Belə təsirlərin zərərini azaltmaq üçün biz gün ərzində su qəbulunu artırmalıyıq. Gün ərzində 2, 2.5 litr su qəbul etmək dəriyə faydalıdır. Lakin çaylar, meyvə suları, sulu qidalar bura daxil deyil, söhbət saf, qaynanmamış sudan gedir”.

Kosmetoloq hər gün dekorativ kosmetikadan istifadənin edənlərin üz dərisinə xüsusi qulluq etməsinin vacibliyini qeyd edib: “Əgər gün ərzində qadın dekorativ kosmetikadan istifadə edirsə, bu zaman ilk növbədə dəri tipinə uyğun vasitələr seçilməlidir. Yağlı dəriyə malik qadınlar yağlı tərkibli kosmetik məhsullar seçirsə, bu, dərinin tənəffüsünü çətinləşdirir, odur ki, bu zaman daha yüngül tərkibli kosmetik vasitələrə üstünlük vermək lazımdır. Əksinə, quru dərili xanımlar isə qış mövsümündə dərini soyuq havadan qorumaq üçün yağlı kosmetik vasitələr seçməlidirlər. Ev şəraitində suyun üzə təsirini azaltmaq üçün mütləq tonikdən istifadə olunmalıdır, lakin bu zaman da dəri tipi nəzərə alınmalıdır. Dərini toniklə sildikdən sonra nəmləndirici və qidalandırıcı kremdən istifadə etmək olar. Bu cür kremlərin gecə dəriyə çəkilməsi məsləhətdir, çünki dərinin qidalanması daha çox gecə saatlarında baş verir”.

Gülnar Məmmədli günəş şüalarının dəriyə mənfi təsiri barədə də məlumat verib: “Bizin iqlimdə hətta qış mövsümündə də günəş şüaları ilə dəriyə təsir edir, ona görə də hətta qışda da üzü bu şüalardan qorumaq lazımdır. Qışda dərinin müdafiə qabiliyyəti azaldığından günəş şüalarını bu zaman daha çox özünə çəkə bilər və dəri yaydakından çox zərər görə bilər. Qışda daha aşağı qoruyuculuq qabiliyyəti olan günəş kremlərindən, yayda isə yüksək qoruyucu kremlərdən istifadə lazımdır”.

Əllərə qulluğun vacibliyindən danışan həkim bu barədə qadınlara bır sıra məsləhətlər verib: “Üz dərisindən fərqli olaraq əllər və boyun dərisində yaşlanma əlamətlərini gizlətmək çətindir. Əllərimiz isə daim suyun təsirinə məruz qalır və soyuqda biz əllərimiz qorumuruq, o səbəbdən çatlar əllərin dərisində daha çox yaranır. Ev şəraitində xanımlar ilk olaraq qab yuyucularını seçərkən tərkibində qliserin olmasına diqqət yetirməlidirlər. Su ilə təmasdan sonra əl dərisinə mütləq krem çəkilməlidir. Suyun temperaturu da 37-38 dərəcə olması yaxşı olar, bu zaman əllər nisbətən nəmli qalır. Hər axşam yatmazdan əvvəl əllərə, dirsək nahiyəsinə qulluq vacibdir. Əllərə zeytun yağı, badam yağı çəkmək də faydalıdır. Qışda dəridə A, E, C, F vitaminlərinin çatışmazlığı yaranır. Bu vitaminləri daxilə də qəbul etmək də faydalıdır”.

Gülnar Məmmədli qida rejiminin dəriyə birbaşa təsirindən də danışıb: “Dərimiz bizim qida olaraq nə qəbul etdiyimizin aynasıdır. Nə qədər sağlam qidalansaq, dərimiz də o qədər sağlam görünər. Bəzən pəhrizlərdə yağlardan tamamilə imtina olunur, lakin dərinin bitki yağları ilə yanaşı heyvan mənşəli yağlara ehtiyacı var. Ağartı məhsullarının çox qəbul edilməsi həm saçlara, dırnaqlara, həm də dərimizə daha yaxşı təsir göstərir. Zülal mənşəli qidalardan istifadə də məqsədəuyğundur. Qəhvənin də çox qəbulu dərini qurudur”.

Qonaq qadınların siqaretdən istifadə etməsinin kişilərə nisbətən daha çox zərərli olduğunu deyib: “Təəssüf ki, siqaretin orqanizmə ziyanını azalmaq üçün heç bir vasitə yoxdur, çünki bu, nikotindir və tüstüsü isə ağciyərlər və qan vasitəsilə orqanizmə yayılır. Oksigenlə təminat azdırsa, heç bir sağlam dəridən söhbət gedə bilməz. Siqaretdən istifadə edən qadınlarda dərinin rəngi getdikcə tutqunlaşır, solur, məsamələr çoxalır. Siqaret kişilərə nisbətən qadınlara daha çox təsir edir”.

Müasir dövrdə solyaridən istifadənin artmasının bir çox dəri problemlərinə səbəb olduğunu deyən həkim bu prosedurdan çəkinməyin faydalı olduğunu bildirib: “Son vaxtlar solyariyə müraciət edənlərin sayı artır, xanımlar istəyirlər ki, dərilərinin rəngi qarabuğdayı olsun. Lakin unutmaq olmaz ki, solyaridə tətbiq olunan şüa günəşin zərərli şüası - yəni ultrabənövşəyi şüadır. Buna görə də solyari dərini qurutmaqdan əlavə, dəri xərçənginə hər dəfə bir addım yaxınlaşmaq deməkdir”.

Gülnar Məmmədli yuxu rejiminin dəri üçün vacibliyini də vurğulayıb: “Yuxu rejimi ilə saç, üz dərisi gözəlliyinin birbaşa əlaqəsi var. Dərimiz daha çox yuxu zamanı dincəlir, qidalanır və yenilənir. Bunun üçün normal gündəlik 6-7 saat yuxu vacibdir. Az yatmaq dərinin ac qalması deməkdir. Eyni zamanda yuxunun normal bioloji saatda olması da əhəmiyyətlidir. Gecə yuxusu zamanı dəridə gedən reaksiyalar gündüz yuxusunda olmur. Ona görə də gündüz yuxusu gecə yuxusunu əvəz edə bilməz”.

Həkim ev şəraitində dəriyə qulluqla bağlı da məsləhətlər verib: “Əsas məsləhətim ondan ibarətdir ki, istifadə olunan kosmetik məhsulları dəriyə uyğun seçsinlər. Əgər öz dərilərini tanımırlarsa, mütəxəssisə müraciət edərək məsləhət alsınlar. Qış mövsümündə ən azı həftədə iki dəfə maskalardan istifadə etmək lazımdır. Bu zaman düzgün istifadə qaydası seçilmək şərtilə hazır kosmetik vasitələr və ev şəraitində hazırlanan maskalar faydalıdır. Ev şəraitində zərərsiz hesab olunan qatıq, limon kimi vasitələr də bəzən dəriyə ziyan verə bilər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR