Ağdamdan ən son xəbər (VİDEO)

Ağdamdan ən son xəbər (VİDEO)
20:06 7 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Silahlı Qüvvələri səhər saatlarından etibarən cəbhənin Ağdam istiqamətində üç kəndini atəşə tutub. Kəndlərin atəşə tutulması nəticəsində yerli sakinlər arasında ölən və yaralanan olmasa da, ərazidə yerləşən evlərə ciddi ziyan dəyib.

ANS TV-nin Qarabağ burosunun məlumatına görə, yeni ilin ilk günlərindən başlayaraq erməni silahlı birləşmələri cəbhədə gərginlik yaratmaqda davam edir. Qarşı tərəf heç bir hərbi əhəmiyyətə malik olmayan dinc sakinlərin yaşadığı evləri hədəf alır.

Ağdamın təmas xəttində yerləşən yaşayış məntəqələri bu gün səhər saatarında etibarən qarşı tərəfin gülləbaranına tuş gəlib. Atəş nəticəsində rayonun Orta Qərvənd kəndində onlarla evin dam örtüyü, pəncərələri dağılıb. Ayaq Qərvənd kənd məktəbi qarşı tərəfin mövqelərindən aydın müşahidə olunduğu üçün, təhlükəsizlik baxımından dərslər yarımçıq dayandırılıb. Şagirdlər evlərinə yola salınıb.

Kənd sakini Təzəgül Əliyeva: "Atışma başlayan kimi çölə çıxdım. Elə bu vaxt da pəncərədən içəri daxil olan güllə mənim bir qədər əvvəl oturduğum divana dəydi".

Rayonun Çıraqlı, Mirəşəlli kəndləri də pulemyot və avtomatlardan atəşə məruz qalıb. Mirəşelli kənd sakini Hüseyn Quliyevin avtomobilinin arxa qapısına güllə dəyib. Sürücü deyir ki, xoşbəxtlikdən arxa oturacaqda həmin vaxt heç kim oturmayıb.

Kənd sakini Hüseyn Quliyev: "Tappıltını eşitdim. Dedim ola bilər qonşuda çəpər var, onun dəmirinə dəyər. Heç fikir vermədim. Sakitləşəndə yoldaşlardan biri dedi ki, maşında güllə izləri var”.

Atışma nəticəsində dinc sakinlər arasında ölən və yaralanan olmayıb. Son bir həftə ərzində cəbhədə atışmalar intensivləşsə də, sakinlər kəndləri tərk etmək fikrində deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR