İkili standartların yaratdığı fəsadlar

İkili standartların yaratdığı fəsadlar
22:47 7 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada beynəlxalq münasibətlər sistemində yaranan dərin böhran, ikili standartlar və böyük dövlətlərin kiçik dövlətlər üzərində ziddiyyət təşkil edən maraqları son illər ərzində bir sıra ölkələrin müstəqilliyini ciddi təhdid altına alıb, sosial-iqtisadi vəziyyətini kəskin ağırlaşdırıb və hətta bəzi ölkələri yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qoyub.

Buna bir çox misallar gətirmək olar. Elə götürək son bir neçə ildə ərəb ölkələrində “ərəb baharı”, “ərəb inqilabı” və s. bu kimi adlar altında, guya xalqların öz azadlıqları, demokratiya uğrunda başladıqları “inqilabları”. Bu “inqilablar” nəinki xalqlara azadlıq, demokratiya gətirmədi, əksinə, həmin ölkələri ağır duruma saldı, qarşıdurma, xaosun yaranmasına, hər gün onlarla günahsız insan canı alan terror hadisələrinin baş verməsinə, ölkələrin parçalanmasına, ölkədaxili nəzarətin ayrı-ayrı terror qruplaşmalarının əlinə keçməsinə və nəhayət, həmin ölkələrin sanki bir döyüş poliqonuna çevrilməsinə səbəb oldu. Bir sözlə, bu “inqilablar” həmin ölkələri onilliklər boyu çıxa bilməyəcəkləri faciəvi bir vəziyyətə saldı. Əgər o xalqlar bu “demokratiya”nın, “azadlığ”ın arxasında hansı çirkin maraqların, hansı fəlakətlərin dayandığını bilsəydilər, əsla bu inqilablara getməzdilər.

Onlar özləri də bilmədən böyük güclərin toruna düşdülər. Azadlıq, demokratiya istəyərkən, olan-qalanlarını da itirdilər. Axı həmin xalqlar haradan biləydilər ki, onların arzusunda olduqları azadlıq onlara ölüm, fəlakət gətirəcək? Bu gün İraqda və Suriyada baş verən dəhşətlər sözün həqiqi mənasında bəşəriyyətin faciəsidir.

Bu arada Ukraynada baş verən hadisələri də xatırlamaq yerinə düşərdi. Ukrayna da böyük güclərin güdazına getdi. Şaxtalı qış aylarında dona-dona küçələrdə gecələyən Ukrayna xalqı bundan heç nə qazanmadı, əksinə, ərazi bütövlüyünü, daxili sabitliyini itirdi, iqtisadiyyatı böhran vəziyyətinə düşdü. İndi isə ölkə hələ sonu görünməyən münaqişə zonasına çevrilib.

Dünyada bu kimi hadisələrdən çoxlu sayda misallar gətirmək olar. Ancaq əfsuslar olsun ki, dünyada demokratiyadan, ədalətdən, insan hüquqlarından ağızdolusu danışan dövlətlər, beynəlxalq təşkilatlar bu cür dəhşətlərin qarşısını almaqda aciz qalıblar. Ona görə aciz qalıblar ki, hərə öz marağını güdür, vahid mövqe ortaya qoyub terrorizmlə, separatizmlə mübarizə apara bilmir, heç kim dünyada sülh və sabitlik, günahsız insanların ölümünün qarşısını almaq yolunda öz marağından geri çəkilmir. Artıq bu gün böyük ölkələrin kiçik dövlətlər üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizəsi özünün ən iyrənc həddinə çatıb. Günahsız insanları, uşaqları, qadınları, qocaları öz maraqları uğrunda qırğına vermək adi hala çevrilib.

Bəli, nə qədər ki, böyük dövlətlər bu cür mövqe sərgiləyəcək, nə qədər ki, onlar öz çirkin maraqlarını həyata keçirmək üçün günahsız insanları qırğına verəcək, dünyada terrorizmin kökü kəsilməyəcək, hələ daha dəhşətli terror hadisələrini müşahidə edəcəyik.

Nə yaxşı ki, Azərbaycan böyük güclərin bu cür çirkin əməllərinə qarşı həmişə hazırlıqlı olub, vaxtında lazımi tədbirlər görüb arxasınca fəlakət gətirən “demokratiya”nın Azərbaycana girməsinə imkan verməyib. Prezident İlham Əliyevin apardığı düşünülmüş və müstəqil daxili və xarici siyasət nəticəsində böyük güclərin Azərbaycana təsir etmək arzuları elə arzu olaraq da qalıb. Azərbaycan öz müstəqilliyini daha da gücləndirib, ölkədə daxili sabitlik tam təmin edilib və bunun üçün güclü baza yaradılıb.

Elçin Mehdiyev,
Trend - Azərbaycan xəbərlər xidməti

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR