Bütün dünya bu anı gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp bu gün ilk dəfə görüşəcək. “Ağ ev”də baş tutacaq görüş hazırda dünya mediasının gündəmindədir.

“CNN İnternational” iki dövlət rəhbərinin bu gün görüşəcəyi xəbərini, “Tramp və Ərdoğan Suriya məsələsinə görə görüşür” başlığı ilə verib. Xəbərdə bildirilib ki, Ankara və Vaşinqton arsında fikir ayrılıqları var. Trampın terror qruplaşması PKK-nın Suriyadakı qolu YPG qüvvələrinə silah yardımı etməsi, YPG mövsuzunda müxtəlif pozisiyalarda olan tərəflər arasındakı ziddiyyəti daha da dərinləşdirib.

Ərdoğan ötən həftə verdiyi açıqlamasında YPG-yə silah verilməsini tənqid etmiş və bu ifadəni səsləndirmişdi:

“Bizim görüşümüz vergül deyil, nöqtə məsafəsində olacaq”.

Baş tutacaq görüşlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, ABŞ və Türkiyə müttəfiq ölkələr olsalar da, onların anlaşmadığı bəzi məqamlar var:

“PKK-nın bir qolu olan, Suriyada İŞİD-ə qarşı döyüşən kürd silahlılarının ABŞ tərəfindən müdafiə olunması, onlara silah-sursat verilməsi tərəflər arasındakı münasibətə xeyli zərər verib. Birləşmiş Ştatların mövqeyini Türkiyə tərəfi çox kəskin qarşılayır. Rəsmi Ankara bildirir ki, ABŞ necə ola bilər ki, PKK-nı terror təşkilatı tanıdığı halda, onun başqa bir qanadını sılahlandırır?! Birləşmiş Ştatların bu addımının müvəqqəti olduğu deyilir. Belə fikirlər də var ki, İŞİD-də qarşı müabrizə prosesi başa çatdıqdan sonra, artıq həmin qüvvələrin ABŞ tərəfindən silahlandırılması baş tutmayacaq. Amma bu fikirlər heç bir halda Türkiyəni rahatlada bilməz. Çünki həmin qüvvələrin PKK ilə birbaşa bağlılığı mövcuddur. Onların Suriya ərazisində güclənməsi Türkiyəyə qarşı PKK-nın da mübarizə potensialının güclənməsi anlamına gəlir. Şübhəsiz ki, bu, rəsmi Ankaranı narahat edən məsələdir. İndiki reallıqda iki dövlət arasındakı gərgin münasibətin səbəbi bununla bağlıdır. Digər məsələlərdə ortaq mövqeyə gəlmək, bir-birini müdafiə etmək tendensiyası daha çoxdur.


Ermənistan-Dağlıq Qarabağ münaqişəsi masaya yatırılacaq

Dəfələrlə müşahidə etmişik ki, Türkiyə prezidenti ən mühüm tədbirlərdə dünyanı narahat edən məsələləri müzakirə edərkən, Dağlıq Qarabağ münaqişəsini də hər zaman diqqət mərkəzində saxlayıb. Ümid edirik ki, Türkiyə prezidenti bu məqamdan istifadə edib, Ermənistanın işğalçı siyasəti ilə bağlı məqamları birbaşa ABŞ prezidentinin diqqətinə çatdıracaq. Bu, bizim üçün ən vacib məqamlardan biridir.

Türkiyənin xarici siyasətində fəallıq artıb

Amma bütövlükdə Türkiyədəki prezident seçkilərindən sonra xarici siyasətindəki ənənəvi fəallıq daha da artıb. Nəzərə alsaq ki, bu günlərdə Türkiyə prezidentinin Soçidə Rusiya prezidenti ilə görüşü oldu. Bütün bunlar onu göstərir ki, Türkiyə son dərəcə fəal xarici siyasət həyata keçirir”.

Qeyd edək ki, gecə saatlarında Vaşinqtona çatan Ərdoğanın heyətində ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlüd Çavuşoğlu, energetika və təbbi sərvətlər naziri Bərat Albayraq, iqtisadiyyat naziri Nihat Zeybəkçi və müdafiə naziri Fikri İşıq yer alır. Türk heyəti “Blair House” otelində yerləşdirilib.

Dünyanın diqqətində olacaq görüş Bakı vaxtı ilə saat 21:40-da baş tutacaq. Görüş zamanı Fətullah Gülənin geri qaytarılması, PKK və digər məsələlər müzakirə olunacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR