Bəzi məktəblər müəllimləri işə müsabiqədənkənar qəbul edəcək

Bəzi məktəblər müəllimləri işə müsabiqədənkənar qəbul edəcək
16:27 17 May 2017
343 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bəzi ümumtəhsil müəssisələrinə müəllimlərini işə müsabiqədənkənar qəbul etmək hüququ verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə deyib.

E.Bağırov qeyd edib ki, həmin müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədirlər.

Onun sözlərinə görə, həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar. Seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malik olanlardır: "Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, həmin namizadlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə TN yüksək akademik göstəricilərə malik olan, amma nazirliyin tabeliyində olmayan müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, imtahanda ən yüksək bal toplayanlar olmalıdırlar. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur".

E.Bağırov qeyd edib ki, yeniliklərdən biri də peşə müəssisələrinə qəbulla bağlıdır. Onun sözlərinə görə, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirildi və müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı TN tərəfindən verilirdi: "Bu il isə bir qədər fərqli olacaq. Bu il isə peşə müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq".

E.Bağırov əlavə edib ki, peşə müəssisələrinə qəbul olacaq müəllimlər test imtahanında müvafiq balı toplayan nazmidələr arasından seçiləcək.

Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin işə qəbulu ilə bağlı edilən digər yeniliyə görə, müəllim test imtahanında müvafiq keçid balı toplasa da, amma işlə təmin olunmursa, onun balı bir il qüvvədə də saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq. Həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar: "Ötən il rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Onlardan keçid balını- 36 baldan çox toplayanların nəticəsi qüvvədə saxlanılır. Bu qədər bal toplayanlar bu il imtahan vermədən birbaşa vakant seçimdə iştirak edə biləcək. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Amma keçid balını-36 balı toplayanların sayı ilə bağlı dəqiq məlumat yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR